"dana ətinin bir kiloqram 4 manat, qoyun ətinin kiloqramı isə 6 manat 50 qəpikdən dükanlara satılır..” - 7 saylı internatdan şikayət

14-07-2015, 11:21           
"dana ətinin bir kiloqram 4 manat, qoyun ətinin kiloqramı isə 6 manat 50 qəpikdən dükanlara satılır..” - 7 saylı internatdan şikayət
Redaksiyamıza yeni daxil olan məlumatlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Saray qəsəbəsində yerləşən 7 saylı internat evində baş verən bir çox qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Saray 7 saylı internat evi xüsusi qayğıya ehtiyac duyan, fiziki və əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar. Bizdə olan məlumata görə, 405 yerlik internat evində hazırda 125 nəfər uşaq yaşayır. Müəssisənin fəaliyyətinə dair aldığımız açıqlamalarda bildirilir ki, dövlətimizin göstərdiyi daimi qayğıdan başqa 7 saylı internat evi xeyriyyəçi insanların da hər zaman diqqət mərkəzindədir. Bayramlarda, xüsusi günlərdə bura imkanlı adamlar kifayət qədər böyük məbləğlərdə ifadə olunan maddi yardımlar gətirirlər. Lakin bu müəssisəyə rəhbərlik edən Pərvanə Səfərova burada yaşayan insanlara göstərilən dövlət qayğısını da, ictimai diqqəti də az qala heçə endirir. Aldığımız məlumatlarda bildirilir ki, 7 saylı internat evinin direktoru rəhbərlik etdiyi müəssisədə mütəmadi olaraq bir çox qanunsuz əməllərin həyata keçməsinə zəmin yaradır. Mənbələr tərəfindən təqdim edilən açıqlamalara görə müəssisənin sakinləri davamlı olaraq diqqətsizlikdən əziyyət çəkirlər. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar dövlətin, ictimai qurumların və ayrı-ayrı şəxslərin göstərdikləri qayğıdan yararlana bilmirlər. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Pərvanə Səfərovanın yarıtmaz fəaliyyəti müəssisədə dözülməz şərait yaradıb. Hətta bəzi mənbələrin iddiasına görə, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən imdad diləyirlər. Baxmayaraq ki, vaxtaşırı olaraq internat evinə imkanlı şəxslər tərəfindən bilavasitə ərzaq yardımları da göndərirlər, əksər hallarda bu yardımlar internat evinin sakinlərinə çatmır. Belə ki, müəssisə rəhbərliyi həmin yardımların mənimsənilməsinə birbaşa şərait yaradır. Müəssisəyə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti isə qəsəbədəki mağazalarda satılır. Mətbuata təqdim olunan açıqlamalardan birində isə, internat evinə verilən ət və ət məhsullarının uşaqlardan gizlədilərək satıldığı vurğulanır: “Bura dövlət tərəfindən, ayrı-ayrı qurumlar və imkanlı şəxslər tərəfindən yardımlar edilir. Hər gün demək olar ki, 5-10 imkanlı şəxs avtomobillərlə yardım məqsədilə bu müəssisəyə qoyun və inəklər kəsib gətirir və xəstə uşaqlara verilməsi üçün direktora təqdim edirlər. Amma, həmin ətlərdən xəstə uşaqlara bir tikə də olsa verilmir. Ətlər dərhal xüsusi adamlar vasitəsilə Saray qəsəbəsi və Sumqayıt şəhərində fəaliyyət göstərən xüsusi ət dükanlarına ucuz qiymətə satılır. Məsələn, müəssisə rəhbərinin tapşırığı lə dana ətinin bir kiloqram 4 manat, qoyun ətinin kiloqramı isə 6 manat 50 qəpikdən dükanlara satılır...” Təbii ki, bu kimi xüsusi müəssisələrdə yaşayan uşaqlar onlara göstərilən dövlət qayğısının təzahürünü ilk növbədə həmin müəssisələrdə çalışan kollektivin onlara münasibətində tapırlar. Bu münasibətlər isə əlbəttə ki, daha çox konkret müəssisə rəhbərləri tərəfindən həyata keçirilən idarəçilik prinsipləri əsasında formalaşır. Başqa sözlə desək, məhz müəssisə direktorlarının insani keyfiyyətləri, məsuliyyətləri və iş bacarıqları burada yaşayan insanların cəmiyyətimizə və dövlətə qarşı müəyyən münasibətlərinin formalaşmasında xüsusi rol oynayan amil kimi çıxış edir. Təəssüflər olsun ki, bu gün biz irəli sürülən tələblərə heç də cavab verməyən bəzi kadrların da belə məsuliyyətli vəzifələrə təyin edilməsi hallarına hələ də rast gəlirik. O cümlədən, Saray 7 saylı fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün internat evinin direktoru Pərvanə Səfərovanın öz fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntuları barədə mətbuat səhifələrində dəfələr tənqidi materiallar dərc olunub. Lakin buna baxmayaraq müəssisənin problemləri hələ də öz həllini tapa bilmir. Pərvanə Səfərovanın rəhbərlik etdiyi müəssisənin sakinlərinə qarşı qeyri-humanist davranışı bu gün də internat evində müxtəlif fəsadlara yol açmaqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.