Qardaşlıq hüququnun bəzi fəsadları

20-11-2023, 10:14           
Qardaşlıq hüququnun bəzi fəsadları
Qardaş Türkiyənin Azərbaycan üçün önəmi təsəvvüredilməz qədər vacibdir, böyükdür. Türkiyə ilə qurduğumuz ittifaq, imzalanan sənədlər, Şuşa Bəyannaməsi ölkəmiz üçün həyati əhəmiyyətlidir. Post-sovet ölkələri arasında Azərbaycan ilk və yeganə (Baltikyani ölkələr xaric) ölkədr ki, NATO üzvü dövlətlə hərbi ittifaq qura bildi, ərazi bütövlüyünün qarşılıqlı qorunması ilə bağlı dövlətlərarası müqavilə imzaladı – faktiki olaraq NATO ölkələri üçün 5-ci maddə nədirsə, Türkiyə-Azərbaycan əlaqələri üçün də Şuşa Bəyannaməsi eyni mahiyyətdədir. Bundan başqa ordularımızın inteqrasiya olunması, Azərbaycan Ordusunun Türkiyə, faktiki olaraq isə NATO standartları ilə yenidən qurulması haqqında qərarlar verilib, artıq bu qərarlar icra da olunur.
Azərbaycan Türkiyədən Qərbə açılıb, bütün infrastruktur və iqtisadi layihələrimiz Türkiyə üzərindəndir. Rəsmi Ankara bu məsələdə də sığortamız, vazkeçilməz tərəfdaşımız və müttəfiqimizdir. Türkiyə Azərbaycandan həm coğrafi, həm siyasi, həm də hərbi olaraq Qərbdədir – bu çox önəmlidir. Amma qardaş ölkənin bizə həyati önəmindən başqa digər təsirləri də var.
Türkiyənin TV kanalları ölkəmizdə dominantdır, məmləkətdə TV auditoriyanın 60-65%-i Türkiyə, 15-20%-i də Rusiya kanallarını daimi izləyir.
Rusiyanı qoydum kənara, rusdilli auditoriyanın böyük əskəriyyəti rus dilini bilməklə yanaşı rusun “dilini” də bilir, yalan və böhtan yağdığını anlayır, amma təsir altına düşənlər, anti-Qərb ritorikasını mütləq həqiqət kimi anlayanlar da olur. Amma daha böyük auditoriya Türkiyə TV kanallarına baxır, oradan isə anti-Qərb ritorikası sadəcə fontan vurur, doğrular miflərə qarışır, bizim millət də buna tamaşa edib təsir altına düşür. Türkiyədə solçular ənənəvi olaraq anti-Qərbdirlər, onlar Qərbi imperialist sayır, amma Rusiyanı yox, qəribə Rusiya sevdası daşıyırlar. Mühafizəkar-sağ da anti-Qərbdir (ritorik olaraq ən azından), amma onların istinadı və arqumentləri başqadır.
Biz sadəcə anlamalıyıq ki, qardaş Türkiyənin ciddi Osmanlı tarixi və keçmiş yoldan asılılıq sindromu var. Bundan başqa rəsmi Ankaranın fraqmental dünyada yeni güc mərkəzlərindən biri olmaq iddiası və potensialı var – ona görə də rəsmi Ankaranın xarici siyasəti daha aqressiv, ritorikası daha kəskindir. Biz sevinməli və çalışmalıyıq ki, dağılan qlobal dünyada fraqmental güc mərkəzlərindən biri qardaş Türkiyə olsun, amma bu o demək deyil ki, Bakı xarici siyasətdə Ankaranın “dili” ilə danışmalı, bütün məsələlərə eyni münasibət göstərməlidir. Toplumumuz da Türkiyədən gələn anti-Qərb ritorikasının səbəblərini anlamağa çalışmalı, onların “əzbərlərini” təkrarlamamalıdır.
Azərbaycanın öz unikal tarixi, öz davranış instinktləri var, ən yaxşı bacardığımız iş “yola verməkdir” (hətta toplum olaraq hökuməti də yola veririk) - tarixən bir neçə imperiyanın içində olduq, amma heç birini içimizə almadıq, yola verdik. İndi də sağqalma strategiyamızın tərkib hissəsi məhz yüksək diplomatik bacarıq olan “yola vermək” siyasəti ola bilər – Rusiya-İran üzərimizə çox gələndə türk kimliyimiz üzə çıxarırıq, Türkiyə çox israrçı olanda şiə kimliyimizi yada salırıq, Qərbdən baxanda Şərqli kimi, Şərqdən, Orta Asiyadan baxanda isə Qərbli kimi görünürük, hətta bizə məhz Qərbli olduğumuz üçün həsəd aparırlar, belə bir unukal sağqalma konsepsiyamız var və bunu qardaş Türkiyə də nəzərə almalı, bəzi xarici siyasət məsələlərində məmləkətimizi arxasına qatmamalıdır.
Mən əminəm ki, Azərbaycanın stareji təhlükəsizliyi məhz Türkiyə ilə İttifaqdan keçir, hətta bölgəmizin təhlükəsizlik qarantı məhz Türkiyə ola bilər. Qardaş ölkə ilə hər sahədə əməkdaşlıq dərinləşməlidir və elə etməliyik ki, qardaşlıq hüququnun nə bizə, nə də Türkiyəyə ziyan gətirən yönləri olmasın...
Natig Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.