Eldar Əzizov kollektivə təqdim olundu: BŞİH-də nələr dəyişəcək?
18-07-2018, 08:36
“Eldar Əzizovun bundan öncəki fəaliyyəti onun şəhər təsərrüfatına yaxından bələd olduğunu göstərir”
Xəbər verildiyi kimi, Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib. Belə ki, iyulun 16-da prezident İlham Əliyevin sərəncamı ilə o, Səbayel Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub. Bununla da BŞİH bir müavinin ümidinə qalmaqdan qurtulub.
Öncə xatırladaq ki, prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi müəyyənləşdi. Sərəncama əsasən, hökumətin tərkibində xeyli dəyişikliklər oldu. Təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə gətirilməsi idi. Abutalıbovdan sonra Bakı şəhər icra başçısının vəzifələrini müvəqqəti olaraq BŞİH-də yeganə müavin olan Fidumə Hüseynova icra edirdi. Ümumilikdə isə BŞİH-də təkcə başçının deyil, onun iki müavininin də yeri boş qalmışdı.
Məlumat üçün onu da qeyd edək ki, BŞİH rəhbərliyində 3 əsas vəzifə var - başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan onun da yerinə təyinat olmamışdı. Digər müavin isə yuxarıda da qeyd etdiyimiz kimi, başçının səlahiyyətlərini icra edirdi.
Eldar Əzizov Rauf Pənahovun yerinə təyin olunmaqla, başçının vəzifələrini artıq o icra edəcək.
Eldar Əzizovun bundan öncəki fəaliyyəti onun şəhər təsərrüfatına yaxından bələd olduğunu göstərir.
E.Əzizovun keçdiyi karyera yoluna qısa şəkildə nəzər salaq.
Eldar Əziz oğlu Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1998-ci ildən Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayından Səbayel Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Eldar Əzizov iyulun 17-də kollektivə təqdim olunub. Bununla da o, işlərinin icrasına başlayıb. Lakin bir daha qeyd edirik ki, hələ də Bakı şəhər icra başçısının yerinə təyinat olmayıb.
Bakı şəhər icra başçısı postuna təyinat olmaması ilə bağlı bir çox iddialar var. İddialara görə, Bakıda Böyük Şəhər Bələdiyyəsinin formalaşdırılması planı var. Bu səbəbdən də şəhər başçısı postuna təyinatın olmadığı qeyd olunur. Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, bu versiya hələ də gündəmdədir.
“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov da bildirib ki, hazırda Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaradılması olduqca vacibdir: “Necə ola bilər ki, rayonun bələdiyyəsi var, ancaq Bakının bələdiyyəsi yoxdur. Bu, çox qəribə haldır. Abşeron yarımadası üçün qərar bir qurumdan verilməlidir. Torpaq istismarı, ümumi Abşeron problemləri hamısı bir mərkəzdən həll edilməlidir. Bu olmadığı üçün əhali nəqliyyat sistemindən, kanalizasiya sistemindən və digər məsələlərdən narazıdır. Şəhərdə hər rayonun öz icra hakimiyyəti var. Hər kəs öz yerində ağa kimidir. Bu hala tezliklə son qoymaq, Bakı Şəhər Bələdiyyəsi yaratmaq işlərin faydasına olar”.
Bakı merinin olmaması bu ayın əvvəlində Mingəçevir İES-də baş verən qəza sonrası daha çox hiss edildi. Belə ki, qəza nəticəsində Bakıda elektriklərin kəsilməsi bir sıra problemlərə səbəb oldu. Lakin Bakı Şəhər İcra Hakimiyyətindən kimsə önə çıxıb, hər hansı bir açıqlama vermədi.
Onu da qeyd edək ki, mətbuatda irəli sürülən versiyalarda indiyə kimi BŞİH-ə başçı kimi bir neçə şəxsin adı hallanıb. Onlardan biri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. Digər versiyaya görə, Abutalıbovun yerini “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub. Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə “AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.
Yeni yaradılmasına baxmayaraq, “AzərGold” qızıl yataqlarının kəşfiyyatı, qızıl və gümüşün hasilatı və ixracı sahəsində xeyli işlər görüb. Onun fəaliyyəti sayəsində Azərbaycanın qeyri-neft ixracatında qızıl ikinci yerə yüksəlib.