ABŞ-a mühacirət edən prokurordan Rüstəm Usubova imtina məktubu...
24-10-2016, 22:39
Rüfət Səfərova zəng etdiyinə görə işini itirən Adil Məmmədov dostundan imtina edərək, Bəhruz Bayramovdan da prokurorluğa şikayət edib
Bir müddət əvvəl Gununsesi.info Qubadlı rayon prokurorunun müavini Adil Məmmədovun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçən Rüfət Səfərova telefon açdığına görə işdən azad edilməsi və ABŞ-a mühacirət etməsi barədə xəbər yaymışdı. Bu xəbərin ardınca saytımız Amerikada yaşayan sabiq prokurorla əlaqə saxlayaraq, ondan açıqlama da almışdı. Həmin açıqlamasında (http://www.gununsesi.info/abs-a-muhacir%C9%99t-ed%C9%99n-prokuror-danisdi/) Adil Məmmədov Rüfət Səfərovla yaxın dost olduğunu və Zərdab Rayon Prokurorluğundan istefa verəndən sonra da onunla görüşdüyünü deyib.
Bu açıqlamasından sonra Adil Məmmədovun Bakıda yaşayan yaxınlarına qarşı ciddi təzyiqlər olub. Məhz buna görə də Adil Məmmədov Amerikadan Baş Prokurorluğa məktub yazaraq, dostundan imtina etdiyini, Rüfət Səfərova görə işindən azad edilməsi barədə xəbəri guya mediaya sabiq müstəntiqin vəkili Bəhruz Bayramov tərəfindən verildiyini iddia edib. O, məktubunda bir vaxtlar fəxarətlə dostluq etdiyi Rüfət Səfərovun cinayət törətdiyinə görə həbs edildiyini də yazıb. Halbu ki, saytımıza açıqlamasında Adil Məmmədov Rüfət Səfərovun həbsinin qanunsuz olduğunu dilə gətirmişdi.
Görünür, sabiq prokurora təzyiqlər o qədər güclü olub ki, o, vəkil Bəhruz Bayramovun da cəzalandırılmasını istəyib.
Onun bu məktubundan sonra Baş Prokurorun birinci müavini Rüstəm Usubov vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına şikayət yazıb.
Gununsesi. info olaraq, bəyan edirik ki, həmin xəbər vəkil tərəfindən redaksiyamıza verilməyib. Həmin xəbəri bu linkdən (http://www.gununsesi.info/usyankar-must%C9%99ntiq%C9%99-z%C9%99ng-ed%C9%99n-prokuror-isini-itirib/ ) oxumaq kifayətdir ki, Adil Məmmədovun hansısa bir təzyiq altında vəkildən yazdığı şikayətin yalan olduğu üzə çıxsın.
Mövzunu araşdıracağıq.