Sekulyarizasiya nədir? | Dünyəviləşmə nəzəriyyəsinin yüksəlişi və süqutu
11-07-2023, 08:58
Son zamanlar sosial mediada məşhur olan alimlərin heç bir dinə inanmaması iddiasının kökləri sekulyarizasiya (dünyəviləşmə) nəzəriyyəsi olaraq bilinən bir nəzəriyyəyə əsaslanır. “Sekulyarizasiya tezisi cəmiyyətlərin, xüsusən müasirləşmə, rasionallaşma yolu ilə elm və texnologiyada irəlilədikcə ictimai həyatın və idarəçiliyin bütün aspektlərində dinə olan inamın azaldığı fikrini özündə ehtiva edir”1. Bu fikrin köklərini Maariflənmə dövründə, xüsusən də, onun fransız versiyasında tapmaq olar2. Klassik sosioloqlardan Auguste Comte bu nzəəriyyənin ilk tərəfdarlarından biridir. Comte`yə görə proses üç mərhələdə irəliləyir: teoloji mərhələ, fəlsəfi mərhələ və pozitiv yaxud elmi mərhələ. Onun fikrincə, yalnız elmin inkişafı ilə insanlar teoloji xurafatlardan, fəlsəfi abstraksiyalardan qurtularaq elmin üçüncü mərhələsinə çatmışlar.
Burada adını çəkməli olduğumuz başqa bir sosioloq Maks Veberdir3. Veber hesab edirdi ki, elmi-texniki biliklərin artan tətbiqi ilə din müasir cəmiyyətdə artıq mühüm rol oynamayacaq. Məntiq sadədir: əgər dinin tənəzzülünün səbəbi elmdirsə, onda dindən ilk dönənlər də məhz elm adamları, alimlər olmalıdır.
İkinci Dünya Müharibəsindən sonra Qərbdə kilsəyə gedənlərin azalması ilə bir çox sosioloqlar müasir cəmiyyətdə dinin rolunu izah etmək üçün sekulyarizasiya nəzəriyyəsindən istifadə etməyə başladılar4. 1950-1970-ci illər ərəfəsində bu düşüncə tərzi əksəriyyət tərəfindən qəbul edilməyə başlandı5. Sekulyarizasiya nəzəriyyəsinin tərəfdarlarından olan Bryan Wilson xristianlığa olan inancın itməsinə görə ilk növbədə elmin məsuliyyət daşıdığı fikrinin tərəfdarı idi6. Əlbəttə, bununla razılaşmayanlar da var idi, sekulyarizasiya tezisinin bəzi tərəfdarları öz nəzəriyyələrində elmin rolunu heç araşdırmayıblar7.
1980-ci illərdən8 bəri sekulyarizasiya nəzəriyyəsi ciddi şəkildə tənqid olundu, belə ki, nəzəriyyənin xüsusən də Qərbi Avropa nümunəsi digər yerlərdə rastlanmırdı. Daha əvvəl “New York Times”da “21-ci əsrdən etibarən dindarlar yalnız kiçik təriqətlərdə tapılacaq”9 fikri ilə tanınan Peter Berqer sekulyarizasiya nəzəriyyəsi ilə bağlı öz fikirlərindən məhz digər bölgələrin yenə də əvvəlki kimi inanclı olduğunu başa düşdüyü üçün imtina etdi10. Sekulyarizasiya nəzəriyyəsi bir çox yöndən, o cümlədən, bizim bu məqalədə əsas olaraq ələ aldığımız, dünyəviləşmənin elmi inkişaf kimi qeyri-insani qüvvələr tərəfindən idarə olunduğuna dair geniş yayılmış keçmiş nüfuzlu inanc yönündən tənqid edilmişdir. Bunun əvəzinə, sekulyarizasiya əsas rol qismində xüsusi ideoloji gündəliyi olan müəyyən aktyorların oynadığı bir inqilab kimi qəbul edilməyə başladı11. David Martin elmin sekulyarizasiya ilə heç bir əlaqəsinin olmadığını iddia edirdi12. Buna bənzər fikirləri hələ də sekulyarizasiya nəzəriyyəsinin müdafiəçisi sayılan Steve Bruce13 də ifadə etmişdir. Yuxarıda adı çəkilən Peter Berger də müasirlik və sekulyarizasiyanın “əl-ələ” tutması anlayışının sadəcə olaraq yanlış olduğuna inanır14.
Amerikalı sosioloq Rodney Stark da sekulyarizasiyanı tənqid edərkən elmin inamsızlığın artmasına səbəb olduğu fikrini qəbul etmir15. London Qlobal Universitetinin professoru olan politoloq Zeynep Bulutgil də dünyəvi qurumların mənşəyi ilə bağlı son araşdırmasında, ən azı müəyyən dərəcədə, elm və sekulyarizasiya arasındakı əlaqə ilə razılaşmır: “Axı Pakistan və Mərakeş kimi bu gün institutsional sekulyarlaşmanı qəbul etməyən ölkələrin urbanizasiya və savadlılıq səviyyəsi 1920-ci illərin sonlarında institutsional sekulyarlaşmanı qəbul edən Türkiyə və Albaniya kimi ölkələrdən daha yüksək və ya ən azından onlarla müqayisə olunacaq səviyyədədir”16.
Oxşar məlumatlara tarixlə məşğul olan alimlərin məqalələrində də rast gəlmək olar. Məşhur tarixçi John Hedley Brook “Müasir elm Qərb mədəniyyətini dünyəviləşdirib” ideyasının mifdən ibarət olduğunu təyin edir17. Ümumilikdə, sekulyarizasiya nəzəriyyəsinin hələ tərəfdarları olsa da və hətta bəziləri onu müxtəlif düzəlişlərlə qorumağa çalışsa da, “onun kəskin dərəcədə zəiflədiyinə şübhə yoxdur”18 və o, “din sosiologiyasında öz hakim statusunu” itirmişdir”19.
Qeyd etmək lazımdır ki, sekulyarizasiya nəzəriyyəsinin yüksəlişi və (nisbi) süqutu tarixi sosial elmlərdə əvvəllər bizə tanış olan başqa bir nəzəriyyənin yüksəlişi və (bu halda demək olar ki, tam) süqutu ilə paralellik təşkil edir. John William Draper20 və Andrew Dickson White21 adətən konflikt nəzəriyyəsinin – yəni elmin qalib gələrək son nəticədə dini əvəz etdiyi, elm və dinin uzlaşmayan və daima öz aralarında qarşıdurma vəziyyətində olduğunu iddia edən nəzəriyyənin22 tətbiqi ilə “tanınırlar”. Bu müəlliflərin fikirlərinin XIX əsrin sonlarında məşhurlaşdırdığı güman edilir23.
Sekulyarizasiya nəzəriyyəsində olduğu kimi, konflikt nəzəriyyəsinin də olduqca erkən dövr tənqidçiləri var idi24. Lakin bütün bu tənqidlərə baxmayaraq konflikt tezisi də sekulyarizasiya nəzəriyyəsi kimi tarixçilər arasında tez bir zamanda ortodoks (hakim) görüşə çevrildi və həmçinin sadə insanlar arasında da məşhurluq qazandı. Bununla belə, tənqidlər getdikcə çoxalırdı və 1980-ci illərdə alimlər arasında (demək olar ki) yeni konsensus (ümumi fikir birliyi) yarandı. Beləliklə də bu konsensus konflikt tezisini XIX əsrin sonlarına aid bir mif kimi qiymətləndirərək onu tamamilə gözdən saldı. Hal-hazırda Yeni Ateizm tərəfdarları hələ də öz kitablarında konflikt tezisindən bəhs etsələr də, bunu təsdiqləyən sanballı tarixçilər olduqca azdır.
Son olaraq, alimlərin inancı ilə bağlı aktual suala cavab vermək istərdik. Birinci Dünya Müharibəsindən bir qədər əvvəl psixoloq James Leuba Amerikada keçirdiyi sorğu ilə min nəfər alim arasında yalnız 42 faizinin hər hansısa bir Tanrıya inandığını aşkar etdi. Leuba özü də inanırdı ki, elm cəmiyyətdə yayıldıqca “dini doqmalardan imtina ediləcək”25. 1998-ci ildə bənzər sorğunun nəticələri demək olar ki, eyni nəticəni göstərirdi – 39 faizdən bir qədər yuxarı26. John Hedley Brook mövcud vəziyyəti “tanınmış elm adamları arasında daha yüksək dərəcədə dini skeptisizmin olmasına dair faktlar var … Lankin yuxarıda qeyd olunan məlumatlar elmin mütləq şəkildə sekulyarizasiyaya gətirib çıxardığı fikrini zəiflədir”27 deyə şərh edir.
Eynilə, məşhur sosioloq Elaine Howard Ecklund və onun həmkarları elm adamlarının inanclı olması ilə bağlı apardıqları çoxsaylı araşdırmalarında olduqca maraqlı nəticələrə gəliblər. ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hindistan, Türkiyə, Tayvan və Honq-Konqdan olan iyirmi mindən çox alimin iştirak etdiyi sorğudan sonra onlar belə nəticəyə gəliblər:
Dünyada düşündüyümüzdən daha çox inanclı alim var.. Hindistan, İtaliya, Tayvan və Türkiyədə alimlərin əksəriyyəti müəyyən bir dini mənsubiyyətə malikdir. Araşdırdığımız bütün digər bölgələrdə alimlərin təxminən üçdə biri dinə bağlıdır. Əlbəttə, dinə mənsub olmaq mütləq şəkildə inanmaq və ona əməl etmək anlamına gəlmir, bəzi hallarda və müəyyən şərtlərdə dini mənsubiyyəti olan alimlər sadəcə mədəni ənənəyə riayət etmiş kimi görünə bilər… Alimlərin əksəriyyətinin dinə mənsub olduqlarını dedikləri Hindistan, İtaliya, Tayvan və Türkiyə kimi yerlərdə elm adamlarının yarıdan çoxu ən azından “az dərəcədə də olsa inanclı” olduğunu bildirir. Fransa, Honq-Konq, ABŞ və Böyük Britaniyada inanclı alimlər azlıq təşkil edir… ABŞ və Böyük Britaniyada alimlərin təxminən 10 faizi, Hindistanda alimlərin dörddə biri və Türkiyədə elm adamlarının üçdə ikisi Allahın varlığına “şübhə etmir”.
Alimlər, hətta bəzi ateist alimlər belə elmdə dinə bağlı olan mənəviyyat görürlər. Xüsusilə, Qərb kontekstlərində biz elmdə mənəviyyat sezən inancsız və ya ateist alimlərin müəyyən fikirlərinə rast gəlirik.
Elm və din arasında konflikt perspektivi Qərbin uydurmasıdır. Elm və dinin mahiyyətcə ziddiyyət təşkil etməsi fikrinin əsasən Qərb paradiqması olduğunu görürük… Tədqiqatlarımızda konflikt perspektivini dəstəkləyən alimlərinin sayca üçdə birinə yaxınlaşan yeganə dövlətlər Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransadır.… Araşdırdığımız bölgələrdəki alimlərin böyük əksəriyyəti inanclı olmaqla alim olmaq arasında ziddiyyət olduğuna inanmırlar.28
Həmçinin maraqlıdır ki, tədqiqatçılar Hindistanda alimlərin ümumi əhalidən daha çox dinə bağlı olduğunu, Tayvanda isə alimlərin ümumi əhalidən daha çox inanclı olduqlarını aşkar ediblər. Oxşar olaraq, Türkiyədə ən azı bəzi nəticələrə görə alimlər, demək olar ki, ümumi əhali qədər inanclıdırlar29. Türkiyə Cümhuriyyəti qurulandan 70 ildən artıq müddətdə, Ahmet Kurunun ifadəsilə desək, sekulyarların mühüm dövlət vəzifələrindən, həmçinin elmi müəssisələrdən inanclı əhalini kütləvi şəkildə uzaqlaşdırdıqlarını nəzərə alsaq, Türkiyədə mövcud olan statistikadakı bu meyilliliyi anlamaq mümkündür.
Amy Unsworth keçirdiyi sorğuda iştirakçıların elm ucbatından dindən ateizmə keçid etdiyini iddia etdiyi bir neçə araşdırmadan sitat gətirir. Bununla belə, o, haqlı olaraq izah edir ki, bu iddialar əsas keçid faktoru deyil, səbəb bundan sonrakı mərhələ olan rasionallaşma ola bilər. Müasir Britaniya əhalisi ilə bağlı apardığı araşdırmada o, elmin formal öyrənilməsi ilə dindən inancsızlığa keçid arasında heç bir əlaqənin olmadığı qənaətinə gəlir. Maraqlıdır ki, o, ateistlər arasında Richard Dawkins`in “Tanrı illüziyası” kitabını oxumaqla din və elm arasında ziddiyyətə inanmaq arasında daha çox əlaqə olduğu aşkar edib. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu fikir bir neçə onilliklər ərzində tarixlə məşğul olan alimlər tərəfindən ciddi şəkildə tənqid edilmiş və əsassız sayılmışdır.30
Ümumilikdə, məqalədə iddia etdiyimiz şey budur ki, sekulyarizasiya nəzəriyyəsinin xüsusi bir versiyası olan – elmin inkişafının cəmiyyətin dünyəviləşməsinə birbaşa təsir etdiyi – fikri artıq qüvvədə deyil və hakim görüş hesab olunmur. Bura bəzi Qərb ölkələrində alimlərin ümumi əhali ilə müqayisədə sayca daha az inanclı olması fikri də daxildir. Gördüyümüz kimi, bu əlaqə bəzi digər qeyri-qərb ölkələri üçün keçərli deyil. Lakin hətta qərb cəmiyyətləri üçün belə bu faktı başqa amillərlə izah etmək mümkündür. “Tarixçilər bir vaxtlar ümumi dini dəyərlərlə bağlı olan icmaları parçalayan sosial və coğrafi hərəkətlilikdəki artımı vurğulayırlar. Kapitalizmin, ticarətin və istehlakın böyüməsi dini qurumlara və onların uzunmüddətli məqsədlərinə təhlükə sayılan hedonizmi (həyatda həzz almağın yeganə məqsəd olduğunu deyən cərəyan) gücləndirdi. Rəqabətdə olan cazibə mərkəzləri dini ibadətlərin marjinallaşdırılmasına təkan verdi. Dünyəvi dəyərlər təhsil sferasında və media tərəfindən ciddi şəkildə təbliğ olundu”.31
Bu məqalə müəllifinin təvazökar fikrinə görə, başqa bir amil də alimlər arasında dini skeptisizmi xüsusilə artıra bilər. Aydındır ki, alimlər əhalinin qalan hissəsinə nəzərən daha yüksək IQ-ya malikdirlər. Bununla belə, bu insanların sosial vəziyyətləri və həyat standartları kapitalistlərə, hətta adi məşhur insanlara belə çatmadığı bir dövrdə onların azad düşüncə ideyaları Maslowun ehtiyaclar iyerarxiyasında özlərinə hörmət qazanmaq naminə baş vurulan bir yol ola bilər.
Sonda başqa bir maraqlı faktı da sizlərlə bölüşək. Elaine Howard Ecklund’ın öz araşdırmasından sonra gəldiyi nəticələrdən biri də budur: bütün bölgələrdə qadın alimlər kişilərdən daha inanclıdırlar. Əgər alimlər (Qərb dünyasında) elmi biliklərinə görə ümumi əhali ilə müqayisədə daha az inanclıdırlarsa, yuxarıda qeyd olunan faktdan belə nəticəyə gəlmək olar ki, kişi alimlər qadınlardan daha biliklidirlər, çünki elm kişiləri qadınlara nəzərən daha az inanclı edir. Feministlər bunu qəbul etməyə hazırdırmı? Düşünməyə dəyər…
organicelm.com