Hərbi ekspert cəbhədən qeyri-dəqiq xəbər yayanlara səsləndi: - “Özümüzə zərbə vururuq”
25-07-2015, 22:48
“Deyəsən ötən ilin avqustunda olan və cəbhə xətti ilə bağlı vəziyyət təkrarlanır axı. Ötən gecədən başlayaraq kimlərsə sosial şəbəkələrdə, bəzi sayt və qəzetlərdə yazır ki, Gədəbəy istiqamətində “aktiv müharibə”yə başlayıb və “uğurlar”ımız da var artıq. Haranısa yenə “almışıq””.
Modern.az saytı xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov yayılan dezinformasiyalara yönəlik kinayə ilə bildirib.
O, bu haqda mətbuatda məlumat yayanlara sərt iradlarını bildirib: “Şəxsən mənə çox maraqlıdır ki, iyulun 26-da “Gülüstan” sarayında Milli Mətbuat günü ilə əlaqədar sinələrinə “Əməkdar jurnalist”, “Tərəqqi” medalı taxılan “media kapitanları”, nə bilim daha kimlər nə tez unutdular ki, belə tipli vacib məlumatları axı onlar Müdafiə Nazirliyinə istinadən verməyə razılaşmışdılar? Ötən il Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehtiyevin yanında dil-dil ötən, əslində dezinformasiyaları yayan sayt rəhbərlərinin “barıtı” elə bura qədərmiş?
Hələ aktiv döyüş əməliyyatları başlamayıb, bu qədər naşılıq və xaotiklik yenə baş alıb gedir. Ay “tanklar cəbhədə ora aparıldı, toplar belə getdi” tipli məlumatlar yenə aləmi başına götürüb. Harda qaldı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin operativliyi? Yenə ötən ildəki naşılıq və kobud səvlər təkrarlanacaq?
Suallar çox, cavablar isə təəssüflər olsun ki, hələ ki, yoxdur. Bu vəziyyətdə mənə ən çox təsir edən isə məxfiliyi qorumağa borclu olan müvafiq qurumların, xüsusən də mətbuatımızın yenə özünü çaşqın vəziyyətdə aparmasıdır.
Ölkə başçısı MN-nə, Mətbuat Şurasına, MTRŞ-ə və digər qurumlara müvafiq tapşırıqlar vermişdi. Bəs nə oldu? Gecə saatlarında baxıram Ermənistan saytları bizim “əməkdar jurnalistlərin” “məhsullarını” - dezinformasiyaları geninə-boluna “Azərbaycan mətbuatının yazdığına görə” kimi istinadla yayırdılar. Yəqin ki, səsi yaxın saatlarda çıxacaq.
İncimək lazım deyil, cənab media kapitanları. Siz müharibə şəraitində işləməyi nə özünüz bacarırsınız, nə də bu işi öyrənməyə heç cür həvəsli görünməyən bəzi əməkdaşlarınız. Sizin ötən il MN-nin rəsmiləri ilə - nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevlə keçirtdiyiniz görüşlər də heç bir real nəticəsi olmadı”.
Ü.Cəfərov Azərbaycan mətbuatının yaydığı dezinformasiyanın maneə ola biləcəyini iddia edib: “Necə deyərlər, utanmaqdan keçib. Mən bir peşəkar hərbi-siyası jurnalist olaraq demək istəyirəm ki, belə getsə, bizim mətbuat özümüz-özümüzə böyük maneə olacaq. Biz səhvlərimizdən nəticə çıxartmaq deyil, səhvlərimizi daha da əcaib formada təkrarlamaqda davam edirik. Zərbəsi isə hamımıza bir yerdə dəyir.
Ən sonda. Torpaqları işğal altında qalan dövlətin düşmənlə üzbəüz dayanan əsgəri, zabiti namərd gülləsinə hər an tuş gələ bilər. Necə ki, gəlir. Ona görə də, bir az diqqətli və hazırlıqlı olmağımız gərəkdir.
Tanrı Azərbaycanımızı, onun yeganə güvən yeri olan Silahlı Qüvvələrimizi qorusun!!!”.
P.S teref.az olaraq üstümüzə götürdüyümüz öhdəliyimizə riayət etdik və edirik. Üzeyir bəylə tam razıyam ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin fəaliyyəti demək olar ki, gözə görünmür. Və Üzeyir bəy hər halda mətbuatı tanıyan bir adam kimi hansı saytların hansı məlumatı yaydığına diqqət yetirsə və təhlil etsəydi yaxşı olardı!