“Qalatasaray”a dönməkdənsə, gedib dincəlməsi daha yaxşı olar”

27-07-2017, 19:33           
“Qalatasaray”a dönməkdənsə, gedib dincəlməsi daha yaxşı olar”
“Qalatasaray” futbol komandasının keçmiş kapitanı, futbol şərhçisi Gökmen Özdenakın APA-ya müsahibəsi

- Fatih Terimin istefasına səbəb nə oldu? İstefa müəyyən bir prosesin nəticəsi idi, yoxsa?..

- Fatih Terimin türk futbolunda əldə etdiyi uğurların əsas səbəbi qurduğu nizam-intizama bütün futbolçuların qeyd-şərtsiz əməl etməsidir. Mənim uzun illərdən bəri tanıdığım Terim babası məzardan çıxıb gəlsə də, özünün futbol fəlsəfəsini dəyişdirməyəcək bir idarəçidir. Ancaq son dönəmlərdə Terim bir neçə səhvə yol verdi. Keçən ilin iyununda 6 oyunçunu yığma komandadan uzaqlaşdırdı. Məncə, düzgün hərəkət etmişdi, çünki Avropa çempionu olan Portuqaliya oyunçularına 225 min avro mükafat vermişdi, Türkiyənin isə heç bir uğuru olmadığı halda, oyunçular 650 min avro mükafat istəmişdilər. Fatih Terim o oyunçular barədə “türk millətindən üzr istəyəcəklər” şərtini də qoymuşdu. Futbolçulardan bəziləri içəridə cərəyan edən hadisələr barədə mediaya gizli məlumatlar verirdilər. Sentyabr ayında isə mən Fatih Terimi tanıya bilmədim, 2-3 ay əvvəl komandadan çıxardığı oyunçular barədə bu dəfə dedi ki, mən oyunçularımı heç kimə yem etmərəm. Terimin bu sözlərinə heyrət edərək onun artıq uduzduğunu söylədim. Daha sonra Arda Turanın bir qəzetin idman şərhçisini təyyarədə ağır şəkildə təhqir etməsi hadisəsi yaşandı. Terimin o hadisəyə müdaxilə etməməsi onun həm komandadakı, həm də cəmiyyətdəki nüfuzunu sarsıtdı. Restorana basqın etməsi isə qətiyyən qəbul edilə biləcək bir hadisə deyildi. Sən həmişə cəmiyyətə örnək bir ailə başçısı olmusan, restorana basqın etmək nə deməkdir? Yanlış bir şey olubsa, polisə xəbər verərsən, məhkəməyə müraciət edərsən. Üstəlik, Fatih Terimin basqın etdiyi restoranın sahibi yaxın dostumuzdur, “Qalatasaray”lıdır, “Türk Telekom Arena”da onun kababxanası var, kluba xidməti böyükdür. Fatih Terim bunları niyə nəzərə almayıb? Bütün bunları anlamaq mümkün deyil. Terimin bu hərəkətini görən Arda və ya Volkan sabah çıxıb desəydilər ki, xocam, sən də restorana basqın etdin, bizim günahımız nədir, yığma komandaya qayıtmaq istəyirik, nə deyəcəkdi? Terimin istefa verməsi ən düzgün qərardır. Futbol Federasiyasının başqanı Yıldırım Dəmirörən yeni gənclik və idman naziriylə görüşərkən böyük ehtimalla Terimin məsələsi də gündəmə gəlib. Fatih Terimin hərəkətləri səhv olub.

- Terimin istefasından sonra “Qalatasaray”a dönəcəyinə dair söz-söhbətlər yayıldı və klubun İstanbul birjasındakı hissələri təxminən 3% dəyər qazandı. “Qalatasaray” azarkeşləri Terimin kluba dönməsini bu qədər istəyir?

- Mən Fatih Terimin “Qalatasaray”a dönəcəyini düşünmürəm. Çünki “Qalatasaray”dan ayrılıb yığma komandaya getmişdi, indi oradan ayrılıb “Qalatasaray”a gəlsin, bunun doğru olmayacağını hər kəs bilir. Azarkeşlər onun gəlməsini istəyə bilərlər, ancaq hal-hazırda klubun maddi vəziyyəti çox acınacaqlıdır. Fatih Terimin bu zaman dilimində işləməsi də doğru deyil, dincəlməsi daha düz olacaq. “Qalatasaray” qışda klubun adına yaraşmayacaq şəkildə İgor Tudoru Karabükdən gətirdi, ancaq bu həmlənin baş tutmadığını görürük. “Karabükspor” kimi kiçik klublarda futbolçulara hökm etmək asandır, ancaq 3 böyük klubda bu, mümkün deyil. Çünki Türkiyədə futbol sistemi məşqçilərin yox, oyunçuların üstündə qurulub, böyük komandalarda oyunçular məşqçiyə qarşı istədikləri kimi manipulyasiyalar edə bilirlər. Tudorun Səlçuk İnan və ya Sneyder ilə yaşadığı problemlər buna örnəkdir. Futboçulara söykənən sistem türk futbolunun içinə dinamit qoydu. İndi bütün klublar xaricdən futbolçu alır, heç bir klub özü futbolçu yetişdirmir. Almaniyadakı türk uşaqlardan seçib gətirməyə çalışırlar, onlar da burada ayaqları yer tutandan sonra Almaniya yığma komandasında oynayırlar. Türk klublarında inqilabi dəyişiklik etmədən hər şey daha da pisləşəcək. Klublar özləri futbolçu yetişdirməlidirlər.

- Bəs “Qalatasaray”ın vəziyyəti necədir? Bu şəkildə davam etsə, indiki İdarə Heyəti qurultay qərarı qəbul edərmi?

- Gözəl qardaşım, mən 1967-1980-ci illər arasında “Qalatasaray”da futbol oynamışam, düz 50 ildir ki, klubdayam, Divan üzvüyəm. İndi 70 yaşındayam. Cərəyan edən proseslər məni əsəbiləşdirir. “Qalatasaray”da heç bir başqan və başqanlıq iddiasında olan heç bir şəxs pul xərcləmək istəmir. Guya Rivadakı torpaq sahəsini satıb, borcları ödəyəcəkdilər. 500 milyon türk lirəsi kredit aldılar, 150 milyon lirəsi borca getdi. “Qalatasaray” adasının durumunu görürsünüz, insanın ürəyi parçalanır. Fatih Altaylı yaxşı “Qalatasaray”lıdır, başqan Dursun Özbəkə müraciət etdi ki, fövqəladə qurultay çağır. Dursun Özbək də dedi ki, gəlin, əl-ələ verib, klubu bu vəziyyətdən çıxaraq. 50 ildən bəri “Qalatasaray”dayam, bu durum mənə hədsiz dərəcədə əzab verir. 530 yaşı olan “Qalatasaray” məktəbi niyə bu duruma əl qoymur? İnan Kıraç qurultaydan qurultaya ortaya çıxır, niyə bu böhranlı durumlarda ortaya çıxmır, kluba qəyyum təyin etdirmir? On ildən bəri bağırıram ki, bizə birlik-bərabərlik lazımdır, vəziyyətdən ancaq bu şəkildə çıxa bilərik. Ancaq sözümü eşidən yoxdur. Sizin vasitənizlə bir daha müraciət edirəm: bütün “Qalatasaray”lılar, gəlin birləşib bu vəziyyətdən çıxaq. Yoxsa, klub uçuruma doğru gedir. Gözəl qardaşım, sən azərbaycanlı jurnalist kimi axtarıb məni tapırsan, ürəyimi boşaldıram, buna görə sənə təşəkkürüm sonsuzdur. Əmin ol ki, bu məsələlər barədə saatlarla danışaram. “Qalatasaray”ın əsas problemi birlik və bərabərlik yarada bilməməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.