Ermənipərəst müəllim 6 nəfəri məhkəməyə verdi – 60 min təzminat tələbi – FOTOLAR

9-07-2018, 21:31           

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıya qarşı Binəqədi Rayon Məhkəməsində iş açılıb.
Turkustan.info bildirir ki, bu barədə Teleqraf.com-a A.Nağı məlumat verib. O qeyd edib ki, bu barədə həmin məhkəmənin hakimi Şeyda Məmmədovanın imzası ilə göndərilən bildiriş vərəqəsində məlumat verilib:
“İş üzrə hazırlıq iclasının 2018-ci il iyulun 16-da saat 09:20-də başlayacağı bildirilib. Bildiriş vərəqinə əlavə olunan sənəddən məlum olur ki, mən, Müharibə Veteranları Qadınlarına Sosial Yardım Birliyinin rəhbəri Radə Abbas, QAT üzvləri Fəridə Əsgərova, Rəhman Cəfərov, Maisə Əsədullayeva, Murad Məhərrəmli və digərləri guya Nizami rayonu 220 saylı məktəbin müəllimi Rövşən Əzizovun işdən çıxarılmasına səbəb olmuşuq. Əslində isə QAT və digər ictimai təşkilatların, həmçinin bəzi mətbuat orqanların nümayəndələri ötən ilin dekabr ayında adı çəkilən Rövşən Əzizovun ermənipərəst təbliğatla məşğul olduğunu cəmiyyətin diqqətinə çatdırıb, onu bu yoldan geri çəkilməyə çağırıb, eyni zamanda Təhsil Nazirliyinin, 220 saylı məktəbinin rəhbərliyinin diqqətini bu məsələyə cəlb edib, araşdırma aparılmasını xahiş etmişik”.
QAT sədri daha sonra deyib:
“Bu məsələ ilə bağlı məhkəmə işinin başlanılmasını anlaşılmazlıq hesab edirik. Çox qəribədir, bir azdan yəqin erməniyə qarşı söz dediyimizə görə bizi güllələyəcəklər. Ermənistanda oxşar məhkəmə prosesini təsəvvür edə bilərsinizmi? Tutaq ki, hansısa bir ağlı çaşmış ünsür bizi götürüb məhkəməyə verir, bəs, bu məhkəmə niyə bizə qarşı iş açır. Ali Məhkəmənin sədrindən xahiş edirik ki, bu məsələni nəzarətə götürsün”.
Qeyd edək ki, 220 saylı məktəbin ingilis dili müəllimi Rövşən Əzizov ötən ilin dekabrında Ermənistanla Azərbaycan arasında dostluq və sülh tərəfdarı kimi xüsusi videolar hazırlamaqla gündəmə gəlmişdi. O, Azərbaycanla Ermənistan arasında sülh tərəfdarı olmasını dərs dediyi uşaqlar arasında təbliğ edirdi. R.Əzizovun son addımı – azərbaycanlı şagirdə erməni milli paltarı geyindirərək, Bakıdakı erməni kilsəsinin önündən foto paylaşması sosial şəbəkədə ciddi etiraza səbəb olmuşdu. İki ölkənin dost olmasına çağırışlar edən R.Əzizov aparılan araşdırmalardan sonra işdən azad edilmişdi.

Ermənipərəst müəllim 6 nəfəri məhkəməyə verdi – 60 min təzminat tələbi – FOTOLAR













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.