“Hökumət bu addımı atsa…” - Anti-böhran TƏKLİFİ
27-01-2016, 20:59
“Yerli mebel, avtomobil istehsalını qorumaq yaxşıdır. Ancaq ölkəni böhrandan bu iki sektor xilas edə bilməyəcək. Böhrandan xilas olmağın əsas şərti emal sənayesini canlandırmaqdır”. Modern.az xəbər verir ki, bu açıqlama ilə “Güzəran" Sosial Araşdırmalar Mərkəzi çıxış edib.
Mərkəz Azərbaycanın hələ də aqrar ölkə olaraq qaldığını, məşğul əhalinin 38 faizinin kənd təsərrüfatı sektorunda çalışdığını xatırladıb:
“Ancaq ölkənin ərzaqla təminatı 65-70 faiz idxaldan asılıdır. Deməli, aqrar potensial var, ancaq bu potensialdan qətiyyən istifadə olunmur. Fermerlər məhsullarını sata bilmirlər. Çünki emal sənayesi "Azərsun", "Gilan" kimi monopolistlərin nəzarətindədir, emal sənayesində birmənalı olaraq nəinki rəqabət mühiti, heç rəqabət elementləri də yoxdur. Monopolistlər əksər hallarda yerli xammaldan imtina edir və ucuz qiymətə xammal idxalına üstünlük verirlər. Nəticədə fermerlərin yetişdirdikləri məhsullar əllərində qalır, bu məhsulların cüzi bir qismi ən yaxşı halda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda satılır. Belə primitiv satış bazarları ilə təbii ki, aqrar sektor inkişaf edə bilməz”.
“Güzəran" Sosial Araşdırmalar Mərkəzi ant-böhran təklifilə çıxış edib:
“Aqrar sektorun dinamik inkişafı və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ən başlıcası isə məşğul probleminin davamlı həlli üşün emal sənayesi liberallaşdırılmalı, bərabər rəqabət mühiti yaradılmalıdır. Yalnız bu halda fermerlər məsullarını emalçılara sərfəli qiymətə sata bilər. Bunun üçün hökumətin maddi dəstəyinə də ehtiyac yoxdur. Emal sənayesi liberallaşdırılsa, yerli iş adamları öz sərmayləri hesabına yaxın 2 il müddətində bu sektora investisiya yatıra bilər. Rusiyada çalışan iş adamlarının sərmayələri bu sektora cəlb edilsə, bu sahədə ciddi canlanma baş verə bilər.
Təbii ki, söhbət heç də emal sənayesində meqaşirkətlərin yaradılmasından getmir. İlkin mərhələdə bazar konyukturuna həssas reaksiya verməyi bacaran çevik kiçik emal müəssisələrinin yaradılmasına şərait yaradılmalıdır. Növbəti mərhələdə isə rəqabət mühitinin özü bu kiçik müəssisələrin fəaliyyətini tənzimləyəcək. Hökumətdən isə yalnız yerli investorların kapitallarının sərbəst hərəkətinə və təhlükəsizliyinə təminat verməlidir. Bundan başqa hökumətdən heç nə tələb edilmir. Hökumət bu addımı atsa, yaxın 2 ildə ölkənin biznes mühiti əhəmiyyətli dərcədə yaxşılaşacaq”.