Nədir axı bu rus məktəbləri salıbsız insanların boynuna boğursuz milləti?

19-11-2023, 12:04           
Nədir axı bu rus məktəbləri salıbsız insanların boynuna boğursuz milləti?
Dünəndən İstanbul üçün fırtına xəbərdarlığı veriblər.
Şiddətli yağış, sel, qasırğa deyir meteroloji.
Bir bələdiyyəçi də yazır ki, şəhəri Afət* bölgəsi elan edə bilərlər, küçəyə çıxmayın.
Evə çəkilib oturmuşuq.
Qapı-pəncərəni bağlayıb öz “Afət”imiz haqda yazıram…
Ötən axşam bir zəng dəldi Bakıdan.
Tanışımın tanışı idi, adını ilk dəfə eşidirdim.
Təhsillə bağlı, xüsusilə də “Təhsil Ana dilində olmalıdır” adlı silsilə yazılarımı oxuduğu üçün mənə zəng vurmağa qərar verib…
Kimyaçıdır, hazırda işsizdir.
Qızı qırmızı diplomlu, magistr dərəcəli riyaziyyat müəlliməsidir.
Orta məktəbi də, ali məktəbi də Ana dilində oxuyub.
Orta məktəbdə riyaziyyat müəlliməsi işləməyə başlayanda tələbə yoldaşları gülürmüşlər ki, biz banklarda çalışacağıq – maaş çox, stres isə az.
Gənc riyaziyyatçı müəllimliyi seçir…
15 ildir Bakı məktəblərindən birində Azərbyacan bölməsinə riyaziyyatdan sevərək dərs verir.
3 il əvvəl məktəb direktoru onu yanına çağırır ki, bəs, rus sektorunda vəziyyət pisləşir, müəllim çatmır, sənə bir sinif də ordan veririk. Müəllimə etiraz edir, deyir rus dilim mükəmməl deyil, rus dilində terminləri də yaxşı bilmirəm. “Öyrənərsən”,–deyir direktor. – “35-40 uşaq var sinifdə. Rus sektoru neynir riyaziyyatı, 100-150 balla girirlər onsuz universitetə” deyə əlavə edir…
Bir il sonra bir sinif olur iki sinif, sonra isə üç sinif – müəlliməni böyük bir yükün altına salırlar. 25-30 şagirdli Azərbaycan bölməsindən sonra 35-40 nəfərli rus sinifləri onun psixolojisini pozur – özündən razı, farmazon oğlan uşaqları, dərsə forslanmaq üçün gələn ruh kimi qızlar. Gedir direktora deyir ki, boş-boşuna dərsə girirəm, oxuyan yoxdur, adicə bir məchullu tənliyi həll edə bilmirlər. Direktor deyir ki, faciədir, müəllim yoxdur, hətta Azərbaycan bölməsindən bir gənc müəllimi də rus sektoruna cəlb etmişik.
Dişini sıxıb mənasız mübarizəsinə davam edir müəllimə.
Papasının gül balalarına…yox, ruskoyazıçnı balalarına Pifaqordan, Qausun uşaqlıq illərindən danışır, dərsə rəng qatmağa çalışır. Amma çifayda…
Və bir gün xəbər yayılır ki, müəllimlər sertifikasiyadan keçməlidir.
Qırmızı diplomlu bir riyaziyyatçı üçün sertfikat almaq çox asandır.
Ancaq məlum olur ki, sertifikasiya imtahanını rusca verməlidir…
Belə də biabırçılıqmı olar?
Ana dilində təhsil almış birini, özü də kifayət qədər təcrübəli bir müəlliməni xarici dildə imtahana cəlb edirlər…
Bu, cinayətdir;
bu, öz ölkəndə 2-ci dərəcəli insan yerinə qoyulmaqdır;
bu, Anayasanı pozmaqdır…
Yaxşı, rus bölməsinə müəllim tapmırsızsa heç tapmayın. Bəs Ana dilində təhsil alan uşaqları niyə şikəst edirsiz? Siz bu millətə qənimmi kəsilibsiz, nədir bu düşmənçiliyiniz? Niyə gələcəyimizi baltalayırsız? Niyə uşağınızı 40 nəfərlik siniflərə “tıxıb”, sıxışdırıb özünüzü aldadırsınız? Uşaqlarınız 11 il ancaq rusca danışmaq öyrənirlər. Həm də məişət dilini öyrənirlər ancaq – prinesi, otnesi, molçi, zatknis…
“Afət”, yəni fəlakət ondadır ki, sertifikasiya imtahanı 2 etapdan ibarətdir:
1. yazılı (riyaziyyat və kurikulum)
2. şifahi
Müəlliməmiz deyir ki, riyaziyyatı verəcəm, problem deyil. Ancaq kurikulumu bəzən Ana dilimdə belə anlamağa çətinlik çəkirəm, mən onu rusca necə verəcəm?
Yəni, bizim vətənpərvər və idealist müəllimə imtahandan keçə bilməsə sertifikasiya ala bilməyəcək və işdən atılacaq.
Kimə desən gülər bu duruma, bir qədər vicdanlının isə ürəyi ağrıyar, bağrı çatlayar. Siz nə səbəblə ölkənin təhsilini belə rəzili-rüsvay edirsiz?
Siz bu uşaqlara təhsil verirsiz guya?
Torqovıda bivec-bivec gəzib, müftəxorlar ordusu yetişdirmək üçünmü?
Nədir axı bu rus məktəbləri salıbsız insanların boynuna boğursuz milləti?
Niyə?
Nə üçün axı?
Kim cavab verəcək bu suallara?
Afət gəlir İstanbula.
Bəs bizdə necədir vəziyyət?
Rahat yata bilirsizmi, Təhsil nazirliyi?
* [Afət - böyük zərər və dağıntılara səbəb olan təbii fəlakət]
https://t.me/ibrahim_nebioglu
İbrahim Nəbioğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.