“O gündən direktorun mənimlə ədavəti başladı, haqqımda şər-böhtan yayırlar” - QALMAQAL

29-12-2023, 09:19           
“O gündən direktorun mənimlə ədavəti başladı, haqqımda şər-böhtan yayırlar” - QALMAQAL
Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət İrəvan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev ərizə yazaraq işdən çıxıblar. Aktyorların teatrdan çıxmasına səbəb isə teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub. Moderator.az-a açıqlama verən aktyor Fərid Vəliyev bunları bildirib.
“Bildiyiniz kimi hadisələr, teatrımızın baş rejissoru Sərvər Əliyevlə və teatrımızın direktoru İftixar müəllim arasında başladı. Və münasibətlər getdikcə daha da pisləşdi. Ayın neçəsi olduğu yadımdan çıxıb, bizi işə çağırdılar. İşdə bildik ki, Sərvər Əliyevi teatrdan uzaqlaşdırmaq üçün imza toplanır. Mən qol çəkməkdən imtina etdim və dedim ki, bu məsələyə qarışa bilmərəm. Çünki, mən aktyoram. Mənim işim yaradıcılıq və səhnədir. Qol çəkmədim. Və bir daha bildirdim ki, bu işə nazirlik baxmalıdır. Çünki, baş rejissoru teatra təyin edən nazirlikdir. Bu məsələ onlara aiddir. Daha sonra yenə iclas oldu. İclasda deyildi ki, Sərvər müəllim prezidentə məktub yazıb. Və yenidən teatrda imza toplanmalı olduğunu dedilər. Mən yenə öz mövqeyimdə qaldım və qol çəkməyəcəyimi bildirdim. Bu zaman teatrımızın direktoru İftixar müəllim, dedi ki, “kim qol çəkməsə işdən azad olunacaq”. Elə o anda yenə də öz mövqeyimdə qaldığımı və məsələyə qarışmayacağımı bildirdim. Bu zaman İftixar müəllim dedi ki, işdən azadsan. Mən də otaqdan çıxıb evə gəldim. Sabahı gün yenə bizi teatra çağırdılar. Mən çağırılan vaxtdan biraz sonra getdim. Ona görə gec getdim ki, gedim sənətlərimi götürüm. İftixar müəllim gələndə ondan sənədlərimi istədim. Soruşdu ki, nə sənəd? Dedim ki, əmək kitabçası və s. Və bildirdim ki, dünən dediniz ki, imza çəkmədiyim üçün işdən azadam. Bu zaman İftixar müəllim dedi ki, mən elə söz deməmişəm. Bir daha soruşdum ki, axı müəllim dünən siz belə dediniz?! Yenə dedi ki, mən elə bir söz deməmişəm. Və məndə bu zaman öz istəyimlə işdən çıxmaq haqqında ərizə yazdım. Çünki, bu cür qalmaqalın bir parçası olmaq istəmirəm. Ona görə də ərizəmi yazdım. Son olaraq onu demək istəyirəm ki, kaş bu söhbətlərin heç biri olmazdı. Mən Sərvər müəllimi də, İftixar müəllimi də çox istəyirəm. Bir böyük kimi, bir sənət adamı kimi ikisinə də hörmətim var. Amma bu ərizə söhbəti məni bulandırdı” deyə aktyor bildirib.

Öz ərizəsi ilə işdən çıxan digər aktyor Anar Bulud isə bildirib ki, bu qalmaqallar teatrın yaradıcı mühitinə də təsir edib.

“Fəridin dediyi kimi, mən də öz ərizəmi yazıb, işdən ayrılmışam. Səbəb də eynidir, baş rejissor Sərvər Əliyevlə bağlıdır. Bu hadisələr getdikcə böyüdüyü üçün teatrdan çıxdım. Mən aktyoram, qalmaqalda nə işim var? Teatrda yaradıcı mühitdən söhbət belə gedə bilməz. Çünki özünüz də görürsünüz ki, bu qədər qalmaqal var, hansı yaradıcı mühitdən danışa bilərəm?! Bu hadisələr məni çox üzür. Kaş belə olmazdı. Belə bir yerdə qalıb işləmək, mənim psixologiyama təsir edir. Nə vaxt hadisələr öz axarına düşərsə, əvvəlki durumda olarsa, o vaxt da teatra qayıdaram” deyə aktyor bildirib.

Teatrın baş rejissoru Sərvər Əliyev isə saytımıza açıqlamasında hələ işdən çıxmadığını bildirib.

“Fəridlə Anar mənim əleyhimə toplanılan imzadan imtina etdikləri üçün direktor deyib ki, işdən azadsınız. Səbəb isə odur ki, direktorun dediyini etməlisən. Təəssüf ki, o hər zaman rejissorların işinə qarışır. Bunu ondan soruşmaq lazımdır ki, məndən nə istəyir?! Mən Səmərqənd şəhərində onun pyesini tamaşaya hazırlamışdım. Dəvət etdim, gəldi Səmərqəndə, tamaşanın məşqimə baxdı və bəyəndi. Amma “kütləvi səhnəni artırmaq lazımdır” dedi, mən isə onun bu təklifini rədd etdim. Çünki mən artıq 60 gün idi ki, məşq edirdim. Azərbaycan əsəri, ora əlavə paltar, saqqal, bığ lazım olacaqdı, yəni mümkün deyildi. O gündən mənimlə konfliktə başladı. Təəssüf ki, kollektivi mənim əleyhimə qaldırıb. Onlar da haqqımda şər böhtan yazıb Mədəniyyət Nazirinə müraciət ediblər. Bu işlərin arxasında direktor durur. 3 gün öncə yenə kollektivi toplayıb, hamını bir nəfər kimi mənim əleyhimə imza toplamağa məcbur edib. İki gənc aktyor bundan imtina edəndə direktor onlara ərizə yazıb, işdən getməklərini tələb edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirinə, Nazirliyin Maliyyə və İqtisadiyyat, Daxili nəzarət və Audit şöbəsinə müraciət etmişəm. Araşdırma gedir” deyə rejissor bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.