Milli tarixi kim yazmalıdır?
31-03-2024, 08:06
Azərbaycan tarixinə dair ən yaxşı kitabları kimlər yazmalıdır? Məsələn, Ağqoyunlu dövləti Azərbaycan tarixşünaslığında əhəmiyyətli bir yer tutur. Ağqoyunlular tarixinin müxtəlif aspektləri həm Azərbaycan, həm də xarici tarixşünaslıqda araşdırılıb. Azərbaycan tarixşünaslığında bu mövzuya ilk müraciət edən Abbasqulu Ağa Bakıxanov olub və sonradan Şahin Fərzəliyevin və Tofiq Nəcəflinin Ağqoyunlu dövlətinin ümumi tarixinə aid, Yaqub Mahmudovun isə Ağqoyunlu dövlətinin xarici əlaqələrinə aid kitabları işıq üzü görüb. Azərbaycan tarixşünaslığı ilə müqayisədə xarici tarixşünaslığın Ağqoyunlu dövlətinin tarixi ilə bağlı araşdırmaları daha spesifik və çoxşaxəlidir. Bunlara D. Pottsun köçəri türk tayfalarının ictimai quruluşuna aid tədqiqatını, İ. Lazzarininin Ağqoyunluların xarici əlaqələrini təhlil edən əsərini, F. Sümərin Uzun Həsən və Ağqoyunlu dövlətinin tarixinə həsr olunmuş məqalələrini, S. Erşahinin Ağqoyunluların sosial-mədəni tarixinə həsr olunmuş tədqiqatını, V. Minorskinin Ağqoyunluların iqtisadi tarixinə aid məqaləsini və digər tədqiqatları misal göstərmək olar.
Bir neçə aydır ki, Bakı Araşdırmalar İnstitutu ABŞ alimi Con Vudsun Ağqoyunlular: Tayfa, Konfederasiya, İmperiya kitabının tərcüməsini təqdim edir. Bu kitab həm əhatə etdiyi problemlər dairəsinə, həm də tədqiqata cəlb edilən ilkin mənbələrin sayına görə, sözsüz ki, Ağqoyunlu dövlətinin tarixinə həsr olunmuş mükəmməl tədqiqat əsəri hesab edilə bilər. Bu qeyd edilənlərlə tanış olan oxucuda belə bir sual yarana bilər: Nə üçün Ağqoyunlular dövlətinin tarixinə dair mükəmməl əsəri bu dövləti özününkü hesab edən Azərbaycan tarixçisi deyil, amerikalı tarixçi yazıb? Bu, maraqlı bir sualdır, lakin mən bu sualdan qaçaraq problemə bir qədər fərqli bucaqdan yanaşmaq istəyirəm və belə bir sual qoyuram: Milli tarixi kim yazmalıdır- milli tarixçi, yoxsa qeyri-millətin nümayəndəsi?
Burada milli tarix dedikdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsini hədəfləyən, dövlətin və hakimiyyətin rəsmi ideologiyasını təbliğ və təşviq edən tarix əsərlərini deyil, ölkə tarixinə dair ilkin mənbələrə və elmi metodologiyaya əsasən yazılmış fundamental tarixi əsərləri nəzərdə tuturam. Çox zaman –tarixi nə üçün öyrənirik?- sualına bəsit bir cavab veririk: Keçmişimizi bilməsək gələcəkdə bizi nə gözləyəcəyini proqnozlaşdıra bilmərik. İngilis tarixçi Con Toş isə Tarix nə üçün önəmlidir kitabında iddia edir ki, tarix məhz müasir dövrümüz haqqında məlumat əldə etmək və müasirliyin mühüm problemlərini tənqidi dərk etmək üçün lazımdır.
Tarixçi kimdir? Tarixçi tədqiq etdiyi dövrün mənbələrinin dilini bilən, analitik-müqayisəli təhlil qabiliyyətinə malik, tarixin tədqiqat metodları və metodologiyasını dərindən mənimsəmiş mütəxəssisdir. Tarixçi keçmişin qaranlıqlarında unudulmuş mənbələri araşdırır, tapdığı ən kiçik detalları bir-biri ilə əlaqələndirir, müqayisəli təhlil əsasında hadisələrin bitkin təsvirini yaradır. Bu təsviri yaradarkən tarixçi yüksək professionallıq nümayiş etdirməli, tədqiqat metodologiyasının bilicisi olmalı və neytrallığını qorumalıdır. Lakin keçmişin bərpası ilə məşğul olan tarixçi ümumi abstraksiyaları deyil, konkret ərazilərdə baş verən hadisələri təhlil etdiyi üçün istər-istəməz həm də milli tarixin yaradıcısına çevrilir. Milli tarixin hamıya məlum olan mühüm sosial funksiyası sosial yaddaşı formalaşdırmasıdır. Sosial yaddaş cəmiyyətin kollektiv kimliyini formalaşdırır və onun ümumi abstraksiyalara loyallığını təmin edir. Beləliklə, tarixçi müəyyən bir xalqın keçmişini şərh etməklə həmin xalqın obrazını yaradır.
Azərbaycanda professional tarixçi yetişdirən yeganə təhsil ocağı Bakı Dövlət Universitetinin Tarix fakültəsidir. Təəssüf ki, fakültənin tədris planı tarixçi hazırlamaq üçün uyğun deyil. Birincisi, fakültədə ixtisas dilləri (məsələn, qədim dövr üzrə qədim yunan və latın dili, orta əsrlər üzrə ərəb, fars, Osmanlı türkcəsi) tədris olunmur. Azərbaycanda az sayda fars və ərəb mənbələri əsasında yazılan tədqiqatlar var ki, onların da müəllifləri adətən Şərqşünaslıq fakültəsinin məzunlarının içərisindən çıxır. Dil qabiliyyəti onlara birbaşa ilkin mənbələrlə işləmək imkanı verir. Lakin tarixin tədqiqat metodlarından xəbərsiz olduqlarından onlar keyfiyyətli tədqiqat işi yazmaq imkanından məhrumdurlar. İkincisi, fakültədə tədqiqat metodları və metodologiyanın lazımi səviyyədə tədris olunmadığına ölkə tarixçilərinin əksəriyyətinin yazdığı məqalələr, müdafiə etdikləri dissertasiyalar əyani sübutdur. Belə ki, Ali Attestasiya Komissiyasına Vətən tarixi ixtisası üzrə təqdim olunan dissertasiyaların əksəriyyəti müasir dövrə aiddir və onlar elmi tədqiqat işindən çox təsviri-kompilyativ yazılardır.
Müasir dövrümüzdə keyfiyyətli tarixi tədqiqat aparmaq üçün ixtisas qabiliyyətləri kifayət etmir. Tarixçinin fəaliyyət göstərdiyi siyasi mühit də önəmlidir. Əgər tarixçi demokratik dövlətdə yaşayırsa, onun milli tarixin fundamental problemlərini elmi səviyyədə tədqiq etmək şansı daha yüksəkdir. Demokratik dövlət dedikdə azad və şəffaf seçkilərin, müstəqil məhkəmələrin və azad medianın mövcudluğunu təmin edən siyasi sistemi nəzərdə tuturam. Qeyri-demokratik dövlətlərdə isə müstəqil tarix yazmağa təşəbbüs etmək və müstəqil tarixçi olmaq çətindir. Belə ki, hakimiyyət idarə etdiyi cəmiyyətə mesajlarını, seçdiyi ideologiyanı əsasən tarix vasitəsilə ötürdüyü üçün tarixçinin nəzarətdə saxlanılması önəmlidir. Hakimiyyətin nəzarətində olan tarixçi yazdığı tarixi hakimiyyətin təklif və tələblərinə uyğunlaşdırmalıdır. Bu isə əksər hallarda tarixi mənbələrin, proseslərin və sonda elmi nəticələrin saxtalaşdırılmasına gətirib çıxarır.
Bəs siyasi hakimiyyət tarixçiyə sifarişi necə ötürür? Hakimiyyətin tarixçilərə sifarişlər verməsi olduqca qədim ənənədir. Məsələn, Səfəvi hökmdarı Şah İsmayıl Xətai nəslini müqəddəsləşdirmək üçün saray tarixçisi İbrahim Əl-Əminiyə sifariş vermişdi. Əl-Əmini İsmayılın nəslini müqəddəsləşdirmək üçün tarixi təhrif etmək, mənbələri saxtalaşdırmaq məcburiyyətində qalmış və sonda İsmayılı Məhəmməd Peygəmbərlə qohum kimi göstərməyi bacarmışdır. Müasir dövrdə hakimiyyətin tarixçilərə sifarişini dövlət başçılarının rəsmi çıxışlarda tarixə edilən ekskurslarından görmək olur. Məsələn, Prezident İlham Əlyev dəfələrlə Qarabağ problemini Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlamağa cəhd göstərmiş, Cümhuriyyət qurucularını Yerevan şəhərini Ermənistana verməkdə ittiham etmişdir. 2004-cü ildə Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti ilə görüşündə isə müasir Azərbaycan tarixini necə görmək istədiyi haqqında tarixçilərə açıq mesaj vermişdi. Yaxud da qonşu dövlətin başçısı Vladimir Putin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibəyə haqq qazandırmaq, ukraynalıları ruslarla eyniləşdirmək üçün XIII əsrdə Böyük Litva Knyazlığında baş verən hadisələri saxtalaşdırmışdır.
Tarixçi tarixi saxtalaşdıraraq peşəsinə nə səbəbdən xəyanət edir? Qeyri-demokratik şəraitdə yazmağa məcbur olan tarixçini peşəsinə xəyanət etməyə vadar edən bir neçə səbəb vardır. Bu səbəblərdən ən zərərsizi müstəqil olmağa çalışan tarixçinin elmi ad və dərəcədən məhrum edilməsidir. Azərbaycanda elmi dərəcə və ad almaq üçün tarixçi Azərbaycan Respublikası Prezidenti yanında yaradılmış Ali Attestasiya Komissiyasına müracət edir. Bu Komissiya adından da göründüyü kimi, siyasi hakimiyyətə bağlı olduğundan onun maraqlarını qoruyur və rəsmi ideologiyaya zidd olan hər hansı bir elmi tədqiqat işini qəbul etməkdən imtina edir. Elmi ad və dərəcələr isə məlum olduğu kimi tədqiqatçılara ciddi bonuslar qazandırır. Tədqiqatları və elmi baxışları rəsmi ideologiya və hakimiyyətin ritorikasına uyğun gəlməyən tarixçinin universitet auditoriyalarına çıxışı qadağan edilir. Yəni faktiki olaraq tarixçi peşəsini professional icra etdiyi üçün cəzalandırılır və bu cəza onun və yaxınlarının həyatına ciddi təsir göstərir. Belə olduğu halda tarixçilər mövcud şəraitə uyğunlaşmağa çalışır və hakimiyyətin sifarişlərini icra etməyə məcbur olurlar. Sovet dövrü tarixçilərinin əksəriyyətinin elmi mövqeyi məhz bu cür formalaşıb.
Məqalənin əvvəlində qoyulan suala qayıdaraq cavabı oxucunun özünün verməsini istəyirəm. Məsələn, bu suala cavab vermək üçün oxucu Ağqoyunlular haqqında yazmış iki tarixçinin – amerikalı alim Con Vuds və azərbaycanlı alim Yaqub Mahmudovun əsərlərini müqayisə edə bilər. Bu müqayisədə Mahmudovu seçməyimin bir neçə səbəbi var. Əvvəla, Vuds kimi Mahmudov da məhz Ağqoyunlulara həsr olunan tədqiqatına görə elmi dərəcə alıb. İkincisi və ən əsası, Mahmudov müstəqil Azərbaycanda ən azı iyirmi il tarix elminə məsul şəxs olub. O, uzun illər Vətən tarixi üzrə İxtisaslaşmış Müdafiə Şurasının və Koordinasiya Şurasının sədri vəzifəsini icra etmiş, bununla yanaşı AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qısası, Mahmudov uzun illər Vətən tarixi üzrə müdafiə edilən dissertasiyaların həm mövzusunun müəyyənləşdirilməsində, həm də müdafiəyə buraxılmasında son söz sahibi olub. Yəqin ki, böyük səlahiyyətlər ona tarix elmi sahəsində müstəsna xidmətləri, mükəmməl tarixi bilikləri, yüksək professionallığı əsasında verilib.
Mahmudovun Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin ikinci yarısı–XVII əsrin əvvəlləri) adlı tədqiqat əsəri onun doktorluq dissertasiyasıdır. Bu mövzuda tədqiqat aparmaq üçün o ən azı latın və fars dillərini bilməlidir. Çünki bu dillər həmin dövrün sənədlərinin – yəni ilkin mənbələrin dilidir. Bu dilləri bilmədən elmi problemi araşdırmaq, elmi nəticə əldə etmək mümkün deyil. Mahmudovun dissertasiyasının sonunda 594 istinadın adı qeyd edilib və bu istinadların heç biri ilkin mənbə deyil. Mahmudov tədqiq etdiyi dövrün mənbələrini birbaşa oxumaq iqtidarında olmayıb. Məhz buna görə də dissertasiyada ilkin mənbələrə deyil, həmin mənbələri oxuyub şərh etmək qabiliyyətinə malik tarixçilərin və tərcüməçilərin əsərlərinə müraciət edib. Məsələn, Mahmudov fars dilini bilmədiyi üçün Bidlisinin əsərini oxuya bilməyib, bu əsəri oxuyub şərhlər verən Vasilyevanın tərcüməsinə müraciət edib. Yaxud da Mahmudov latın dilini bilmədiyi üçün dövrün tanınmış diplomatı və səyyahı İosafat Barbaronun səyahət qeydlərini oxuya bilməyib, onları oxuyub şərh vermiş Skrijinskayanın tədqiqatına müraciət edib. Vudsun tədqiqatı ilə tanış olan oxucular onun hər səhifəsində çoxlu sayda ilkin mənbələrin şərhinin yerləşdirildiyinin şahidi olublar. Bu o deməkdir ki, amerikalı alim birbaşa fars, ərəb və Osmanlı türkcəsində yazılmış mənbələrlə işləyib orijinal tədqiqat işi yaradıb. Vuds şərq dillərini bilən başqa tarixçinin əsərinə əsaslanaraq tarix yazmayıb. Bu qeydləri nəzərə alan oxucu, çox güman ki, milli tarixin kimin tərəfindən – professional, yoxsa milli tarixçi tərəfindən yazılmalı olduğu sualına ağlabatan cavab tapa biləcək.
Şəlalə Məmmədova
Tarix elmləri doktoru və BDU-nun sabiq prorektorudur. Hazırda ABŞ-da Vudro Vilson Mərkəzinin Kennan İnstitutunun tədqiqatçısıdır.
https://bakuresearchinstitute.org/