“Qasid”in anbarını hərracda 1 milyona manata satdılar, redaksiyalara borcu isə ödənmədi

1-09-2018, 08:20           
“Qasid”in anbarını hərracda 1 milyona manata satdılar, redaksiyalara borcu isə ödənmədi
Məhkəmə qərar çıxarsa da, ASC-nin “Yeni Müsavat”a olan 21 min 388 manat məbləğində borcu bu günə qədər qaytarılmayıb

İflas etmiş mətbuat yayımı firması “Qasid” ASC-nin şəhərin mərkəzində olan anbarı hərraca çıxarılıb və satılıb. Redaksiyamıza daxil olan məlumata görə, hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilib, anbar və anbarın altındakı torpaq sahəsinin 1 milyon manata satıldığı bildirilir. Ərazi dəfələrlə baha qiymətə malik olsa da, nədənsə belə ucuz qiymətə satılıb.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti ilə “Qasid” ASC arasında qəzetə abunə qəbulunu və pərakəndə satışın təşkil edilməsi barədə müqavilə bağlanılıb. Amma “Qasid” ASC “Yeni Müsavat” qəzeti ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyib.

“Yeni Müsavat” qəzeti ilə “Qasid” ASC arasında borc qalığının müəyyənləşdirilməsi ilə bağlı 15 yanvar 2016-cı il tarixində akt tərtib olunub. Həmin akta əsasən cavabdeh tərəf olan “Qasid” ASC-nin “Yeni Müsavat” qəzetinə 1 yanvar 2016-cı il tarixə abunə üzrə 5694 manat və satış üzrə 15694,18 manat olmaqla ümumilikdə 21388 (İyirmi bir min üç yüz səksən səkkiz) manat 18 qəpik məbləğində borcunun olduğu müəyyən edilib. Akt hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən müvafiq imza və möhürlə təsdiq edilib.

Ümumilikdə “Qasid” ASC-nin ölkədə fəaliyyət göstərən mətbuat orqanlarına, həmçinin keçmiş əməkdaşlarının əmək haqları daxil 500 min manatdan çox borcu qalıb.

“Yeni Müsavat” qəzeti Bakı şəhəri 1 saylı Yerli İqtisad Məhkəməsinə iddia ilə müraciət edib və borcun ASC-nin əmlakına yönəldilməsi yolu ilə ödənilməsinin təmin olunmasını xahiş edib. Məhkəmə iddianı təmin edib və borcun “Qasid” ASC-nin əmlakına yönəltməklə ödənilməsi barədə qətnamə çıxarıb.

Lakin üzərindən üç ilə yaxın zaman keçməsinə baxmayaraq qərar bu günədək icra olunmayıb. “Qasid” ASC “Yeni Müsavat” qəzetinə olan 21 min 388 manat məbləğində borcunu bu günə qədər də ödəməyib.

“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn bildirib ki, “Qasid” ASC-nin şəhərin mərkəzindəki anbarının hərracda satılması haqda məlumatı öyrənəndən sonra Əmlak Məsələləri Dövlət Komitəsinə, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə rəsmi olaraq müraciət ünvanlayıb. Hüquqşünas bildirib ki, borclu tərəfin hərracda satılan anbarının dəyəri redaksiyaya ödənməli olan məbləği dəfələrlə üstələyir. Belə bir halda borcun ödənməməsi absurddur. Hüquqşünas həmçinin növbəti həftənin ilk iş günündən bu məsələ ilə bağlı ciddi araşdırma aparılacağını da bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.