“Ermənistanın bu işdə bir məqsədi var”

2-02-2024, 08:34           
“Ermənistanın bu işdə bir məqsədi var”
Ekspertlər İrəvanın itkin düşmüş şəxslərlə bağlı təklifinə fürsət kimi baxırlar...
Ermənistanın əsir, girov və itkin düşmüş vətəndaşlarla əlaqədar komissiyası Azərbaycanı əsir və
girovların axtarışı istiqamətdə birgə işi gücləndirməyə dəvət edib. Bu barədə ölkənin Milli
Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda bildirilir ki, Ermənistan Baş Nazirliyi və Azərbaycan
Prezident Administrasiyasının 7 dekabr 2023-cü il tarixli birgə bəyanatında qeyd olunan
razılaşmaya əsasən, Ermənistan komissiyası Azərbaycan tərəfini bu istiqamətdə əməkdaşlığı
aktivləşdirməyə dəvət edib.
Ermənistan bu təklifində nə qədər səmimidir? Yoxsa məqsəd Qərbin gözündə özlərini
əməkdaşlığa meyilli, sülhsevər göstərməkdir? Başqa tərəfdən, bu əməkdaşlıq baş tutarsa, sülhü
tezləşdirmək üçün zəmin yarada bilərmi?
“Ermənistanın Azərbaycanı itkin düşənlərin birgə axtarışına dəvət etməsində qeyri-səmimilik
var”.
Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında bildirib.
Ekspert deyir ki, bizim itkin düşənlərin sayı 4 mindən çoxdur. Bu, əsasən də Birinci Qarabağ
müharibəsində olub. Əsir düşənlər isə həm hərbçilər, həm də mülki vətəndaşlardır: “Ermənistan
tərəfi isə deyəcək ki, bu dövrdən xəbərimiz yoxdur, axtarmışıq. Ən yaxşı ehtimal kimi, 1-2
kütləvi məzarlıq tapacaq və sayı da itkin düşənlərin sayı ilə uyğun olmayacaq. Əsasən də
zamanla əlaqələndirib, deyəcəklər ki, onların taleyi ilə bağlı heç nə bilmirik. Ermənilər bizim
zamanında irəli sürdüyümüz 4 min nəfərlə bağlı olan məsələləri qabartmağımızı istəmirlər və
bunu arxa plana atmaq niyyətindədirlər. Özlərinin məsələsi isə yeni məsələdir, onun axtarışını
təşkil etmək istəyirlər”.
İlham İsmayıl sonda əlavə edir ki, sonuncu hücum etməmək haqqında pakt, yəni müqavilə
imzalamaq məsələsində də özlərini sülhə meyilli göstərmək istəyirlər. Azərbaycanın cavablarını
isə əvvəlcədən bildikləri üçün bizi təcavüzkar obrazında qələmə vermək istəyirlər. Bütün məqsəd
isə bundan ibarətdir: beynəlxalq ictimaiyyətə desinlər ki, Azərbaycan bizi ittiham edir, itkin
düşənlərlə bağlı biz bu addımı atırıq, amma Azərbaycan atmır. Məncə, biz buna müsbət cavab
verməliyik ki, gəlin axtarışı birlikdə davam etdirək və bizim 4 min nəfərimizi də tapıb verin. Təklifi
qəbul edirik, amma təklifin səmimiyyətinə inanmırıq.
“Ermənistan xüsusi dövlət orqanlarının kütləvi məzarlıqlarla, eyni zamanda əsir və girovlarla
bağlı verdiyi bəyanatda özlərini humanist tərəf kimi göstərməyə çalışırlar”.
Bu sözləri deputat Arzu Nağıyev saytımıza açıqlamasında bildirib.
Millət vəkili deyir ki, Azərbaycanın əsas tələblərindən biri təxminən 4 minə yaxın azərbaycanlı
əsir və girovların yerlərinin müəyyən edilməsi, onlar haqqında məlumatın verilməsidir. 2020-ci
ilin noyabr sazişində, eyni zamanda sonrakı tələblərdə bəlli olur ki, işğaldan azad olunmuş
ərazilərdə kütləvi məzarlıqların tapılması, müxtəlif insan qalıqlarının aşkar edilməsi və onların
yaxınlarına təhvil verilməsi ermənilərin bəzi məsələlərdə bir çox şeyi gizlətdiyini sübut edir.
Əslində onlar Avropaya özlərini humanist göstərmək üçün bu məsələləri qabadırlar.
“Əslində, Ermənistanın Azərbaycana əsir və girovlarla bağlı çağırışı müsbət addımdır.
Məlumdur ki, çoxsaylı əsir və girovlar haqqında məlumatlar məhz onlarda var və onlar bu
məlumatları təqdim etməlidirlər. Sülh müqaviləsinin imzalanmasından ümumi söhbət getsə
də, ən mühüm şərtlərdən biri məhz əsir girovların verilməsidir. Ən yüksək səviyyədə aparılan
danışıqlarda bu məsələ həmişə Azərbaycan tərəfindən qabardılıb. Hər gün bununla bağlı
məlumatların alınması istiqamətində də addımlar atılır. Ermənilər də mütləq şəkildə bu
prosesə qoşulmalıdırlar”.
Arzu Nağıyev qeyd edir ki, lokal xarakterli anti-terror əməliyyatından sonra həbs edilən
cinayətkarların ifadələrindən bir daha məlum olur ki, kütləvi güllələnmə yerləri, kütləvi
məzarlıqlarda basdırılmalar olub və ermənilər anti-humanist addımlar atıblar. Ona görə də
ermənilər bu hadisələr ilə bağlı bildikləri bütün məlumatı Azərbaycana verməlidirlər.
Əsir, girov və itkin düşmüş şəxslərlə bağlı məsələ hər zaman Azərbaycan üçün prioritet məsələ
olub. Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Ermənistanın bu məsələ ilə bağlı hər cür
əməkdaşlıq təklifindən yayınması, qeyri-konstruktiv mövqe tutması hansısa nəticənin əldə
edilməsinə imkan verməyib. Sonuncu təklifdə nə qədər səmimi və ciddi olduqlarını isə zaman
göstərəcək…
Mədinə Useynova
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.