ABŞ və Avropadan gələn təzyiqlər Qərbin Azərbaycanı Rusiyanın yanında görməsindən irəli gəlir - ƏRƏSTUN ORUCLU

20-11-2023, 10:08           
ABŞ və Avropadan gələn təzyiqlər Qərbin Azərbaycanı Rusiyanın yanında görməsindən irəli gəlir - ƏRƏSTUN ORUCLU
Dövlət Departamentinin Avropa və Avrasiya üzrə yüksək vəzifəli rəsmisi Ceyms O`Brayenin Konqresin Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağın gələcəyi ilə bağlı keçirilən dinləmələrdəki bəyanatı ABŞ-Azərbaycan münasibətlərində gərginliyə səbəb olub.

Qeyd edək ki, ABŞ rəsmisi bildirib ki, ölkəsi Bakı ilə Yerevan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq.

O, daha sonra konkret addımlar barədə məlumat verib, birincisi, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir. Bundan əlavə, ABŞ tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir.

Bu arada Azərbaycan XİN -də bəyanat yayaraq, ABŞ-ı qınayıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Gununsesi.info-ya müsahibəsində mövcud situasiyanı şərh edib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin bu həddə çatması gözlənilən idi: “Özəlliklə də Azərbaycanın keçirdiyi anti-terror əməliyyatı ərəfəsində və ondan sonra gələn mesajlardan görünürdü ki, Qərb ölkələrində bu əməliyyata görə ciddi narahatlıq yaranıb. Belə münasibətlər də anlaşılandır, çünki Azərbaycanın öz torpaqlarına nəzarəti tam bərpa etməsi az qala bütün qlobal oyunçuların planlarını pozmuş oldu. Məsələ burasındadır ki, az qala bütün konfliktlər böyük güclər üçün öz geosiyasi maraqlarının həyat keçirilməsi baxımından vacib alət kimi nəzərdən keçirilir. Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi də bu mənada istisna deyildi. Xüsusilə də geosiyasi proseslərin indiki həlledici mərhələsində bölgə ilə bağlı geosiyasi planlar həmin reallıq üzərində qurulmuşdu. Amma Azərbaycanın öz ərazisində suverenliyini tam bərpa etməsi bölgədə böyük maraqları olanların həmin planlarını ciddi şəkildə pozmuş oldu. İndi Azərbaycana bütün tərəflərdən olan münasibət də bunun təzahürlərindəndir. Planlar pozulub və indi yeni planlar qurmaq lazımdır, amma problem təkcə bu deyil. Problem həm də baş verənlərin nəticəsində yeni geosiyasi reallığın yaranmasıdır. Buna görə də Azərbaycana bütün tərəflərdən münasibət məzmunca eynidir, sadəcə onlar zahirən bir-birindən fərqlənir: Rusiya hələlik daha “yumşaq” təsir yolunu seçibsə, Qərb isə daha çox açıq təzyiq yolunu tutub. Təzyiqlərin başqa bir səbəbi də Azərbaycanı onların tərəfini tutmağa və həm də gələcək planlarını onlarla razılaşdırmağa vadar etməkdən ibarətdir. Konkret ABŞ və Avropa istiqamətindən gələn təzyiq cəhdlərinin bir səbəbi də Qərbin Azərbaycanı sanki Rusiyanın yanında görməsidir. Bunun da səbəbi Rusiyanın Azərbaycanın son zamanlar atdığı addımlara açıq müqavimət göstərməməsidir. Rusiyanın bunu bilərəkdən etməsi və ya onun bundan artığına gücünün çatmaması isə belə görünür ki, maraqlı deyil”.

Ərəstun Oruclunun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında bağlanmalı olan sülh sazişinin imzalanması həm iki dövlətin maraqları, həm regionda davamlı sülhün təmin olunması, həm də qlobal təhlükəsizliyə təhdidlərin aradan qaldırılması naminə atılması vacib olan ən zəruri addımdır: “Həmin səbəblərdən də istər Azərbaycan, istərsə də Ermənistan sazişlə bağlı pozitiv mesajlar verməkdədir. Bu mövqe hətta son anti-terror əməliyyatından sonra da dəyişmədi. Digər tərəfdən isə həm Moskva, həm Brüssel, həm də Vaşinqton məsələyə müsbət yanaşma ifadə edir. O zaman sual olunur ki, nədən son vaxtlar biz beynəlxalq vasitəçilərin Azərbaycana münasibətində dəyişikliklər görürük? Bunu onunla izah etmək olar ki, sülh danışıqlarının ilk günlərindən vasitəçilik məsələsində Brüssel-Moskva rəqabəti mövcud olub. Həmin rəqabətlə bağlı heç bu gün də nəsə dəyişməyib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.