Putini Ərdoğanla Qarabağ müzakirəsinə məcbur edən əsas addım
28-07-2020, 18:03
İrəvan təşviş içindədir
“Rusiya bəyan etsə də, etməsə də Qarabağ müharibəsində Rusiya Ermənistanın arxasındadır. Buna görə də Ərdoğanın Putinə zəng edərək Ermənistanla münaqişədə Azərbaycanın yanında olmasını açıq bildirməsi çox önəmli idi”.
İstiPress-ə bu barədə müsahibəsində politoloq Fikrət Sadıqov Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefonla Cənubi Qafqazda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi kontekstində müzakirələrini şərh edərkən bildirib. Onun sözlərinə görə, 11 min türk hərbçinin təlimlərə qatılmaq üçün Naxçıvana gəlməsi də Rusiyaya açıq mesajdır.
Fikrət Sadıqov - Politoloq
“Rusiya Ermənistanda hərbi baza saxlayır, onun İran və Türkiyə ilə sərhədlərini mühafizə edir, üstəlik, bu günlərdə Ermənistanla birlikdə hərbi təlimlərə başlayıblar. Türkiyənin Azərbaycanla birlikdə hərbi təlimə başlaması buna adekvat addım idi və Ankaranın hər zaman Azərbaycanın yanında olacağı mesajı idi”,- deyə Fikrət Sadıqov vurğulayır.
İbrahim Kalın “CNN Türk”də
Türkiyə Prezidenti sözçüsü İbrahim Kalın da “CNN Türk”ə müsahibəsində Ərdoğanın Putinə zəngini şərh edərkən deyib: “Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək”, - deyə İ. Kalın vurğulayıb.
Naxçıvana 11 min Türkiyə hərbçisinin gəlməsi, eyni zamanda bu gün Ərdoğanın Putinlə Azərbaycan - Ermənistan münaqişəsini müzakirə etməsi İrəvanda ciddi qorxu yaradıb. Əhali regionda Türkiyənin də iştirakı ilə böyük müharibə başlayacağından qorxur. Hətta erməni analitik Nairi Ayrumyan “Lragir”də yazır ki, Putin Ərdoğanın telefon zənginə cavab vermək niyyətində olmayıb, sadəcə Türkiyə ordusunun Naxçıvana girməsi ilə Kreml yeni müharibə ocağına sürüklənmək qorxusu altında danışıqlara razılıq verib.
Təbii ki, Türkiyə ilə mümkün müharibədə təklənmək qorxusu Ermənistan əhalisi arasında ciddi narahatlıq yaradıb. Bu, hakim “Mənim Addımım” partiyasının rəhbərliyini ölkə ictimaiyyətinə yönəlik “təsəlli” addımları atmağa vadar edib. “İnanıram ki, Türkiyə bu addımı atmayacaq və heç bir şəkildə münaqişənin tərəfi olmayacaq”,- deyə Parlamentdəki “Mənim Addımım” fraksiyasının rəhbəri Lilit Makunts jurnalistlərə bildirib və əlavə edib: “Türkiyə artıq bir neçə bölgədəki qarşıdurmada tərəfdir. Ona görə düşünmürəm ki, bu mərhələdə Türkiyənin bu münaqişədə iştirakı mümkün olsun”.
Ermənilərə ürək-dirək verənlər həm də iddia edirlər ki, Rusiya Gürcüstanla razılaşdırıb və 300 avtomobillə Rusiyadan hərbi texnika və əsgərlər gələcək. Lakin rəsmi Tiflis bunun yalan məlumat olduğunu açıqlayıb.