Moskvadan “yumşaq güc” nümayişi - İrəvan üçün sürpriz Qarabağ ssenarisi

23-08-2017, 10:09           
Moskvadan “yumşaq güc” nümayişi - İrəvan üçün sürpriz Qarabağ ssenarisi
İşğalçının Qərb şıltaqlıqlarına Kremldən ilginc reaksiya;Rusiya xüsusi təyinatlılarının Ermənistanda ermənilərsiz keçirdiyi təlimlərlə düşmənə verilən incə mesaj; “Avropa Birliyi ilə sənəd imzalamağa gedirik” söyləyən baş nazir Karapetyan nədən nəticəyə əmin deyil?..

İşğalçı Ermənistanın Rusiya ilə münasibətlər tarixində daha bir kritik nöqtə yaxınlaşır. Söhbət bu ilin noyabrında İrəvanın Avropa Birliyi ilə (AB) çərçivə sazişi imzalamağa hazırlaşmasıdır.

Xəbər verdiyimiz kimi, imzalanacaq sənəd layihəsi artıq hazırdır. Lakin onun məzmunu hələlik tam açıqlanmır. Ola bilsin ki, bu da bəribaşdan Rusiyanı - Ermənistanın əsas siyasi-hərbi və iqtisadi sponsorunu qıcıqlandırmamaq üçün edilir.


*****


Söhbət əslində heç məzmundan da getmir. İş ondadır ki, Türkiyə kimi bir regional supergüc, NATO üzvü olan dövlət son vaxtlar Rusiya ilə bütün sahələr üzrə ciddi yaxınlaşma prosesi içindədirsə, hətta Ankara Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşulmaq meyli göstərirsə, satellit Ermənistan əksinə, Qərbə, onun strukturlarına reveranslar eləmək, NATO təlimlərinə qatılmaq, AB ilə saziş imzalamaq tövrü sərgiləyir, necə deyərlər, xarici siyasətdə “iki stul”da əyləşmək əzmi nümayiş etdirir.


“Noyabrda biz AB ilə sənədi imzalamağa gedirik”. Musavat.com-un məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Karen Karapetyan dünən İrəvanda jurnalistlərin mövzuya aid verdiyi və cəmiyyəti narahat edən sualı cavablandırarkən deyib. Lakin Karapetyan “o zaman 2013-cü il ssenarisi təkrarlanmaz ki” sualını cavabsız buraxıb.


Bu da müxtəlif şərhlərə yol açıb. Onlardan biri də belədir ki, rəsmi İrəvan bu məsələdə özünə göründüyündən fərqli olaraq, elə də arxayın deyil - hərçənd erməni rəsmiləri son sənəd layihəsinin Rusiya ilə əlaqələrə neqativ təsir etməyəcəyini bəyan eləməkdən yorulmurlar.


*****


Yada salaq ki, 2013-cü ildə də Ermənistan AB ilə indikindən elə də fərqlənməyən saziş layihəsini imzalamağa hazırlaşırdı. Lakin imzalanma ərəfəsində Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sərkisyanı Moskvaya çağıraraq, onu bu sənəddən imtinaya vadar elədi. Sərkisyan müvafiq bəyanat verdi və üstəlik, Kremlin geosiyasi layihələri olan Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına Ermənistanın qoşulduğunu bildirdi.


Məlumatlara görə, o zaman Putin Sərkşsyanı Qarabağla - “Xankəndinə istiqamətlənmiş Azərbaycan tankları” ilə də qorxudub, ona hətta Azərbaycan Silahlı Qüvvələrinin yürüş planlını göstərib. Erməni isteblişmentində nə qədər özünə arxayınlıq olsa belə, İrəvan yaxın keçmişdəki bu mühüm detalı unuda bilməz. Üstəlik, 2013-cü ildə Rusiya-Qərb (ABŞ) münasibətləri indiki qədər gərgin deyildi, çünki Krım böhranı yox idi.

Demək, hazırda Moskva öz dost-müttəfiqlərinin hərəkətlərinə qarşı qat-qat həssasdır. Bunu Ermənistan hərbçilərinin NATO hərbi təlimlərində iştirakına Moskvanın rəsmi səviyyədə olmasa da, Kremlə yaxın tanınmış analitiklər səviyyəsində neqativ reaksiyası bir daha təsdiqlədi.


*****


Əslinə qalsa, rəsmi reaksiya da artıq gəlməyə başlayıb. Özü də hərbi xarakterli. Məsələn, dünən Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) hərbi bazasının kəşfiyyat bölmələrinin hərbçiləri - xüsusi təyinatlılar ilk dəfə olaraq gücləri şərti düşmənin arxasına keçirmək üzrə təlimlərə başlayıb. Özü də təlimlər erməni hərbçiləri ilə birgə keçirilmir.
CHD-nin mətbuat xidmətinə istinadən verilən məlumatda deyilir ki, təlimlərə “Mi-24P” hücum vertolyotu və “Mi-8Mt” ordu aviasiyasının hərbi-nəqliyyat vertolyotu, eləcə də Rusiyanın Cənubi Qafqazdakı hərbi birləşməsinin pilotsuz uçan aparatları cəlb edilib. Qeyd olunur ki, hazırlıq zamanı xüsusi təyinatlılar dəniz səviyyəsindən 2 min metrdən çox yüksəklikdə yerləşən “Kamhud” və “Alagöz” yüksək dağlıq poliqonlarında təlimatçıların vasitəsilə təcrübədə şərti düşmənin arxasına desant keçirmək üzərində məşq edirlər. Həmçinin təlim zamanı vertolyotçularla xüsusi təyinatlılar qrupların şərti düşmən xətlərinin arxasına standart çıxışı üzərində çalışır, şərti düşmənin aşkar edilməsi məqsədilə kəşfiyyat-axtarış tapşırıqlarını yerinə yetirir.

İlk baxışda elə böyük miqyaslı təlim deyil. Lakin onun Ermənistan ərazisində və ermənilərsiz keçirilməsi, üstəlik, təzəcə NATO təlimlərinə qatılmış erməni hərbçilərinin evə qayıdışından az sonraya təsadüf eləməsi səbəbindən onu İrəvana incə bir çatdırış da saymaq mümkündür. Yəni Rusiya belə bir “yumşaq güc” nümayişi taktikası ilə anlatmaq istəyir ki, “cənab haylar, Rusiya, onun ordusu sizin içinizdədir, ağlınızı başınıza yığın, özünüzü də yaxşı aparın”. Moskva İrəvana qarşı sürpriz Qarabağ ssenarisini də işə sala bilər.


*****


Ancaq erməni erməni olmazdı, əgər gözü öz sahibindən başqa orda-burda qalmasaydı. Doğru, ermənilər iki əsrdir ki, Moskvanın bölgədəki sadiq maşası rolunu oynayırlar. Ancaq bu rol da günün birində lazım olmayacaq. Çünki Rusiya bölgədən çəkilib getməli olacaq. Bunu ermənilər də anlayır. Moskvanın Qərblə, Amerika ilə kritik vəziyyət alan münasibətləri fonunda işğalçının axır vaxtlar tez-tez ora-bura vurnuxmasının, Avropa Birliyinə, NATO-ya doğru “cığırlar” axtarmasının qayəsində məhz bu imperativ dayanır.

musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.