Seçkidə Paşinyana səs verməklə müharibəyə “yox” deyən böyük çoxluq... - indi də “artsax” separatizminə son qoyulması tərəfdarıdır

30-12-2021, 12:11           
Seçkidə Paşinyana səs verməklə müharibəyə “yox” deyən böyük çoxluq... -
Ermənistan cəmiyyəti keçirilən son növbədənkənar seçkilərdə Nikol Paşinyanı dəstəkləməklə əslində separatizmə, müharibəyə, qan-qadaya son qoyulmasına səs vermiş oldu. İrəvanda yaşayan orta statistik erməni, Gümrüdə olan hansısa biznesmen erməni artıq yorulub, bölgədə savaş, Qarabağ uğrunda mənasız müqavimət istəmir, “miatsum” kimi cəfəng ideyalara daha bel bağlamır və anlayır ki, yeni dövrün tələbi qonşularla sülh, əmin-amanlıq içində yaşamaqdır. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, buna görə kin-küdurəti, nifrəti kənara qoyaraq Türkiyə və Azərbaycanla münasibətləri normal qonşuluq səviyyəsinə qaytarmaq, ticarəti, yolları bərpa etmək lazımdır. Tipik erməni anlayır ki, Qarabağ heç vaxt onun olmayıb və 90-cı illərdə millətçi, daşnak ermənilərin, balayanların, köçəryanların törətdiyi cinayətlər ucbatından 30 ildir hər iki tərəf konflikt yaşayır və Ermənistana bunun hər hansı faydası yoxdur.

O baxımdan seçkidə Paşinyanın qələbəsi müharibəyə “yox” deyilməsi idi və indi rəsmi İrəvan cəmiyyəti addım-addım barışığa hazırlayır. Elə onun son açıqlaması, Qarabağın tək ermənilərə məxsus olmadığını söyləməsi, nə vaxtsa status olacaqsa belə, bunun Azərbaycan Konstitusiyası içində reallaşacağını deməsi göstərdi ki, hazırkı hakimiyyət öz xalqına daha mütərəqqi yol təklif edir: Qarabağsız normal həyat...

Erməni xalqı da 44 günlük zərbədən anladı ki, müharibə daha çox uzansaydı, 3-4 ay davam etsəydi, onda ölkə tam çökərdi, orduya göndərməyə əsgər tapmazdılar. Yəni Paşinyan toplumu xülyadan oyatdı, erməni ordusu haqda mifik düşüncələri darmadağın etdi. Ona görə Ermənistanda yaşayanların əksəriyyətini indi nə “artsax” maraqlandırır, nə Qarabağdakı ermənilərin aqibəti... Sadəcə, bir dəstə ifrat millətçi həşir salıb ki, ikinci “erməni dövləti”ni qorumaq lazımdır, reallıqda ictimai rəy fərqlidir. Ona görə Paşinyanın sözləri separatçı rejimin xoşuna gəlmədi və qondarma respublikanın qarantiyası olmuş Ermənistanın indi onun arxasından çəkilməsi Araik Arutyunyanı möhkəm qəzəbləndirib.

Ancaq erməni cəmiyyəti Araik yox, Nikoldan yana olduğunu nümayiş etdirir. İrəvanda kimsə “artsax” deyə bağırmır. Ermənilər ölkələrini fəlakətə sürükləyən separatçı və revanşist qüvvələrdən tamamilə xilas olmaq istəyir. Seçkidə Sərkisyan-Köçəryan cütlüyünə rədd cavabı verilməsi xalqın ilk mövqeyi idisə, indi də separatçılardan qurtuluş erməni cəmiyyətinin əsas arzularından biridir. Qarabağda yaşayan 30-35 min erməniyə gəlincə, onlara alternativlər təqdim olunub: ya Azərbaycan qanunları ilə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəranda yaşasınlar, ya da gedib Ermənistan vətəndaşı olsunlar. Ermənistan cəmiyyəti də elə bu mövqedədir: bizə “artsax” lazım deyil, ya gəlib İrəvanda yaşasınlar, ya da çoxmillətli Azərbaycanda hamı kimi eyni hüquqlara malik olmaqla başlarını aşağı salıb dolansınlar. Bizim mütəxəssislər necə düşünürlər? Erməni xalqı Nikol, yoxsa Araik deyir?

Teref.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, susqun çoxluq termini var: “Ermənistanda həmin susqun çoxluq Paşinyanı yenə baş nazir seçdi. Ona mesaj verildi ki, Qarabağı unut, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdır! Həmin çoxluq aktiv deyil, biz onları küçələrdə görmürük. Amma müharibə istəmirlər, övladlarını Qarabağda ölümə göndərməyin əleyhinədirlər. Bizim gördüyümüz isə yalnız radikallardır və Azərbaycanda yanlış təsəvvür var ki, ermənilərin hamısı radikaldır, elə deyil. Bax, elə həmin çoxluq Paşinyana ismarış verir ki, Qarabağsız, müharibəsiz həyat istəyir”.

E.Şahinoğlunun fikrincə, radikallar isə separatçılarla birləşiblər: “Bu qüvvələr Paşinyana təzyiqləri artıracaq. Amma Nikol ortaya xoş niyyət qoysa, sülh sazişi bağlasa, ortaq layihələr işə düşəcək və Ermənistan iqtisadi baxımdan nəfəs almağa başlayacaq. O zaman erməni cəmiyyəti də doğru qərar verdiyini anlayacaq. Bu gün Ermənistanın ipləri bizim və Türkiyənin əlindədir, düzgün istifadə etməliyik”. Politoloq hesab edir ki, əvvəllər də ermənilərə “artsax” lazım deyildi: “Müharibədən sonra tam başa düşdülər ki, revanşizm başlasa, yenə başlarını əzəcəyik. Sadəcə, həmin çoxuq açıq şəkildə demir, amma müharibə istəmir. Çünki Qarabağ onların məsələsi deyil. Paşinyan da suyu üfürə-üfürə addım atır. Hazırda üç güc - radikal müxalifət, keçmiş Qarabağ klanı ilə separatçılar və erməni lobbisi Paşinyana qarşı birləşib. O, bu üç güclə mübarizə aparmalıdır. Ona görə Türkiyə və Azərbaycan elə hərəkət etməlidir ki, radikallar Paşinyanı devirə bilməsinlər. Bundan sonra Ermənistan da Gürcüstan kimi regional layihələrdən qazanc əldə edə bilər. Bizə Köçəryan kimi axmaq lazım deyil”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibə erməniləri məhz bugünkü reallığı qəbul etdirməyə yönəlik sülhə məcburetmə əməliyyatı idi: “Prezident İlham Əliyev döyüşlər gedən dövrdə və sonra deyirdi ki, biz Ermənistanı sülhə məcburetmə əməliyyatına başlamışıq. Dövlət başçısı işğaldan azad edilən ərazilərə getməklə həm də erməni cəmiyyətini tanış elədi, onlar gördülər ki, torpaqlar bu vəziyyətə salınıb. Halbuki ”Hayastan" fondu yaradılmışdı, erməni iş adamlarından ianələr toplanırdı, fikir formalaşdırılmışdı ki, “böyük Ermənistan” yaradılır, işğal etdikləri həmin ərazilərimiz də onun tərkib hissəsi idi, həmin vəsaitdən guya Qarabağda quruculuğa istifadə ediləcəkdi. Ancaq məlum oldu ki, keçmiş klan fonda yığılan vəsaitləri mənimsəyib, ərazilərimizi dağıdıblar, mal-materialları qonşulara satıblar, sərvətlərimizi talan ediblər. Məhz bu prosesin məntiqi nəticəsi idi ki, müharibədə uduzmuş ordunun ali baş komandanı Paşinyana xalq seçkidə səs verdi. Erməni cəmiyyəti revanşizmə, separatizmə, müharibəyə “yox” demiş oldu. İndi Paşinyan cəmiyyəti mərhələli şəkildə bu prosesə hazırlayır, adaptasiya dövrüdür. Gizli sənədlərin imzalanması, sonradan ictimaiyyətə açıqlanması da xalqı addım-addım barışığa hazırlamaqdır".

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, rəsmi İrəvan Qarabağdakı ermənilərdən “dövlət” düzəldə bilməyəcəyini anlayır və öncədən məsuliyyəti rusların üzərinə yükləyir: “Oyundan çəkilməklə Bakı və Moskvanın üz-üzə gəlməsinə meydan yaradır. Paşinyan bu gedişlə prosesləri də qabaqlayır: sərhədin delimitasiya və demarkasiyası Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq dövlət sərhədini tanıması, həm də İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir və bu, Azərbaycan sərhədləri daxilindəki erməni qoşunların çıxarılması ilə də nəticələnə bilər. Rəsmi İrəvan oyundankənar vəziyyətə düşməmişdən öncə separatçılarla körpüləri yandırır”.

Ekspertin sözlərinə görə, həmişə Ermənistanı qarantyor kimi qəbul edən erməni əhalinin seçimi qətiləşi: “Bölgəni tərk etmək, yaxud Azərbaycan bayrağı altına keçmək. Sərhədin müəyyən edilməsindən sonra Bakının separatizmə qarşı mübarizə hüququndan daha aktiv istifadə etmək imkanları genişlənir. Mənfi perspektiv budur ki, Moskva ermənilərin tək ”müdafiəçisi" rolunda bölgədə qalma müddətini uzatmaq istəyə, etnik separatizmi yenidən körükləyə, bölgədə Azərbaycanın idarəçiliyinin bərpasını əngəlləyə bilər. Qarabağda “rus icması” ssenarisinin aktivləşdirilməsi bundan xəbər verir. Donbasdan fərqli olaraq Qarabağda “rus icması” ssenarisinin icrası imkanları zəif görünür, bölgədə rusların sayı çox azdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.