Fazil Məmmədov qosqoca dələduzları qoyub, yapışıb yetim jurnalistin yaxasından... - Baş redaktor təhlükədən danışır
8-01-2016, 16:36
"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri, həbsinə saylı günlər qaldığını bildirir. Baş redaktorun GundemXeber.az-a verdiyi məlumatlara görə, artıq proses özünün arzuolunmaz sonluğuna yaxınlaşmaqdadır. "Mənim həbsimə heç bir əsas yoxdur. Çünki, Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428 manat cərimə qərarı, olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır. Bunu onunla izah edirəm ki, hələ bir neçə il bundan əvvəl “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq mənə qarşı, heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmağımla bağlı Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işi qaldırıldı və Gəncə şəhər Kəpəz rayon Məhkəməsində məhkəmə prosesinə də başlanıldı. 20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində, haqqımda üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu. Çıxarılmış qərarla razılaşmayıb, Gəncə Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti etsəm də, Apelliyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı qüvvədə saxladı. Bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə müraciət etməli oldum. 02 sentyabr 2015-ci il tarixdə isə, birinci instansiya məkhəməsinin çıxartdığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlandı. Belə bir qərarların çıxarılması onu söyləməyə əsaslar verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin mənimlə bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi. 20 may 2015-ci il tarixdə barəmdə çıxarılmış iki il şərti cəza müddəti başa çatdıqdan sonra, 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, təkrar Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməyimə dair 152950067 nömrəli cinayət işinə başlanıldı və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə də göndərildi. Hal-hazırda işin araşdırılması Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır. Üzləşdiyim belə bir problemin varlığı ilə bağlı, bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına, ayrı-ayrı dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarının rəhbərlərinə, Ombudsman Aparatının rəhbərinə, bir çox KİV nümayəndələrinə, bəzi televiziya kanallarına və.s, müraciətlər ünvanlamışam. Müraciətlərimi ünvanlamaqda məqsədim, üzləşdiyim problemin araşdırılmasında mənə lazımi köməkdarlıq göstərmələrini, vergidən yayınmadığımı bir daha sənəd-sübutla isbata yetirmək idi. Çox təəssüflə bildirirəm ki, etdiyim müraciətlərdən bir həftədən çox vaxt keçsə də, hələ də problemin araşdırılması ilə bağlı hər hansı addım atılmayıb. Ancaq bu gün (red: dünən) saat 10.00-da Yasamal rayon Məhkəməsində, qondarma vergi cəriməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirildi. Prosesdə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəyi, məhkəmə heyyəti tərfindən diqqətimə də çatdırıldı. Məhkəməyə dəvət olunan Yasamal rayon Məhkəməsi icra şöbəsinin əməkdaşı Pərviz Quliyev də şahid qismində ifadə verdi ki, “bu günədək Şirin Cəfəri ilə aramızda belə bir razılaşma əldə olunmuşdu ki, Ali Məhkəmənin qərarını gözləyək. Yəni, Şirin Cəfərinin məqsədi yuxarı instansiya məhkəməsinin qərarı qüvvədə saxlayacağı təqdirdə, müvafiq addımını atması idi. Mən ona nə vaxt zəng etmişəm, o, vaxtında mənə cavab verib və çıxarılmış vergi cəriməsi ilə bağlı imkan daxilində onu ödəyəcəyini də söyləyib”. Növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə saat 10:00-da keçiriləcəyi və son çıxışların da olacağı elan olundu". Şirin Cəfərinin Vergilər Nazirliyi tərəfindən fantastik rəqəmlərlə, yəni 71.478 manat 16 qəpik məbləğində cərimə olunması, əslində müstəqil mətbuata qarşı təzyiq kimi qiymətləndirilməli və olduqca da pislənməlidir. Axı, əldə olan vergi hesabatları çıxarılmış qərarın sifarişli, həqiqəti əks etdirməyən qərar olduğunu isbat etməyə tam əsaslar verir. Məhkəmə prosesində bütün media nümayəndələrinin iştirakı vacibdir.