“GünayBank”ın İdarə Heyətinin sədrinin bankı təmizə çıxardmaq cəhdi;“Emin Zeynalov bizdə işləyib, amma biz məsuliyyət daşımırıq”

7-07-2018, 16:55           
“GünayBank”ın İdarə Heyətinin sədrinin bankı təmizə çıxardmaq cəhdi;“Emin Zeynalov bizdə işləyib, amma biz məsuliyyət daşımırıq”
“GünayBank”da baş vermiş irimiqyaslı oğurluq halları ilə bağlı bu bankın İdarə Heyətinin sədri Zaur Əhmədov virtualaz.org-a müraciət edərək, naməlum mənbələrdən deyil, həqiqi məlumatların verilməsi təşəbbüsü ilə çıxış edib. “GünayBank”ın İdarə Heyəti sədrinin nikbinliyinə baxmayaraq, onun bank fəaliyyətinin prinsipləri haqqında ümumi ifadələri və yaraşıqlı şüarları çətin ki, baş vermiş fırıldaq halları barədə yazılanların əsassız olmasını sübut edə bilsin və ümumiyyətlə, ictimaiyyətə nəyisə aydınlaşdırsın.

Saytımızın hər zaman müxtəlif mövqelərə yer ayırması prinsipinə müvafiq olaraq, biz Zaur müəllimə imkan yaratdıq ki, məsələ ilə bağlı öz mövqeyini bildirsin.

Z.Əhmədovun sözlərinə görə, “GünayBank” öz fəaliyyətində həmişə şəffaflıq prinsipinə riayət edib. “Kiməsə və ya nəyəsə qarşı irəli sürülən ittiham rəsmi mənbəyə söykənməlidir. Bizim bankımız haqqında bu cür məqalələr və məlumatlar əsassızdır, çünki rəsmi olaraq heç kim tərəfindən təsdiqlənməyib”, - İdarə Heyətinin sədri deyib.

Onun fikrincə, KİV-lərin bank əmanətçilərinin pullarının ofşor hesablara yönləndirilməsi və depozitlərin mənimnsənilməsi barədə barədə yazdıqları şayiədir. “Bircə əmanətçini misal göstərin ki, ilk tələbi ilə əmanəti üzrə pullarını ala bilməsin”, - Zaur Əhmədov qeyd edib.

“Necə olub ki, Emin Zeynalov bankdan 100 milyon manat kimi nəhəng məbləği oğurlaya bilib?” sualımıza cavab olaraq İdarə Heyətinin sədri bildirib ki, bu məlumat əsassızdır. “GünayBank” ASC olaraq biz onun maliyyə çətinliklərinə görə məsuliyyət daşımırıq. Lakin məhz bu mənfi hallara görə onun işdən azad edilməsi haqqında qərar çıxarılıb. Digər qurumlarda olduğu kimi, bank öz işçilərinin fəaliyyətini yalnız iş vaxtı nəzarətdə saxlayır, şəxsi həyatlarına qarışmır”, - Z.Əhmədov deyib.

Bankın adının dəfələrlə ofşor qalmaqallarında hallanması barədə sualımıza isə İdarə Heyətinin sədri cavab verib ki, “GünayBank”da “çirkli pullar”la hər hansı sövdələşmə yolverilməzdir. “Bir daha bəyan edirəm ki, yarandığı andan etibarən bankımız heç vaxt şübhəli əməliyyatlarda iştirak etməyib”, - bankir söyləyib.

Emin Zeynalovun işi ilə bağlı istintaqın gedişi barədə danışan Z.Əhmədov bildirib ki, həmin şəxsin törətdikləri “onun keçmiş iş yeri ilə əlaqədar deyil” və bu barədə müvafiq orqanlara müraciət etmək lazımdır.

Sonda mövqeyinin dərci ilə bağlı müraciətini qəbul etdiyimiz üçün “GünayBank”ın İdarə Heyətinin sədri Zaur Əhmədov virtualaz.org-a minnətdarlığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.