Deputat Bakıya 300 min dollara zirehli avtomobil gətirtdi
25-10-2016, 09:38
Dünən Bakı şəhərinə qiyməti 300 min dollar olan zirehli “Lexus 570” avtomobili gətirilib. Evakuator vasitəsi ilə qeydiyyat üçün gətirilən zirehli avtomobil məlumata görə, millət vəkili Ağalar Vəliyevin sifarişi ilə alınıb. Qeyd edək ki, “Lexus 570” avtomobilinin bu modeli zirehli olmağından başqa, həm də dizaynına və texniki göstəricilərinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Eleqant görünüşlü zirehli Lexus-un flaqmanı və premium SUV-si avtomobilə daha çox status qazandırır. Məlumatı dəqiqləşdirmək üçün hörmətli millət vəkilinin iş yerinə zəng etsək də telefonumuzu cavablandıran olmadı.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevin də zirehli “Lexus 570” avtomobili aldığı barədə məlumatlar yazılmışdı. Xatırladaq ki, millət vəkili Ağalar Vəliyev Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə”Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltil edilmişdir.(qlobal.az)