Azərbaycanlıların kədərli taleyi: Ölənə kimi işləmək...
21-03-2023, 11:36
Kim deyib, nə vaxt deyib, yadımda deyil, amma dəqiq deyib: "Azərbaycanlılar əvvəl balaları, sonra nəvələri üçün yaşayırlar. Ömür vəfa etsə, nəticə və kötücələrini ağ günə çıxarmağa çalışırlar".
Həmişə belə olub, bizdən əvvəlkilər bizim üçün yaşayıb, biz isə övladlarımız üçün yaşayırıq. Oğul-uşağımız bizdən estafeti qəbul edib özündən sonraki nəsillərə ötürəcək. Beləcə, qərinələr keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma bizim həyatımızda heç nə dəyişməyəcək. Orta statistik azərbaycanlı öz dədə-babası kimi ölənə qədər işləyəcək...
Ətrafınızda dünya səyahətinə çıxmaq isdəyən adam varmı? Bu arzu ilə yaşayan bircə nəfər tanıyırsınızmı? Bəlkə də kimlərinsə belə bir arzusu var. Amma dilə gətirməyə utanır, gülüş yeri olmaq istəmir. Axı bura Azərbaycandı. Burda insanlar günü-günə güclə calayır. Burda insanlar Oğuzda yaşayan yaşlı valideyinlərinin ziyarətinə getməyə pul tapmır. Şəkidən Bakıya gəlməyə pulu olmayan zavallı azərbaycanlı Aralıq dənizinin sahillərində istirahət etməyi necə ağlına gətirsin? Əvəllər arzudan arzu doğurdu, indi arzularımız da qısırdı, onlar da doğub-törəmir...
ABŞ-da 80 yaşlı adam prezidentliyə namizəd olur, Azərbaycanda isə hər min adamdan biri 80 il yaşayır. Çoxunun quru nəfəsi gedib-gəlir. Altmış yaşa çatanda işləməkdən çoxunun qəddi əyilir, əlləri əsir, gözləri tor görür. Buna görə də Azərbaycanda pensiya yaşına çatanların sayı ilbəil azalır. Bu ölkədə pensiya almaq Marsdan torpaq almaq qədər çətin işdir.
Mən hələ onu demirəm ki, bizim günəşli ölkəmizdə pensiya məbləği çox aşağıdır. Ancaq vaxtilə vəzifədə işləmiş, çapıb-talamış adamlar yüksək pensiya ala bilir. Qara camaatın günü isə həmişə qaradır; işləyib maaş alanda da, işləməyib pensiya alanda da ayın sonunda əlinə qəpik-quruş gəlir. Buna görə də pensiya yaşına çatanların çoxu qalıb işləmək istəyir. İndi Azərbaycanda insanların ən böyük arzusu ölənə kimi işləməkdir...
Kədərli statistikadı, amma həqiqətdi. Təkcə 2022-ci ildə ölkəmizdə pensiya alanların sayı 86 300 nəfər azalıb. İqtisadçı Qubad İbadoğlunun apardığı araşdırmalar nəticəsində məlum olub ki, hazırda Azərbaycan əhalisinin cəmi 11 faizi pensiya alır. Bəyənmədiyimiz Belarusda bu rəqəm 26,5 faiz təşkil edir. Qara milləti işlədib ağ günə çıxan Rusiya əhalisinin 30 faizi pensiya alır. Azərbaycanda hər 1000 nəfərdən cəmi 111-i, qotur Ermənistanda isə hər 1000 nəfərdən 158-i pensiyaçıdır. Rusların bir ildən çoxdur oda bələdiyi ucsuz-bucaqsız Ukrayna çöllərində isə bu rəqəm əhalinin təxminən 26 faizini təşkil edir.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da insanlar ona görə çalışıb-vuruşur ki, qocalanda pensiya alıb rahat yaşasın. Ancaq pensiyaya çıxandan sonra ayağını uzadıb şad-xürrəm yaşamaq hamıya nəsib olmur. Çünki bizim ölkəmizdə çox adam pensiyaya çıxmamışdan qabaq ayağını uzadır. Amma isti yorğan altında deyil, soyuq qəbirdə. O dünyada isə heç kimə pensiya verilmir...
Seymur VERDİZADƏ