130 milyard təzminat əvəzinə Qərbi Azərbaycana qayıdış...

29-08-2023, 16:08           
130 milyard təzminat əvəzinə Qərbi Azərbaycana qayıdış...
Azərbaycan Ermənistandan 130 milyard dollar təzminat tələb edəcək.

Bunu İrəvan Ağsaqqallar Şurasına seçkilərdə “Ana Ermənistan” blokunun siyahısına daxil edilmiş Mesrop Manukyan “Facebook” səhifəsində yazıb. O xatırladıb ki, Azərbaycan ötən illər ərzində Avropanın müxtəlif instansiyalarında Ermənistanı təqribən 130 milyard dollar məbləğində zərər vurmaqda ittiham edərək rəsmi İrəvana qarşı iddialar qaldırıb.

Qeyd edək ki, onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistanın bunu ödəyəcək imkanının olmadığı açıqdır. Lakin ermənilər bunun əvəzində torpaqlarımızı geri qaytara bilərlər. Dünya təcrübəsində belə bir təcrübə var. Bizim də bundan yararlanmağımız gündəmə gələ bilər.

TEREF.AZ-ın məlumatına görə, hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, təzminatın əvəzinə torpaqların qaytarılması çətin məsələdir:

“Əvvəlcə həmin təzminat məhkəmədə təmin olunmalıdır ki, ödənişlə bağlı hansısa danışıqlar başlasın. Amma hanısa ölkənin borc müqabilində torpaq verməsini son illərdə görməmişik. Keçmişdə belə hallar olub, amma indiki dövrdə belə danışıqların getməsi heç müzakirə predtmedi belə ola bilməz.

Hesab edirəm ki, dünyadakı heç bir ölkə borc əvəzinə torpaq verməz. Məsələn, Azərbaycanın Konstitusiyasında yazılıb ki, ölkənin sərhədləri dəyişilə və bu barədə refendum belə keçirilə bilməz. Yəni hansısa hökumət istəsə belə torpaq verə bilməz. Çünki Konstitusiya bunu qadağan edir. Yəqin digər ölkələrin də belə normaları var”.

Həmsöhbətimizin fikrincə, Ermənistan hakimiyyəti buna getməyəcək:

“Nəzərə alın ki, Ermənistan hazırda Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir, amma müxalifət Nikol Paşinyan hökumətini satqınlıqda, xəyanətdə ittiham edirlər. Ona görə də rəsmi İrəvanın borc müqabilində torpaq verməyə razılaşacağı da inandırıcı görünmür. Lakin Ermənistan təzminat əvəzinə vətəndaşlarımızın əvvəllər Qərbi Azərbaycanda yaşadıqları ərazilərə qaytarılması, onların hüquq və azadlıqlarının, eləcə də normal yaşayışlarının təmin olunması üzrə öhdəlik götürə bilər.

Həmçinin, rəsmi İrəvan Qarabağla bağlı iddiaların geri götürə və Azərbaycanın həmin ərazi üzərində tam suverenliyinin tanıya bilər. Düşünürəm ki, bunlar daha inandırıcıdır. Məncə, Ermənistanın təzminat ödəməsinə qərar verilsə, onun müqabilində bu istiqamətlərdə danışıqlar daha real ola bilər. Torpaqların geri qaytarılması ilə bağlı danışıqların baş tutacağına isə inanmıram. Çünki Ermənistanda həmin hakimiyyəti dərhal devirərlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.