Rəsmi Bakı fransalı nazirin Qarabağdakı vəziyyətlə bağlı şərhini qəbuledilməz hesab edir

31-08-2023, 09:34           
Rəsmi Bakı fransalı nazirin Qarabağdakı vəziyyətlə bağlı şərhini qəbuledilməz hesab edir
Rəsmi Bakı Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Qarabağdakı vəziyyətlə bağlı səsləndirdiyi fikirləri qəbuledilməz olduğunu bildirib.

Fransalı nazir avqustun 29-u Parisdə keçirilən səfirlər konfransı zamanı qeyd edib ki, Bakı Qarabağ ermənilərini kütləvi mühacirətə təhrik etmək üçün onlara qarşı sıxışdırılma strategiyasından istifadə edir.

“Biz Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülh üçün şərait yaratmaq, iki ölkə arasında sərhədləri müəyyən etmək və Dağlıq Qarabağ xalqının orada öz hüquqlarını, mədəniyyətini və tarixini qoruyaraq yaşaya bilməsini təmin etmək üçün səfərbər olmuşuq. Ermənilərin Dağlıq Qarabağdan kütləvi mühacirətinə sövq etmək məqsədi daşıyan sıxışdırılma strategiyası Beynəlxalq Ədalət Məhkəməsinin qərar verdiyi kimi qeyri-qanuni, həm də qeyri-əxlaqidir ”, Katrin Kolona çıxışında vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə fransalı nazirin sözlərinə münasibət bildirərək deyib ki, nazir Katrin Kolonanın açıqlamalarının qəbuledilməz olduğunu deyib.

“Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, o cümlədən guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır. Bir daha Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq”, Hacızadə qeyd edib.
Avqustun 29-da Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı regionda vəziyyəti müzakirə edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.

Azərbaycan Prezidenti bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə “Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə” istifadə edilir.

“Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”, İlham Əliyev qeyd edib.

Rəsmi Paris telefon danışığı barədə məlumat yaymayıb. Ermənistan Baş nazirinin ofisinin məlumatında Fransa prezidenti Emmanuel Makronun avqustun 29-da Ermənistanın baş naziri Nikol Paşiyanla telefon danışığı zamanı regiondakı mövcud vəziyyətə toxunulduğu bildirilib.

“Baş nazir Nikol Paşinyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda humanitar böhranın hər gün daha da dərinləşdiyini, onun aradan qaldırılması və həlli istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. Həmsöhbətlər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar”, məlumatda qeyd edilir.

Azərbaycan bu ilin aprel ayında Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Rəsmi Bakı yerli erməni əhalinin və yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi və ya Rusiya sülhməramlılarının müşayiətilə sərhəd buraxılış məntəqəsindən keçidinə şərait yaradıldığını qeyd edib.

İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyulun 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobillərində qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.

Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Azərbaycan tərəfi Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.

Ermənistan Azərbaycanı Laçın yolunu blokadada saxlamaqda ittiham edərək, sərhəd-buraxılışı məntəqəsinin qurulmasının 2020-ci ilin 9 noyabr tarixində imzalanan üçtərəfli bəyanata zidd olduğunu bildirir. Azərbaycan blokada ilə bağlı deyilənləri təkzib edərək, bunu əsassız adlandırır və Laçın sərhəd buraxılış məntəqəsinin Ermənistanın Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etməsi ilə bağlı qurulduğunu bildirir.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkə və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.