Politoloq ölkəni gözləyə bilən təhlükədən yazdı: "...hətta Cənubi Qafqazın autsayderinə çevriləcəyik.."

29-08-2023, 09:48           
Politoloq ölkəni gözləyə bilən təhlükədən yazdı:
Son günlər bir neçə nüfuzlu media orqanı, o cümlədən Bloomberg-in yaydığı məlumatlara görə ABŞ İran və Venesuela ilə gizli danışıqlar aparır, hətta ilkin razılaşmalar da əldə edilib. Əsas məsələ həmin ölkələrin neft hasilatını artırmağa icazə vermək, hətta kömək göstərməkdir. ABŞ-da gələn il prezident sekçiləridir, Demokratlar partiyası və baydenin reytinqi xeyli düşüb – orta statistik ABŞ seçicisi üçün səsvermə zamanı ən vacib məqamlardan biri benzinin qiymətidir. Baydenin komandası İran və Venesuelanın ilin sonuna, gələn ilin əvvəlinə qədər bazara əlavə günlük 2,5 mln. barrel neft çıxartmasını istəyir ki, qiymətləri 55-65 koridoruna çəkə bilsinlər, bu isə benzin qiymətlərini 25-30% ucuzlaşması demək olacaq.
Benzinin qiymətinin düşməsi baş verərsə Bayden komandası digər ciddi problemi – inflyasiyanı da nəzarət altına ala bilər, ABŞ-da qiymət artımı seçiciləri narahat edən ciddi məsələlərdən biridir. Yəni, ABŞ bir güllə ilə bir neçə dövşan vurmaq istəyir – benzini ucuzlaşdırmaq, inflyasiyanı azaltmaq və Rusiya neftinin qiymətini yenidən aşağı salmaq. Bu addımlar Demokratların az da olsa seçkilərdə şansını artıra bilər, yoxsa Respublikaşıların qalib gəlmə ehtimalı indi çox yüksəkdir.
Yaxşı, bu haqda niyə danışmaq, yazmaq vacibdir?! Özünüz bilirsiz, amma bir daha deyim – məmləkətimizin “durbadan” asılı iqtisadiyyatı var, neftin indiki qiymətləri ölkənin ticarət balansında müsbət saldonu təmin edir, daxilolmaları artırır, amma neft 55-65 koridoruna yerləşsə məmləkət üçün ciddi problemlər yaranacaq. Valyuta daxilolmaları zatən azalır, çünki hasılat obyektiv səbəblərdən düşür-düşəcək, qiymətlər də ensə, yenə hökumət əl-ayağa düşüb ritorik olaraq “islahat mahnıları” oxumağa başlayacaq.
Hörmətli hökumət, bu konserti bitirin, ölkəyə yaxın illərdə işğaldan azad edilən torpaqlarımızı bərpa etmək üçün əlavə olaraq, azı, 60-70 mlrd. manat pul lazımdı, hər il büdcəni də doldurmaq lazımdır ki, camaat ac qalmasın, çünki əhalinin 40-45%-i birbaşa büdcədən “qidalanır”, yəni, ritorik olaraq deyil də, sistemli islahatlar olmasa 5-8 ildən sonra məmləkətimiz ciddi geriliyəcək, hətta Cənubi Qafqazın autsayderinə çevriləcəyik...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.