Yeni qanun əlilləri pensiyasız qoyacaq

22-11-2018, 07:43           
Yeni qanun əlilləri pensiyasız qoyacaq
Pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı beş faiz azalıb.

Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək. Qanuna edilən dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar. Məsələ 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentdə səsləndirilib. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayında xeyli artım var. O, bildirib ki, pensiyaçıların tərkibi ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər parlamenti və komitəni daim düşündürür:

“Əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına 5 faizdən çox azalıb. Bütün bunlara baxmayaraq, gələn il üçün nəzərdə tutulan büdcədə pensiyaçıların 30 faizinə qədərinin yenə də əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir. Onu da vurğulamaq yerinə düşərdi ki, qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar. Təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınmasıyla bağlı başqa bir paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb”.

Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır. Məlumat üçün bildirək ki, 2018-ci il dürüstləşmiş dövlət büdcəsinin gəlirləri 22 149,0 milyon manata, xərclər 23 100,0 milyon manat təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə büdcə gəlir və xərcləri üçün 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Müqayisə üçün xatırladaq ki, DSMF-nun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 milyard 578,76 milyon manat məbləğində təsdiq edilmişdi. Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait əsasən əhaliyə pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xərclənir. 2017-ci ilin nəticələrinə görə, Azərbaycanda əlil insanların sayı ümumi əhalinin 6 faizə qədərini təşkil edir. Aydın məsələdir ki, II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olunması pensiyaçıların sayının azalmasına hesablanmış addımdır. Sağlam insanların iş təminatında problemlərin olduğu bir məqamda, II və III qrup əlillərin pensiyaya çıxışının sərtləşdirilməsi gələcəkdə əlil işsizlər ordusu yaradacaq.

Baxmayaraq ki, əlilliyi olan şəxslərin əmək hüququnun həyata keçirilməsi qanunla tənzimlənir, amma günümüzün reallığıdır ki, heç bir işəgötürən əlil şəxsləri işlə təmin etmir. Güman olunur ki, yeni qanunvericiliyin qüvvəyə minməsi sosial narazılıq yaradacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, II və III qrup əlillərin güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olunmasının müsbət və mənfi tərəfləri var: “Azərbaycanda əlilliyin müəyyənləşdirilməsi ilə bağlı mexanizmlərin təkminləşdirilməsinə və şəffaflaşdırılmasına ehtiyac var.

Azərbaycanda təxminən 550 minə yaxın əlil vətəndaş var ki, bunların da təxminən 83-85 faizi II-III qrup əlil hesab olur. Bu günə qədər əlilliyin müəyyənləşdirilməsi ilə bağlı mexanizmlərin şəffaf olmaması, rüşvət və korrupsiya hallarının geniş yayılması nəticəsində qeyd olunan qruplara daxil olan vətəndaşların böyük əksəriyyəti real əllilər deyil. Növbəti dövrlərdə Azərbaycanda real əlilliyin müəyyənləşdirilməsi ilə bağlı mexanizmlərin təkminləşdirilməsilə əlilləri sağlam əhalinin sayına nisbətinin azaldılmasına nail olmaq olar. Əvvəlki qanunvericiliklə Azərbaycanda əlillərin işə qəbulu ilə bağlı məhdudiyyətlər tətbiq olunurdu. Amma daha sonra bu, diskriminasiya olaraq qiymətləndirildi və həmin məhdudiyyət aradan qaldırıldı. Qanunvericilikdə əlillərin işlə təmin edilməsi ilə bağlı müəssisələr qarşısında konkret öhdəliklər qoyulub. Ümumi işçi heyətinin 3 faizi qədər əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi ilə bağlı müəssisə və təşkilatlara kvota müəyyən edilib. Bugünkü praktikada müəssisə və təşkilatların böyük əksəriyyəti qanunun bu tələbini yerinə yetirmirlər. Müxtəlif üsullardan istifadə edərək bu öhdəliklərdən yayınırlar və əlillərin işlə təmin edilməsində maraqlı görünmürlər”.


Ekspert hesab edir ki, qanuna edilən dəyişikliklər qəbul edildiyi təqdirdə, əlillərin pensiya əlçatanlığı aşağı düşəcək: “Əlillərin güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olması sosial indikatorlarda öz əksini tapacaq. Əlillərin pensiyaya çıxış imkanlarının məhdudlaşması, onların maliyyə vəziyyətlərinin daha da çətinləşməsinə səbəb olacaq. Digər tərəfdən, baxmayaraq ki, onların hər hansı kiçik problemləri var, amma bu insanların böyük əksəriyyəti əmək qabiliyyətlidir. Bu şəxslərin müəyyən bir qismi həm işləyir, həm də pensiya hüququndan istifadə edirlər. Son nəticədə bu çatışmazlıqdır, hansısa formada həll edilməsinə ehtiyac var. Çünki onlar həm əmək, həm də pensiya hüququndan istifadə edirlər. Yeni qanunvericilkdə milyonlarla insan da demək olar ki, pensiya hüququndan ümumiyyətlə, istifadə edə bilmir. Problemin kökündə, əsasən, bu dayanır”.

“Əmək bazarı leqallaşsın”

Rəşad Həsənovun qənaətincə, bu günə qədər ortaya qoyulmuş mövqe göstərir ki, hökumət pensiya təminatı sisteminin maliyyələşdirilməsi üzrə xərclərin azaldılması məqsədilə qaydaları sərtləşdirir: “Hökumət pensiyaya çıxış imkanlarını məhdudlaşdırır. Halbuki bunun sadə yolu ondan ibarətdir ki, əmək bazarı leqallaşsın. Azərbaycanda bir pensiya alana 1.2 nəfər sığorta ödəyicisi düşür. Bu, kifayət qədər məhdud bir göstəricidir. Halbuki ölkədə 5 milyona yaxın məşğul əhali var. Pensiya alanların sayı 1.3 milyon nəfərdir. Normalda əmək bazarı leqallaşarsa, bir pensiya ödəyicisi üzrə təxminən 4 nəfər sığorta ödəyicisinin olması lazımdır. Amma əmək bazarı leqallaşdırılmayıb və bu istiqamətdə atılan addımlar da hələlik ciddi effekt vermir. Bu, nöqsanlı yanaşmadır. Doğrudur, həm pensiyanın, həm də əlilliyin təyin edilməsində ciddi problemlər olub. Əlil və pensiyaların əhalin say nisbətinə olan indikatorları çox yüksəkdir. Amma bu problemi vətəndaşın üzərinə yükləmək doğru deyil. Hesab edirəm ki, bu zaman hökumət aidiyyəti mexanizmlərin təkmilləşdirilməsinə, oradakı nöqsanların üzə çıxarılmasına çalışmalıdır, nəinki bu yükü vətəndaşın üzərinə yönəltməyə”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.