Manixeizm və ondan qidalanan səmavi dinlər...
5-03-2023, 00:03
Əsilzadə part ailələrindən birinə mənsub olan Mani (216 - 276) kiçik yaşlarında xristian-yəhudi Alkasai adlı qnostik camaata məxsus məktəbdə təhsil almış və İsanın varlığından güclü şəkildə təsirlənmişdi. 24 yaşına çatanda öz peyğəmbərliyini elan edən Mani buddizmi, zərdüştçiliyi, xristianlığı və tenqriçiliyi öz içində sintezləşdirəcək manixeizm adlı dini bir anlayış formalaşdırdı. Ömrünün bir hissəsini Türk ölkələrində, Tibet, Hindistan və Çində keçirən Mani öz inancını həmin coğrafiyalarda heç bir təzyiqlə qarşılaşmadan rahatlıqla təbliğ etməklə keçirdi. 241-ci ildə I Ərdəşiri n ölümündən sonra Sasani ölkəsinə gələn Mani sasanilərin yeni hökmdarını güclü şəkildə təsirləndirmiş, nəqqaşlıq kimi məharətini də sərgiləyərək Şapurun simpatiyasını qazanmışdı. Ən mühüm əsərlərindən biri olan "Şapurakan"ı da məhz I Şapura (241 - 272) ithaf etmişdir. Mani təlimlərinin uğuru zərdüştçülük və xristianlıqda öz əksini tapmayan bütün bir insan həyatını dini mahiyyətdə əks etdirməsidir. Musiqi, heykəltaraşlıq, rəssamlıq, insan üçün ideal həyat sistemli olaraq onun təlimlərində və dini düşüncələrində öz əksini tapmışdır. Əsərlərini süryanicə qələmə alan Mani üçün İsa peyğəmbər obrazı olaraq ən ideal insandır. Digər tərəfdən, Mani Ssani zərdüştçülüyünün dualist kainat sistemini, buddizmin sonsuzluq anlayışını və şamanın çiləkeş və transentental həyat tərzini də öz dini düşüncəsinə yerləşdirmişdir.
Mani Qədim Mesopotamiya və Yunan mifik-paqan düşüncəsini, Roma dövrünün qəhrəmanlıq anlayışını rədd edərək Part dövrünün ilahi nizama söykənən tək dünya baxışı formalaşdırmaq istəmişdir. Onun təlimlərində mərkəzə yerləşdirdiyi başlıca məqam qlobaldır. Belə ki, Mani tək dünya anlayışından qaynaqlanan ilahi nizam təsəvvürünü işləmişdir.
Mani hələ öz sağlığında inancı rəsmiləşmişdi. Mişan əyalətinin hakimi Mihrşah və Quşan əyalətinin başçısı Firuz onun təlimlərini qəbul etmiş və yayılmasına şərait yaratmışdılar. Mişan əyalətinin hakimi Maninin dini qəbul etmiş, Firuz isə onun təsiri ilə basdırdığı pulların üstünə "Xoda Mazda" (Tanrı Mazda) və "Xoda Budda" (Tanrı Budda) sözlərini həkk etdirmişdi. Şapurun idarə etdiyi Sasanilər ölkəsində Mani güclü bir simaya çevrilmişdi. Buna səbəb zərdüşt rahiblərin təbliğ etdiyi tək tərəfli dünya anlayışına qarşı Maninin sistemli və hamı üçün bağlayıcı olan ədalət fikrini təbliğ etməsi idi. Nəticədə, Sasani zərdüştçülərini narahat edən Manini Şapurun ölümü və taxta Bəhramın keçməsindən istifadə edərək "zındıqlıqda" ittiham edib, dərisi soyularaq 276-cı ildə edam etdilər. Manixeistlər onun edamını faicə deyil, bayram olaraq qeyd etmiş və səmsarə adlandırdıqları gündə qayıdacağına inanmışdılar.
Mani bir çox mənada təsirli bir şəxsiyyət idi. O, yeni bir dil, ədəbiyyat və ədəbi baxış yaratmışdı. Mani ilk miniatürün və rəsm əsərlərinin banisidir. Xristianlıqda təsvir və islamda 12 imam anlayışını da Mani yaradıb. Bu gün kilsələrdə sərgilənən çarmıxdakı İsa təsvirini də Mani gətirib. Həmçinin o muğamı da sistemləşdirmişdir. Yaratdığı zehniyyətin insanlara təsiri heç bir zaman ölmədi, hətta günümüzə qədər aktuallığını qoruyur. Maninin sərhədləri asanlıqla aşan bu zehniyyəti Çindən Fransaya, Şimali Afrikaya qədər dünyanın hər yerinə yayıldı. Türklər yaratdıqları Uyğur dövlətində onun inancını imperiya dini elan etdilər və Maninin əsərlərini türk dilinə tərcümə edib böyük bir türkdilli manixeist külliyyat ərsəyə gətirdilər. Davamında pavlikianlıq, Balkanlarda boqomilizm, Fransada qatarlar Mani təliminin təsirində xristianlıq içindən çıxan cərəyanlar olaraq geniş coğrafiyalara yayıldılar. Xürrəmilik kimi geniş dini-sosial hərəkat öz inanc qaynağını manixezimdən aldı. Xürrəmiliyin içindən çıxan Bardeisan cərəyanı isə daha sonralar islam içərisində ismaili hərəkatının təməl qaynağı oldu.
Əkbər Nəcəf, Parfiya. Orta Dünyanın Memarları
Əkbər Nəcəf, Mitranın oğlu Babək
Teref.az