Azərbaycan suya tullananları İslamiadanı 6 medalla başa vurub - YENİLƏNİB
21-05-2017, 20:13
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışlarına yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri ümumilikdə 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.
Son olaraq, kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suya tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti 265,11 xalla 2-ci yeri tutub. İran təmsilçiləri 326,04 xalla 1-ci, iraqlılar isə 215,64 xalla 3-cü olublar.
Qeyd edək ki, qızıl medallara qadınların 3 metrlik tramplindən və 10 metrlik platformadan suya tullanma yarışında Olqa Bıkovskaya yiyələnib. Digər gümüş medalı 10 metrlik platformadan fərdi suya tullanma yarışında Artyom Danilov, bürünc medalları kişilərin 3 metrlik tramplindən fərdi suya tullanma yarışında Dmitri Sorokin, eyni hündürlükdən sinxron tullanmada Artyom Danilov - Dmitri Sorokin dueti əldə edib.
*** 17:27
"Bakı-2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında 3 metrlik tramplindən suya tullanma üzrə final yarışları tamamlanıb.
"Report"un məlumatına görə, 5 cəhdin yekununda Azərbaycan təmsilçisi Olqa Bıkovskaya 223,10 xal toplayaq qızıl medala layiq görülüb. Gümüş medalı türkiyəli Keskin Yaprak Seli (177,40), bürünc medalı indoneziyalı idmançı Della Harimurti (168.75) qazanıb. Türkiyəli daha bir suya tullanan Sinem Sağlam 165,10 xalla dördüncü yeri tutaraq medalsız qalıb.
Qeyd edək ki, Olqa Bıkovskaya mayın 19-da 10 metrlik platformadan suya tullanma yarışında da qızıl medal qazanıb.