ABŞ Ukraynaya hərbi yardım paketi ayırıb
13-05-2024, 16:18
Ağ Ev mayın 10-da Ukraynaya hərbi yardım üçün 400 milyon dollarlıq yeni paket ayırdığını bəyan edib.
Gununsesi.info-nun xəbərinə görə, bu paketə silah və sursatlar, habelə hərbi texnikaya xidmət və Ukrayna hərbçilərinin təlimləri daxildir.Bu paket çərçivəsində Ukraynaya HIMARS artilleriya sistemləri, onlar, habelə Norveç istehsalı NASAMS sistemi üçün raketlər, hava hücumuna qarşı sursatlar və zirehli texnika veriləcək.
Bunların birbaşa ABŞ anbarlarında olan ehtiyatlardan veriləcəyi bildirilir. Qeyd olunur ki, sözü gedən silahlar PDA sistemi ilə göndərilir və deməli prezidentin fərmanından sonra Konqresin razılığı tələb olunmur.Bu artıq prezident Co Bayden aprelin sonunda Ukraynaya 60 milyard dollarlıq yardım barədə qanunu imzalayandan sonra ABŞ-ın Ukraynaya hərbi yardımının üçüncü tranşıdır.
Mayın 10-da bu qərarın qəbul olunduğu vaxtda Ukrayna cəbhəsində vəziyyət ağır olaraq qalırdı.
Rusiya ordusu Xarkov istiqamətində geniş hücuma keçməyə çalışır.Ukrayna tərəfi bildirir ki, cəbhə xəttinin yarılmasına dair xəbərlər həqiqətə uyğun deyil, amma “son dərəcə mürəkkəb” döyüşlər davam edir.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi mayın 10-da deyib:
“Bu mümkündür ki, Rusiya qoşunları qarşıdan gələn həftələrdə bir qədər də irəliləsin, amma biz heç bir böyük yarılma gözləmirik. Bundan sonra, 2024-cü il ərzində ABŞ-dan gələn yardımların davam etməsi Ukraynanın bütün hücumları dəf etməsi ilə nəticələnəcək”.
Mayın 10-da Ukrayna baş qərargahı Rusiya ordusunun Çasov Yar istiqamətində hücumunun dəf edildiyini bildirib.