Tərtərdən SON XƏBƏR: 3 dinc sakin həlak olub
28-04-2016, 19:04
Ermənilər ötən gecə Tərtər rayonunda yalnız mülki əhalinin kompakt yerləşdiyi əraziləri iriçaplı silah və artilleriya atəşinə tutublar.
teref.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıqlama verib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri şəhərin mərkəzini və təmas xəttindəki kəndlərdə mülki şəxsləri hədəfə alıb: "Mülki əhali həm iriçaplı silahlardan, həm 120 mm minaatanlardan, həm də ağır artilleriyalardan atəşə tutulub. Dünən 11 yaşayış məntəqəsi və şəhərin mərkəzi atəşə tutuldu. Nəticədə 58 ev, 1 orta məktəb və digər inzibati binalar ciddi zədələnib. Ümumiyyətlə, aprel ayı ərzində Tərtərdə ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində 256 ev və inzibati binalara ciddi ziyan dəyib. Ermənilər əsasən dinc sakinlərin məskunlaşdığı əraziləri atəşə tuturlar. Tərtərə və kəndlərə əsasən Ağdərə istiqamətindən atəş açılır".
M.Məmmədov bildirib ki, aprel ayı ərzində Tərtərdə 3 nəfər dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub, 7 nəfər isə yaralanıb. Yaralıların içərisində yaşlı insanlar, qadın və 13 yaşlı uşaq da var".
M.Məmmədov deyib ki, ermənilər həmçinin Tərtər rayonunun kəndlərini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasına da atəş açıblar: "Nəticədə 20 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Artıq kəndlərə elektrik enerjisinin verilməsi təmin edilib. Ötən gecə şəhərin 6 saylı orta məktəbinin həyətinə də iki "qrad" mərmisi düşüb və orta məktəb iriçaplı silahlardan atəşə tutulub. Hadisə gecə saatlarında baş verdiyindən orta məktəbdə heç kim olmayıb".
teref.az