DTX qondarma “Artsax” rəhbərlərini həbsdən öncə izləyibmi ?
13-03-2024, 08:38
AzTV rəhbəri Rövşən Məmmədov ötən həftənin sonunda efirə gedən, müəllifi olduğu “HƏFTƏ” verilişində maraqlı bir anons verib.
Rövşən bəy 2020 -2023-cü illər arasında DTX tərəfindən Qarabağda aparılan əməliyyatların bəzi məqamlarına həsr olunan, AzTV və DTX-nin birgə hazırladığı “Bir günlük əməliyyat : ANTİTERROR” sənədli filmi haqqında danışıb.
O, hazırda DTX təcridxanasında olan qondarma “Artsax”-ın keçmiş “rəhbəri” Araik Arutunyan və bu qondarma qurumun uzun müddət müdafiə naziri olmuş Lyova Mnasatkanyanın AzTV-yə müsahibə verdiyini açıqlayıb.
Filmdən təqdim olunan bir hissədə isə maraqlı, diqqət çəkən məqamlar var.
DTX həmin müddət arasında qondarma “Artsax”-ın 18-70 yaş arası bütün kişi əhalisinin fərdi məlumatlarının ələ keçirildiyini bildirir.
Filmdə həm də Ermənistan xüsusi xidmətinin qondarma Artsax “rəhbərlərinin” otaqlarında yerləşdirdiyi gizli video müşahidə kameralarına, onların keçirdikləri əməliyyatlara DTX-nın giriş əldə etdiyi vurğulanır.
Burada diqqət çəkən məqam əməliyyatın unikallığı və DTX-nın peşəkarlığı ilə yanaşı, “Artsax” rəhbərlərinin həm də Ermənistan kəşfiyyatı tərəfindən izlənməsidir.
Yəni bizim xüsusi xidmət Ermənistan kəşfiyyatının qurduğu xüsusi izləmə sistemindən istifadə edərək əməliyyat tədbirlərini reallaşdırıb.
Belə görünür ki, Ermənistan hökumətinin də “Artsax” rəhbərlərinə inamı olmayıb.
Filmin efirə gedən hissəsindən belə qənaətə gəlmək olur ki, DTX həbsdən öncə, uzun müddət nəinki Arutunyanı və digər Artsax “rəhbərlərini”, həmçinin bizim xüsusi xidmətin maraq dairəsində olan “Artsax” vətəndaşlarını izləyib.
Və məqam yetişəndə düymə basılıb.
AzTV adı çəkilən filmin 28 mart tarixdə efirə gedəcəyini bildirib.
Osman Gunduz
TEREF