İstirahət mövsümü bitdi - paytaxt yenə tıxaca təslim olacaqmı...

28-08-2018, 08:40           
İstirahət mövsümü bitdi - paytaxt yenə tıxaca təslim olacaqmı...
Anar Nəcəfli: “Tıxacın qarşısını almaq üçün yolların hərəkət hissəsində sıradan çıxmış yerlərin bərpasını həyata keçiririk”
Yay və istirahət mövsümü artıq bitmək üzrədir. Bununla əlaqədar olaraq paytaxtda yenidən əhalinin sayı çoxalıb. Eyni zamanda yeni tədris ilinin başlanması ilə müxtəlif bölgələrdən minlərlə tələbə də Bakıya axın etməkdədir. Şəhərdə əhalinin artması təbii ki, Bakı yollarında avtomobil sıxlığının da yaranması deməkdir. Ötən illərdə sentyabr ayından etibarən günün pik saatlarında yollarda uzun tıxaclar müşahidə edilirdi.

Bəs bu il vəziyyət necə olacaq?

Nəzərə çatdıraq ki, artıq avqustun 27-də paytaxtın bir sıra ərazilərində, habelə, Bakı-Sumqayıt yolunda uzun tıxaclar müşahidə olunub.


“Yeni Müsavat”a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, agentlik olaraq onlar müvafiq işləri görürlər:

“Tıxacın qarşını almaq üçün yolların hərəkət hissəsində sıradan çıxmış yerlərin bərpasını həyata keçiririk. Çünki yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olduqda, bu da həmin istiqamət üzrə avtonəqliyyat vasitələrinin yavaş hərəkət etməsinə səbəb olur. Nəticədə ərazidə sıxlıq yaranır. Bunu aradan qaldırmaq üçün ən işlək prospektlərdə təmir işləri aparılır. Həmin yollardan biri Babək prospektidir ki, orada əsaslı şəkildə yenidənqurma işləri aparılır. Bu ilin oktyabr ayında orada işlərin tam olaraq yekunlaşdırılması planlaşdırılır. Eləcə də Mir Cəlal küçəsində də işlərin yekunlaşdırılması nəzərdə tutulub. Orada da kompleks işlər aparılır. Yasamalda Əsəd Əhmədov küçəsi əsaslı şəkildə təmir olundu. Hazırda ona paralel olan digər küçələr var ki, orada da işləri görülür. Həmin küçələr də uzun müddət idi ki, təmir olunmadığı üçün yol hərəkəti hissəsi sıradan çıxmış vəziyyətdə idi”.

A.Nəcəfli bildirib ki, bütün bunlarla yanaşı, qəsəbələr arası yollarda da işlər aparılmaqdadır:

“Hələ ki planda əlimizdə olan mövcud layihələri yekunlaşdırılmasıdır. Xüsusilə də uzun müddətdir ki, təmir işlərinin aparıldığı yollarda işləri başa çatdırmağı planlamışıq. Digər planlarımız isə 2019-cu ilə aiddir. Bundan əlavə harada ki, problemli nöqtələr var, orada tədbirlər planına baxmadan, işlər aparılır. Yasamalda parkın ətrafında çəkilən yollar da bir-iki aydan sonra tam şəkildə yekunlaşdırılacaq”.


Nəqliyyat üzrə ekspert İlqar Hüseynov “Yeni Müsavat”a bildirib ki, tıxacın aradan qaldırılması üçün digər qurumlarında görməli olduqları işlər var:

“Bakı şəhərinin yollarında edilən kosmetik dəyişikliklərin prinsip etibarı ilə ümumi problemə təsir gücü çox deyil. Bizim yollarda avtomobil nəqliyyat vasitələrinin ötürücülük imkanları zəifdir. Sentyabr ayında da dərslər başlayır və bu zaman yaranacaq tıxaclarda həm də vətəndaşlar günahkardır. Belə ki, Bakı şəhərində insanların ictimai nəqliyyatdan istifadə mədəniyyəti, yetərincə formalaşmayıb. Xüsusən də elə ailələr var ki, onların hər birinin ayrıca xidməti maşını, avtomobili var. Bu da ümumi götürəndə nəqliyyatın yükünü artırır. Bununla yanaşı kifayət qədər tələbələr var ki, rayondan Bakıya gəlib, burada şəxsi avtomobillərini istifadə edirlər. Nəticədir ki, sentyabr ayından etibarən yollarda həddən artıq yüklənmə nəzərə çarpır. Bu cür hallarda problemdən çıxış yolu kimi avtomobil yollarının genişləndirilməsi dayanır. Ancaq Bakıda bunu da etmək mümkün deyil. Çünki infrastruktur imkan vermir ki, həmin prospektləri genişləndirək. Bilirik ki, yol kənarlarında birbaşa səkilərə bitişik ticarət obyektləri tikilib. Onların sökülməsi və digər bu tipli məsələlər Bakı şəhərində yetərində problem yaradır. Neftçilər prospekti istiqamətində, "Koroğlu" metro stansiyasından üzü “Əhmədli” stansiyasına qədər olan prospektlərdə kifayət qədər ictimai-iaşə obyektləri tikilib ki, bu da həmin ərazidə yolların genişləndirilməsinə maneə yaradır".

Ekspert bildirib ki, yaxın və uzaq perspektivdə Bakı şəhərində tıxac probleminin həlli tramvay və trolleybus xətlərinin çəkiləcəyi halda mümkündür:

“Yeni sistemin qurulması, eni imkan verən prospektlərdə metrobus sisteminin tətbiqi, tıxac problemini ciddi şəkildə azalda bilər. İstanbulda bunun tətbiqi çox böyük effekt verdi. Bu sistemlə eyni zamanda təcili tibbi yardım maşınlarının xəstələri çevik şəkildə xəstəxanalara çatdırmasını, yanğın söndürənin vaxtında hadisə yerinə yetişməsini təmin edə biləcəyik. Prospektlərin ortasında keçən arakəsmələri ləğv edib, işıq dirəklərini də sağa-sola keçirməklə ortada trolleybus xətti çəkmək olar. Bakı şəhərində istismar müddəti çoxdan başa çatmış minlərlə nəqliyyat vasitəsi də var. Hansı ki, bunların dayandırılması, istismar müddəti başa çatdığı üçün xətdən çıxarılması kimsənin marağında deyil. Ümumilikdə isə tıxac problemini aradan qaldırmaq üçün sürücülük mədəniyyətindən tutmuş, infrastruktur imkanlarımızın olmaması, hamısı əsas səbəblərdir. Yaxşı olar ki, anonslarımız olsun, təbliğat vasitələrindən istifadə edək. Belə ki, valideynlər uşaqlarını məktəblilər üçün nəzərdə tutulan avtobuslarla dərsə göndərsələr, bu da ümumi işin faydasına olar. Lakin avtobuslar olduğu halda valideynlər övladlarını yenə də xüsusi maşınlarla dərsə aparırlar. Hər kəs tıxac probleminin həlli istiqamətində çalışmalı və dünyanın əksər ölkələrində tətbiq olunan texnologiyalardan istifadə etməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.