“Əvvəlcə Laçın yolu açılsın, sonra Ağdamı müzakirə edək” - David Babayan

31-08-2023, 12:04           
“Əvvəlcə Laçın yolu açılsın, sonra Ağdamı müzakirə edək” - David Babayan
Azəbaycanın Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul etməyi Qarabağ erməniləri ancaq bir şərtlə nəzərdən keçirə bilər, Qarabağdakı separatçı hakimiyyət deyir.

"Biz Laçın dəhlizi normal fəaliyyət göstərməyənə qədər hər hansı humanitar yardım qəbul etməyi mümkün görmürük", tanınmamış Dağlıq Qarabağ Respublikası prezidentinin müşaviri David Babayan BBC Azərbaycancaya deyib və əlavə edib: "Ondan sonra baxarıq".

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulları olan humanitar yardım Ağdam-Xankəndi yolunun təxminən 20 kilometrliyindədir, - BBC Azərbaycancanın hadisə yerində olan müxbirləri xəbər verir.

Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev BBC-yə deyib ki, Ağdam yolu açıldıqdan sonra "24 saat içərisində" Laçın yolu da açılacaq. "Yol nə qədər çox olarsa, hər kəs üçün yaxşı olar, o BBC-yə müsahibəsində deyib.
David Babayan isə bildirib ki, "Ağdam-Stepanaket yolu Laçın koridorunun tam fəaliyyət göstərməsi üçün alternativ və ya ön şərt ola bilməz".

O hesab edir ki, 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya görə, Azərbaycan ən azı 2025-ci ilədək Laçın yolunu açıq saxlamalıdır.
Çərşənbə axşamı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolu vasitəsi ilə Xankəndiyə 40 tonluq humanitar yardım aparmaq üçün Bakıdan yola çıxıb.

Çərşənbə günü Qızıl Aypara Cəmiyyətindən BBC-yə bildiriblər ki, qurum gətirdiyi unun keyfiyyət sertifikatını rus sülhməramlılara təqdim edib və hazırda Xankəndiyə getmək üçün onlardan cavab gözləyir.

Qurumdan BBC-yə verilən məlumata görə, hazırda Qızıl Aypara Cəmiyyəti Rusiya sülhməramlılarından neçə günə cavab alacaqlarını, gətirdikləri unu Xankəndiyə nə vaxt apara biləcəklərini dəqiq bilmir.

Bu səbəbdən ötən gecə Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdıraraq orada gecələyiblər və hazırda da çadırları qurulu vəziyyətdədir.
Ermənilər etiraz edir
"Biz başqa ehtiyacların nələrdən ibarət olduğunu bilmirik. Əgər ehtiyac yaranarsa, digər ərzaq vasitələri də gətirməyə hazırıq", - Azərbaycanın Qızıl Aypara Cəmiyyətindən BBC-yə deyiblər.

Qarabağın bir qrup erməni sakini isə çərşənbə axşamı günü Bakıdan ərzaq almaq təklifinə etiraz etmək üçün Rusiya sülhməramlılarının nəzarət-buraxılış məntəqəsinin qarşısına toplaşıblar, erməni mətbuatı yazır.

Yolu bağlayan "Artsax" sakinləri deyir ki, onlar "qatil dövlətdən heç bir kömək istəmirlər. Bu, onlar üçün qəbuledilməzdir və qırmızı xətdir".

Sakinlər iddia edir ki, Azərbaycanın heç vaxt pasifist planı olmayıb və onun müntəzəm anti-erməni bəyanatları bunun sübutudur.

“Bu yolun açılmasına icazə verilə bilməz, çünki bu, DQ/Artsax xalqının ölümü deməkdir. Əgər azərbaycanlı hətta qondarma humanitar yardım adı altında DQ/Artsaxa girərsə, ona qarşı heç bir reaksiya olmayacaq. Bizim bu yolu açmağa haqqımız yoxdur, bu, bizə ölüm gətirəcək, bunun nəticəsində yavaş-yavaş DQ/Artsaxı tərk edəcəyik”, - aksiya iştirakçılarından biri bildirib.

Ötən gün separatçı hakimiyyətə məxsus “Artsakh press” yazıb ki, Azərbaycanın humanitar yardım göndərməsi Qarabağ erməniləri ilə razılaşdırılmayıb.

Tanınmamış “Dağlıq Qarabağ Prezidentinin mətbuat katibi” Lusine Avanesyan da yerli mediaya bildirib ki, Azərbaycanın bu addımı “mövcud problemləri dərinləşdirməyə yönəlib” onların “həllinə yox”.

Videoya YouTube kanalımızda baxın.

Lusine Avanesyan deyib ki, əgər Azərbaycan “həqiqətən də Artsax xalqının humanitar fəlakətini aradan qaldırmaqda maraqlıdırsa, Laçın dəhlizi ilə təchizatın bərpasını, sadəcə, qadağan etməməlidir".

"Fransa merləri Yerevana gəlir"
Bakıdan yardım göndərilməsilə eyni vaxtda, həm də Fransadan Qarabağ ermənilərinə yardım götürülüb.

Armenpress yazır ki Fransanın paytaxtı Paris və ölkənin bir sıra iri şəhərlərindən "Artsax"a göndərilən humanitar yük avtomobilləri "Artsax"a getmək üçün Yerevandan Kornidzor istiqamətinə hərəkət edib.

Çərşənbə axşamı Qarabağdan olan jurnalist Marut Vanyan X-da (Twitter) yazıb ki, "Paris, Strasburq və Fransanın digər şəhərlərinin merləri Fransadan DQ/Artsax humanitar karvanına rəhbərlik etmək üçün" çərşənbə günü Yerevana gələcəklər.

"Hamı NK-ya yardım gətirir, amma biz hələ də acıq. Tapın görək, Fransa konvoyunun Dağlıq Qarabağa gəlməsini kim istəmir?", Vanyan vurğulayıb.

Ermənistandan bir ay əvvəl göndərilmiş yardım maşınlarının karvanı Azərbaycan-Ermənistan sərhəddindən - Laçın yolu üzərindən buraxılmayıb.

Azərbaycan belə yardımların Ağdam-Xankəndi yolu ilə götürülməsini təklif etsə də, Qarabağ erməniləri bu təklifi hələ ki, rədd edir.

Çərşənbə axşamı günü Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan liderlərinə zəng edərək, Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib.

Rəsmi mənbələrdə yayılmış məlumata görə, Prezident İlham Əliyev telefon söhbəti zamanı Laçın-Xankəndi yolunun açıla biləcəyini istisna etməyib, ancaq öncə Ağdam-Xankəndi yolunun açılmalı olduğunu bildirib.

"Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər", President.az saytındakı xəbərdə deyilir.
Ermənistan mediasının məlumatına görə, ötən gün Qarabağda separatçıların lideri Arayik Harutyunyan tanınmamış parlamentdə "6 saatdan çox çəkmiş müzakirələrdən" sonra bildirib ki, onlar yaranmış vəziyyətlə bağlı bir qərara gələ biməyiblər, amma “çörək problemi həll olunmalıdır”.

Azərbaycan bir ay əvvəl Ermənistandan Qarabağa göndərilən 400 tonluq humanitar yardımın ölkəyə girişinə icazə verməyib.

Qarabağ erməniləri Laçın dəhlizinin bağlı olmasına görə, humanitar böhranla üzləşdiklərini deyir, rəsmi Bakı isə bu iddiaları rədd edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.