Dünyada nə qədər jurnalist öldürülüb? – DƏHŞƏTLİ RƏQƏMLƏR

12-08-2015, 22:03           
Dünyada nə qədər jurnalist öldürülüb? – DƏHŞƏTLİ RƏQƏMLƏR
Jurnalistika kənardan cazibədar görünsə də, əslində təhlükə peşədir. Dünyada hər il bir az daha artan jurnalist ölümləri də bunu təsdiqləyir.

Jurnalistlərin Hüquqlarını Qorumaq Üzrə Beynəlxalq Komitə (CPJ) ötən il dünyada ən azı 128 jurnalistin öldürüldüyü xəbərini yaymışdı. CPJ-nin siyahısına görə, 2014-cü ildə jurnalistlər üçün ölüm təhlükəsi saçan ölkələr siyahısına Ukrayna, İraq və Suriya liderlik edirdi. Türk mətbuatına müsahibə verən CPJ vəkili Courtney Radsch bildirmişdi ki, jurnlalist ölümlərinin 60 faizini mafiya, ya da terrorist qruplar kimi qeyri-dövlət aktorları törədir. Və bu cinayətlərin demək olar ki, hamısı cəzasız qalır. Radsch jurnalist ölümlərinin 27 faizinin silahlı hücum, 41 faizinin təhlükəli vəzifələrdən, 32 faizinin isə cinayət nəticəsində gerçəkləşdiyini demişdi.

Öz ölkəsindəki yerli xəbərlərlə məşğul olan jurnalistlərin beynəlxalq jurnalistlərdən daha çox hədəfə çevrildiyini söyləyən vəkil, öldürülən jurnalistlərin 68 faizinin yerli, 32 faizinin beynəlxalq mətbuatdan olduğunu vurğulayıb və buna səbəb kimi də beynəlxalq media quruluşlarının təmin etdiyi mühafizə sisteminin daha güclü olduğunu göstərib.

CPJ-nin 2014-cü il üçün yaydığı siyahıda:

* Ukrayna, Suriya, Əfqanıstan, İraq başda olmaqla Brazilya, Misir, Somali Pakistan, Paraquvay, Meksika, Afrika, Konqo və Libyada jurnalist ölümləri qeydə alınıb.

* Bunların 50 faizi internet, 59 faizi yazılı mətbuat, 36 faizi radio və 64 faizi televiziya jurnalistləri olub.

* 86 faizini kişilər, 14 faizini qadınlar təşkil edib.

* 68 faizi yerli, 32 faizi xarici mətbuatdan olub.

* 27 faizi silahlı hücumda və ya qarşıdurmada, 41 faizi təhlükəli olaylarda və 32 faizi cinayət nəticəsində öldürülüb.

* 9 faizi sərbəst çalışan jurnalistlər idi.

* Şübhəli şəxslərin 71 faizi cinayət təşkilatları, 57 faizi hökumət səlahiyyətliləri, 57 faizi xalq, 43 faizi hərbiçilər, 43 faizi kütləvi hücumlar, 43 faizi qanunsuz silahlı birləşmələr, 43 faizi siyasi qruplar və 43 faizi isə bilinməyən şəxslər olaraq göstərilib.

* 14 faizi qaçırılmış, 43 faizi təhdid edilmiş və 14 faizinə işgəncə verilmişdir.

2015-ci ilin ilk yarısında dünyada artıq 71 jurnalist qətli qeydə alınıb. Yəni, ötən ilə nəzərən 7 faiz çox. Öldürülən jurnalistlər 24 fərqli ölkədən olub. `Press Emblem Campaign` (PEC) təşkilatının yaydığı məlumatda belə deyilir.

Qərbi Avropa və Yaxın Şərqdə 23, Latın Amerikada 17, Avropada 13, Afrika və Asiyada 9 olaraq qeydə alınan jurnalist ölümü siyahısı Fransa və Livyada 8; İraq, Sudan, Yəməndə 6; Meksika və Ukraynada 4; Brazilya Honduras, Guatemala və Flippində 3; Kolumbiya, Hindistan, Pakistan və Suriyada 2; Əfqanıstan, Konqo, Dominik, Gazze, İndoneziya, Kenya, Paraquvay, Polşa, və Somalidə 1 ölü olaraq davam edir.

PEC, Avropada bu qədər yüksək rəqəmin ən son Yuqoslaviyanın parçalanması sırasında yaşandığını xatırladıb.

Həmçinin bildirilir ki, jurnalistlər daha çox vəzifələrini icra edərkən və ya yazdıqları xəbər səbəbilə öldürülüb.

Qeyd edək ki, Komissiya 1992-ci ildən bu yana hər il öldürülən jurnalistlərlə bağlı hesabat hazırlayır. Bu siyahılarda Türkiyənin də adı yer alıb. Ötən il 2 jurnalist ölümü qeydə alınan qardaş ölkədə ümumilikdə isə 1905-ci ildən bu günə təxmini 90 jurnalistin öldürüldüyü gerçəyi var. Aralarında Uğur Mumcu, Abdi İpekçi, Çetin Emeç, Hrant Dink kimi önəmli isimlərin də yer aldığı siyahının ən məyus edici tərəfi isə cinayətlərin əksərən nifrət səbəbi ilə törədilməsidir. 1997-ci ildən etibarən Türkiyədə 6 aprel “Öldürülən Jurnalistlər Günü” olaraq anılır.

Bu siyahılarda Azərbaycanın adı gözə dəyməsə də, CHJ-nin rəsmi saytında öldürülən beş jurnalistimiz haqqında məlumat var. Bunlar Çingiz Mustafayev, Adil Bünyadov, Elmar Hüseynov, Novruzəli Məmmədov və Rafiq Tağıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.