Austin Patriot hava hücumundan müdafiə sistemlərinə malik ölkələri onları Ukraynaya göndərməyə çağırır
2-05-2024, 10:38
ABŞ-ın Müdafiə naziri Lloyd Austin aprelin 30-da ABŞ-ın tərəfdaşlarına müraciət edərək Patriot hava hücumundan müdafiə sistemlərini Ukraynaya köçürməyə çağırıb. Belə ki, şəhərlərini və infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün Ukrayna dəfələrlə daha çox hava hücumundan müdafiə sistemləri istəyib.
"Patriot sistemləri olan ölkələr var və bizim etdiyimiz həmin ölkələri cəlb etmək üçün onlarla təmaslarımızı davam etdirməkdir. Mən bir neçə ölkənin liderləri ilə danışmışam... son iki həftədə özüm də onları daha çox hərbi imkandan imtina etməyə və ya daha çox hərbi imkanla təmin etməyə təşviq etdim" – deyə, Austin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə bildirib.
Austin ölkələrin adlarını çəkməyib, lakin sistemləri olanlar arasında İspaniya, Yunanıstan, Almaniya, Niderland, Polşa və İsveç var.
Ukrayna prezidenti Volodimir Zelenski keçən həftə NATO üzvlərinə deyib ki, onun ölkəsi Rusiyanın hava hücumlarına qarşı çıxmaq üçün minimum yeddi əlavə Patriot hava hücumundan müdafiə sisteminə ehtiyac duyur.
Austin komitəyə bildirib ki, o, hər həftə Ukraynanın müdafiə naziri Rustem Umerovla danışır və “o, bizim nə etdiyimizi, digər ölkələrlə necə təmasda olduğumuzu, dünya boyu əlavə hərbi imkanlar axtardığımızı yaxşı bilir”.
Bir gün əvvəl Ukraynanın Odesa limanında Rusiyanın raket hücumu nəticəsində azı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Zərbədən bir neçə saat əvvəl Zelenski Qərbi tükənmiş və silahı azalmış Ukrayna qoşunları üçün çox ehtiyac duyulan silahların çatdırılmasını sürətləndirməyə çağırıb.
Zelenski bunu Kyivdə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. O, Ukraynaya az miqdarda silah və sursatın gəlməyə başladığını, lakin faydalı olması üçün çatdırılmaların sürətlənməsinə çağırıb.
"Ordumuza lazimi vaxtda dəstək. Bu gün bu baxımdan hələ ki, müsbət bir şey görmürəm. Təchizat var, onlar yavaş-yavaş başlayıb, lakin bu prosesi sürətləndirmək lazımdır", o deyib.
"Təchizatda operativlik sözün əsl mənasında cəbhə xəttinin sabitləşməsi deməkdir... Biz birlikdə Rusiyanın hücumunu dayandırmalıyıq".
ABŞ prezidenti Co Baydenin keçən həftə uzun müddət gecikdirilmiş 61 milyard dollarlıq hərbi yardım paketini imzalamasından sonra silah axınının olacağı gözlənilir. Bayden bildirib ki, paketə Ukraynanın şəhərlərini və infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri və uzaq mənzilli raket sistemləri daxildir.
Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalına başlamasından bəri üçüncü dəfə Ukrayna paytaxtına səfər edən Stoltenberq etiraf edib ki, "dəstəkdə ciddi gecikmələr döyüş meydanında ciddi nəticələrə gətirib çıxarıb".
"Bir neçə aydır ki, ABŞ paketi razılaşdıra bilmədi və Avropalı müttəfiqlər vəd etdiyimiz miqyasda sursat çatdıra bilmədilər. Ukrayna aylardır silahsız qalıb və döyüş sursatlarını istifadəsinin normallaşdırılmasına məcbur olub... Daha çox dəstək yoldadır".