Bahalı və yararsız silahlar: Karapetyan hansı yalanları ifşa etdi? - Ekspert danışır...
23-03-2024, 13:13
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan ölkəsinin Hindistandan aldığı silahlarla bağlı sensasiyalı açıqlama verib. Sabiq nazir “168 jam” qəzetinə müsahibəsində bildirib ki, Hindistandan gələn silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin yararsız vəziyyətdədir.
Keçmiş Müdafiə Nazirliyinin rəhbəri hakimiyyətin hərbi-texniki sahədə siyasətini tənqid edərək, “Mən əlimdə olan məlumatı deyim ki, Hindistandan alınan silahlara bir ildir ki, Ermənistanda təmir və texniki xidmət göstərilmir”.
Karapetyan onu da əlavə edib ki, Rusiya istehsalı olan bir sıra silahlara, məsələn, “İskəndər” və ya “Su-30” qırıcılarına texniki qulluqda çətinliklər yaranıb.
“Ermənistan heç də həmişə öz büdcəsindən silahlara, qulluq xidmətlərinə görə pul ödəmirdi. Çox vaxt bu vəzifəni rusiyalı mütəxəssislər öz üzərinə götürürdülər. Bundan əlavə, əvvəllər Rusiya ilə bu sahədə münasibətlər tamam başqa keyfiyyət və səviyyədə idi”, - deyə sabiq nazir əlavə edib.
Karapetyan Rusiyanın Ermənistana pulsuz olaraq nə qədər silah və texnika verdiyini unutmamağa çağırıb: “Ermənistan o vaxt yalnız zavoddan birbaşa tədarük olunan məhsulları alırdı. Digər hallarda, Rusiya Federasiyası öz arsenallarından köçürürdü. Amma indiki hökumət bütün bunlardan imtina edərək, başqa mənbələrə və başqa tədarüklərə üstünlük verir. Çox vaxt da alınan silahlar bahalı və səmərəsiz olur”.
Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində müdafiə sahəsinə aid müqavilələr bağlayıb. Müqavilələr çərçivəsində haubitsalar, MLRS sistemləri, döyüş sursatları və s. tədarük edilib və ya tədarükü planlaşdırılır.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, bununla Karapetyan əvvəlki hökumətin və indiki hökumətin yalanlarını ifşa edir. Ekspert AYNA-ya bildirib ki, Azərbaycan qeyri-rəsmi və rəsmi şəkildə bildirirdi, beynəlxalq aləmə səslənirdi ki, Rusiya Ermənistanı silahlandırır, pulsuz silah tədarükü edir, amma İrəvan təkzib edirdi: “Karapetyan isə bu yalanları ortaya çıxardı. Nəzərə almaq lazımdır ki, bunu deyən adam sıradan bir şəxs deyil, vaxtilə Ermənistanın müdafiə naziri olub. Bununla nazir Rusiyanın da Cənubi Qafqaz və Azərbaycanla bağlı əvvəlki siyasətini ifşa etmiş oldu. İndi Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı siyasətində dəyişiklik edib, Moskva da buna görə İrəvana qəzəblidir. Görünür ki, pulsuz silah ala bilməmək ermənilər arasında narazılıq və narahatlıq yaradıb”.
“Qaldı ki, Hindistandan alınan silahların yararsız olmasına, ola bilsin ki, Karapetyan həqiqəti deyir. Təbii ki, silah-sursata texniki qulluqda çətinlikləri ola bilər. Ümumiyyətlə, bu silahlar yararsız da ola bilər. Amma Karapetyan iz də azdıra bilər. Məlumdur ki, Hindistanın və Fransanın Ermənistanı silahlandırmasına Azərbaycan etiraz edir. Karapetyanın dili ilə Ermənistan hökuməti bu silahların yararsız olması görüntüsünü də yarada bilər. Yəni bunun da bir erməni oyunu olması mümkündür. Ermənilər elə bir xislətə malikdirlər ki, onların başının altından hər fırıldaq çıxa bilər”, - politoloq vurğulayıb.
Bununla yanaşı, Q.Hüseynli qeyd edib ki, Ermənistana silah tədarükünün özü qanunsuzdur: “İstər keyfiyyətli, istərsə də keyfiyyətsiz silahlar olsun, bunu Ermənistana tədarük etmək düzgün deyil. Ermənistanı silahlandıran qüvvələr anlamalıdırlar ki, bu ölkə 30 il müddətində işğalçılıq siyasəti həyata keçirib. Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədi, 44 gündə dizləri yerə gəldi. Canlı qüvvəsi ilə yanaşı, silah-sursat baxımından da tükəndilər. İndi yenidən Ermənistanı silahlandırmaq Cənubi Qafqazda sülhə qarşı olmaq, müharibənin alovlanmasında maraqlı tərəf kimi çıxış etməkdir. Görünür ki, Fransa və Hindistan regionda sülhə qarşıdır, işğalçılıq siyasətinə dəstək verən tərəflərdir”.