Azərbaycanda bu qurumlar xaricilərə həvalə oluna bilər
19-01-2016, 16:11
Ölkə başçısı İlham Əliyevin biznes mühitinin yaxşılaşdırılması və iqtisadi canlanmanı sürətləndirmək üçün geniş özəlləşdirmə proqramının həyata keçirilməli olduğunu irəli sürməsi bu sahədə hansı mühüm tədbirlərin görülməsi zərurətini ortaya çıxarıb.
ANS PRESS iqtisadçı mütəxəssislərin rəyi əsasında xarici və yerli investorların ölkənin biznes mühitinə cəlb edilməsi yollarını, eləcə də hansı sahələrdə özəlləşdirmə aparılmasının effektiv ola biləcəyini araşdırıb.
İqtisadi Təşəbbüslərə yardım Mərkəzinin rəhbəri, iqtisadçı Azər Mehdiyev hesab edir ki, ilk növbədə bır sıra dövlət müəssisələrinin təsisçiliyi ilə yaradılan, nazirliklərin tərkibində olan çoxsaylı MMC-lərin fəaliyyətinə nəzər salınmalıdır. Onun fikrincə, bir vaxtlar yaradılan bu MMC-lərə əlavə dövlət vəsaiti xərclənir, onlar rəqabət mühitini pozur. Bu baxımdan bəzi dövlət qurumları satışa çıxarılmaqla xarici investorları ölkəyə cəlb etmək olar:
“İlk növbədə kommunal sahədə effektiv özəlləşdirmə proqramı tətbiq etmək olar. Məsələn, bir sıra şirkətlər var - “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, “Azəristiliktəchizat” kimi bu şirkətləri uzunmüddətə hansısa xarici investorun idarəetməsinə vermək olar. Necə ki, bir vaxtlar elektrik enerjisi sahəsində Türkiyə şirkəti “Barmek” fəaliyyət göstərirdi. Bu yolla dövlət həm bu şirkətlərə ayrılan külli vəsaitdən azad olar, üstəgəl şəffaflıq təmin edilməklə ölkəyə gəlir gəlməsini təmin etmək olar” deyə iqtisadçı bildirir.
Azər Mehdiyev Dövlət Neft Şirkətinin tərkibindəki müəssisələrin özəlləşdirilməsini məqsədəuyğun sayır. Eyni zamanda iqtisadçı bank sektorunda sağlamlaşdırma aparılmasını vacib bilir. Onun sözlərinə görə, bankların səhmlərinin bir hissəsi dövlət tərəfindən alınıb hansısa xarici investora satıla bilər.
“Son vaxtlar bəzi sənaye müəssisələri yaradılıb. Amma onlar dövlət sifarişi əsasında işləyir. O şirkətlərin də səhmlərini peşəkar, bu sahədə təcrübəli xarici investorlara satmaq effektli olar.”
İqtisadçı kənd təsərrüfatı sahəsində stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini zəruri bilir. Bu baxımdan kiçik və orta ölçülü emal müəssisələrinin yaradılması məqsədəuyğun sayılır.
Azərbaycanda ilk olaraq 1995-ci ilin 29 sentyabrında "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" təsdiq edilməklə özəlləşdirmə siyasəti tətbiq olunmağa başlayıb. Proqramın məqsədi təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadi prosesə bütün növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi, iqtisadiyyata investisiyaların, o cümlədən, xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət idi.
2000-ci ilin avqust ayında isə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın qüvvəyə minməsi ilə özəlləşdirmənin ikinci mərhələsinə start verilib.
Əksər dünya dövlətlərinin təcrübəsi də göstərir ki, effektiv özəlləşdirmə siyasəti iqtisadiyyatın inkişafı üçün vacib addımlardandır. Dünya iqtisadçılarının apardığı araşdırmalara əsasən Fransa, Almaniya, Böyük Britaniya, Avstriya kimi ölkələrdə dövlət müəssisələrinin özəlləşdirilməsi əhəmiyyətli dərəcədə yüksək gəlir əldə etməyə imkan verib.
Rusiyalı mütəxəssislərin də 2000-dən çox dövlət və özəlləşdirilmiş müəssisənin fəaliyyətinin iqtisadi nəticələri üzrə apardıqları müqayisəli təhlil göstərib ki, özəl firmalar dövlət müəssisələrini əsas göstəricilər üzrə üstələyir.
Göründüyü kimi, rəqabətli və gəlirli iqtisadi mühitin yaradılmasında özəllləşdirmənin xüsusi rolu olduğundan, bu siyasətin inkişafını, xüsusən iqtisadi böhranın mövcud olduğu indiki dönəmdə daha zəruri addım kimi qiymətləndirmək olar. Odur ki, ölkədə iqtisadi aktivliyin yaradılması üçün təcrübəli yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə özəlləşdirilməsinə ehtiyac olan dövlət müəssisələri sistemli şəkildə özəl mülkiyyətçilərin istifadəsinə verilməlidir. Dünyanı bürüyən iqtisadi böhranın ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısını bu yolla azaltmaq, dövlətin valyuta gəlirlərini artırmaq olar.