"Dövlət qulluğuna qəbulda müsahibə mərhələsini ləğv etmək olmaz" - Azay Quliyev

28-04-2016, 17:51           
"Dövlət qulluğuna qəbulda müsahibə mərhələsini ləğv etmək olmaz" - Azay Quliyev
“Deputat həmkarlarımın fikirlərindən belə başa düşdüm ki, dövlət qulluğuna qəbulda testdən sonrakı müsahibə mərhələsində ciddi problemlər var. Yəni bəzən vətəndaşlar müəyyən mənada dövlət qulluğuna qəbul olunmaq imkanlarında məhrum olurlar”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliklər layihəsi haqqında müzakirələrə zamanı deputat Azay Quliyev deyib. Komitə üzvü deputat həmkarlarının narazılıqları ilə razılaşaraq bildirib ki, bu gün dövlət qulluğuna qəbulun müsahibə mərhələsində problemlər var:
“Əgər praktikaya baxsaq görərik ki, həqiqətən də bu gün dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində neqativ hallar kifayət qədər çoxdur. Bizə də bununla bağlı müraciətlər gəlir.

Müraciətlərdə deyilir ki, testdən uğurla imtahanları verib keçmişəm və müsahibə mərhələsində isə subyektiv yanaşma nəticəsində mən dövlət qulluğuna qəbul olunmamışam”. Azay Quliyev hesab edir ki, dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsini ləğv etmək olmaz: “Burada təkliflər oldu ki, test üsulu saxlanılsın, amma müsahibə mərhələsi ləğv olunsun. Mən hesab edirəm ki, dövlət qulluğuna qəbulda müsahibə mərhələsini ləğv etmək olmaz.

Ona görə ki, istənilən icra hakimiyyəti orqanı və ya dövlət qulluğuna vətəndaşı qəbul edən qurum mütləq şəkildə qəbul edəcəyi əməkdaşla təmasda olmalıdır. Əgər hər hansı bir orqan qəbul edəcəyi şəxslərlə təmasda olmursa bunun bu və ya digər öhdəlikləri, bilik səviyyəsi, şəxsi keyfiyyətləri ilə tanış olmursa etiraf edək ki, sonrakı mərhələdə işdə müxtəlif tipli problemlər mütləq ortaya çıxacaq.

Təkliflər arasında bildirildi ki, 6 aylıq sınaq müddəti dövlət qulluqçusu üçün kifayət qədər vaxt hesab olunur. Yəni özünü həmin 6 ayda sübut və təsdiq etmək üçün bəs edir. Amma etiraf edək ki, bunu da əvvəlcədən müəyyən etmək və aşkara çıxartmaq çox çətindir”

Deputat müsahibə mərhələsində şəffaflığın təmin olunmasını imtahanlarda əsas məqsəd kimi görür: “Əsas məqsəd bu gün müsahibə keçirdən qurumun və həmin prosesin şəffaflığının təmin edilməsidir. Yəni müsahibə keçirən orqan maksimum şəffaf olmalıdır.

Hansı kriteriya və yanaşmalarla dövlət qulluğuna işçilər qəbul edilməlidir?

Şəxsən bundan bizim məlumatımız olmur ki, bunlar hansı meyarlarla həyata keçirilir, baş tutur. İmtahan verən şəxs sonradan hansı əsaslarla qəbul edilir, yaxud rədd olunur. Məncə bu proseslərdə ən yaxşı yol odur ki, test imtahanı həyata keçirən qurumlar işə götürmək istəyən dövlət orqanı arasında ortaq bir müsahibə komissiyası formalaşdırılsın. Həmin komissiyada müsahibə mərhələsi şəffaf şəkildə qiymətləndirilsin.

Nazirliklər öz əməkdaşlarından formalaşdırdıqları komissiya və testi keçirən dövlət qurumu ilə birlikdə dövlət orqanlarına lazım olan və kriteriyalara cavab verə bilən əməkdaşları seçsinlər”-deyə Azay Quliyev bildirib.

Qeyd edək ki, layihə yenidən baxılması üçün mütəxəssislərə qaytarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.