"Hesab edirəm ki, bu qış Azərbaycanın icra strukturları, polisi və s. Laçına köçürüləcək..."

23-07-2022, 10:48           
"Hesab edirəm ki, bu qış Azərbaycanın icra strukturları, polisi və s. Laçına köçürüləcək..."
"Münaqişədən əvvəl Laçında və rayonun kəndlərində ermənilər yaşamayıb. Ona görə orada qalan ermənilər hələ Azərbaycan administrasiyasının gəlişindən əvvəl köçürüləcəklər..."

"Azərbaycan Ermənistan tərəfini alternativ marşrut çəkmək öhdəliyini təxirə salmaq bəhanələrindən məhrum etmək üçün daha sürətlə yeni yol çəkib. Laçın dəhlizinin yeni marşrutu üçün Ermənistan ərazisindən Azərbaycanla sərhədə qədər yolun yeddi kilometrlik hissəsinin tikintisi də nəzərdə tutulub. Amma Ermənistan hələ də onun tikintisinə başlamayıb və bu işi hər vasitəsilə ləngidir”.

Moderator.az xəbər verir ki, bu fikirləri politoloq Rasim Musabəyov xarici mediaya açıqlamasında ifadə edib.

Birgə bəyanatın üçüncü ildönümünə kimi Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi, Laçından yan keçən yeni alternativ yolun özünə aid hissəsinin tikintisini başa çatdırmayacağı halda nə baş verəcəyi ilə bağlı suala R.Musabəyov belə cavab verib: “Azərbaycan bundan sonra daha gözləməyəcək."

Onun fikrincə, Azərbaycan tərəfi Gorusdan Laçına qədər mövcud olan yola nəzarəti ələ alacaq və Laçın şəhərinə daxil olacaq.

"Hesab edirəm ki, bu qış Azərbaycanın icra strukturları, polisi və digər inzibati orqanları Laçına köçürüləcək. Laçın şəhərində praktiki olaraq erməni əhalisi qalmayıb - cəmi 50-yə yaxın adam yaşayır. Həmin ermənilər isə faktiki olaraq sülhməramlılara xidmət göstərir, yoldan keçən maşınlar üçün müxtəlif malların satılması ilə məşğul olurlar. Bunlar Laçının yerli sakinləri deyil. Münaqişədən əvvəl Laçında və rayonun kəndlərində ermənilər yaşamayıblar. Ona görə də hazırda Laçında yaşayan ermənilər hələ Azərbaycan administrasiyasının gəlişindən əvvəl köçürüləcəklər. Ümumiyyətlə, Azərbaycan administrasiyasının yerləşdirilməsi ilə bağlı indi də heç bir problem yoxdur. Hərbi, mülki şəxslər və yüklərlə birlikdə Zəngilan və Qubadlıdan gələn Azərbaycan karvanları artıq Laçından Kəlbəcərə və geriyə doğru keçir”, - deyə politoloq sözlərinə davam edib.

Rusiya "sülhməramlı" kontingentinin mümkün reaksiyası barədə suala Musabəyov cavab verib ki, Rusiya sülhməramlıları buna mane olmayacaq.

"Azərbaycanın həyata keçirdiyi bütün hərəkətlər qarantı Rusiya olan Üçtərəfli bəyanatdan irəli gəlir. Yeni yolun çəkilməsi ilə bağlı bütün tikinti işləri məhz Rusiya tərəfi ilə razılaşdırılmaqla aparılır. Rusiya sülhməramlıları tikinti üçün şərait yaradıblar - onlar yük və texnikaları müşayiət ediblər, inşaatçıların yerləşdirilməsi, onların işləməsi üçün şərait yaradıblar ”, - deyə Musabəyov vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.