Əfqanıstanın təlatümlü vilayətində Taliban konvoyuna bomba hücumu olub
9-05-2024, 12:23
Çərşənbə günü Əfqanıstanın şimal-şərqindəki Bədaxşan vilayətində baş verən partlayış nəticəsində Talibanın təhlükəsizlik qüvvələrinin azı 3 əməkdaşı ölüb, 6-sı yaralanıb.
Sakinlər və rayon xəstəxanasının rəsmiləri də daxil olmaqla, bir çox mənbə baş varənləri təsdiqləyib. Onlar bildirdiyinə görə, motosikletə yerləşdirilmiş "əldəqayırma yapışqan partlayıcı qurğu" Talibanın vilayətin paytaxtı Fayizabaddakı hərbi kanvoyunu hədəf alıb.
Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü itkiləri təsdiqləyib və bildirib ki, bomba qeyri-qanuni xaşxaş sahələrini məhv etmək üçün gedən təhlükəsizlik qüvvələrini hədəf alıb. Əbdül Mətin Qani hücumun araşdırıldığını bildirib.
Taliban hakimiyyətinin xaşxaşın məhv edilməsi kampaniyasına qarşı görünməmiş zorakı ictimai etirazların mərkəzi olan Bədaxşandakı partlayışa görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib. İğtişaşlar keçən cümə günü başlayıb və Taliban təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı iki nümayişçi ölüb.
Ölümcül partlayış Talibanın ordu başçısı Fəsihuddin Fitrətin video-müraciətində etiraz edən fermerlərin şikayətlərinə baxdığını və iğtişaşları aradan qaldıracağını deməsindən bir gün sonra baş verib. O, xaşxaşın məhv edilməsi üçün ictimai dəstəyin olmasında israr edib.
Fitrət iki gün əvvəl nümayişçilərin liderləri ilə danışıqlar aparmaq üçün yüksək səlahiyyətli nümayəndə heyətinin rəhbəri kimi Kabildən Feyzabada gedib.
Vilayətə səfərindən əvvəl Taliban ordusunun rəhbəri nümayişlər davam edəcəyi təqdirdə "üsyanı hərbi yolla yatırmaqla" hədələyib. O, hökumətinin Əfqanıstanda xaşxaş becərilməsinin kökünü kəsmək qərarını təkrarlayıb və nə olursa olsun, bu məqsədə nail olacağına söz verib.