Qəzada ölən Qarabağ qazisinin qanını pulla “yumaq” istəyirlər! – SƏRT REAKSİYA
3-08-2019, 11:02

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Yasamal rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado" markalı minik avtomobili ilə Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Əraziyə Dövlət Yol Polisləri (DYP) əməkdaşları cəlb olunub, sürücü saxlanılıb. Amma bu işdə müxtəlif müəmmalar ortaya çıxıb.
Redaksiyamıza məlum hadisə ilə bağlı maraqlı məlumat daxil olub. İddialara görə, Qarabağ qazisinin ölümünə səbəb olan M.Bəşirov saxlanılsa da, o, külli miqdarda rüşvət verib, Qarabağ qazisinin qanını pulla "yumağa" çalışır. Əlbəttə, bu hal Qarabağ qazisinin ailəsi, yaxınları və eləcə də Azərbaycan ictimaiyyətində ciddi narazılıqlara yol açıb. Doğrudur, ümumiyyətlə, istənilən sadə, sıravi vətəndaşın belə analoji halla üzləşməsi arzuolunan deyil. Amma söhbət Qarabağ qazisindən gedirsə, məsələ xeyli kövrəkləşir və ya gərgin fazaya, müstəviyə keçir. Axı bu ölkənin, bu vətənin müstəqilliyinin qorunması uğrunda sinəsini düşmən gülləsi qarşısında sipər edən bir qəhrəmanın qanını necə batırmaq olar? Axı M.Bəşirov kimiləri və onu himayə edənlər niyə unudurlar ki, Azərbaycan kimi hüquqi, demokratik bir ölkədə yaşayırlar. Ölkə başçısı cənab İlham Əliyev bu məsələyə dəfələrlə xüsusi diqqət çəkərək bütün ölkə ictimaiyyətini Qarabağ qazilərinə, şəhid ailələrinə həssasiyyət nümayiş etdirməyə çağırıb. Hətta bu kateqoriyadan olan insanlara məxsusi diqqət və qayğının göstərilməsi ilə bağlı məmurların, iş adamlarının qarşısına sərt tələblər qoyub. Necə ola bilər ki, külli miqdarda vəsait verərək dinc şəraitdə hərbi xidmət çəkməkdən boyun qaçıran M.Bəşirov kimi imkanlı ailənin rəzil övladı XXI əsrdə, günün günorta çağında ərazilərimizin bütövlüyü uğurunda canını, qanını sipər etmiş qazinin qanını pulla yumağa çalışsın?! Bunu nə Allah götürər, nə qanun, nə də bəndə... Əlbəttə, Azərbaycanın demokratik və hüquqi ölkə olduğunu əbəs yerə vurğulamadıq. Bəli, Azərbaycan kifayət qədər hüquqi, demokratik və müstəqil ölkədir. Ölkə isə ayrı-ayrı imkanlı fərdlərin istəyi və ya təklif etdiyi rüşvətlə deyil, konstitusiyanın müəyyən etdiyi qanunlarla idarə olunur. Bu ölkənin qanunlarını pozmağa cəhd göstərmək onun "Ana Yasa"sını ayaqlar altına atıb tapdalamaqdır. Bu mənada inanırıq ki, Azərbaycanın Daxili İşlər Nazirliyi də Prezidentin apardığı siyasi kursun tələblərinə uyğun olaraq, rüşvəti deyil, vətəndaş amilini, Qarabağ və Qarabağ qazisi faktorunu əsas tutub, həssas və vicdanlı davranacaq. Məsələnin ədalətli və obyektiv həllinə töhfə verəcək. Yəni Qarabağ qazisinin ölümünə səbəb olan şəxsə qanunun tələblərinə uyğun layiqli cəza verəcək.
Yuxarıda Qarabağ qazisinin ölümünə fərman verən M.Bəşirovun hərbi xidmət keçmədiyini söylədik. Bəli, düz oxudunuz, bu adam heç hərbi xidmət də keçməyib. Biz də bu məsələdən yola çıxaraq ümumiyyətlə, M.Bəşirovun kimliyi ilə maraqlandıq. O və onun himayədarları ilə bağlı çox mübhəm, müdhiş məlumatlar əldə etdik.
Məlumatlarda da qeyd olunur ki, Qarabağ yolunda əlil olmuş, mərhum A. Məmmdovu qətl edən M.Bəşirov rüşvət və korrupsiya yolu ilə özünü hərbi xidmətdən saxladıb. O, haram yollarla milyonlara sahib olan, yüngül həyat tərzi keçirən bir şəxsdir. Vedidən olan M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlu xaricdən qaçaqmalçılıq yolu ilə mal gətirirlər. Onlar bir neçə dəfə cinayətlər törətsələr də, sonda sudan "quru" çıxamağı bacarıblar. Çox çəkməz ki, son hadisə ilə bağlı da "bəraət"alarlar.
Təkcə bir banka M.Bəşirovun anasının adına yarım milyon pul yatızdırıblar. Bundan başqa bir neçə bankda böyük məbləğdə pulları var. Məsələn, onların Sumqayıtdakı villasında müxtəlif yollarla gizlədib satdığı təhlükəli, zəhərli qazdan nələr qazandıqlarını bir Allah bilir. M.Bəşirov nişanlandığı qıza və ailəsinə kələk gələrək külli miqdarda pul "atıb" və buna görə, nişanı qayıdıb. Hətta M.Bəşirovun xalası Emilya bir neçə adama külli miqdarda pul "atdığına" görə, həbsdədir.
Sözümüzün qüvvəti olaraq onu da əlavə edək ki, M.Bəşirovun atası İ. Bəşirovun digər əlbir olduğu qohumu, bibisi oğlunun da adı qara və ya qaranlıq işlərdə çəkilir. Belə ki, Bakıda, Binəqədidəki binanın üzlənməsi işində İ. Bəşirov və onun həm bibisi oğlu, həm də şəriki olan Miryusifin birbaşa əli var. Məlum hadisədən sonra Miryusif həbsə alındı, amma İ.Bəşirov Türkiyəyə qaçıb gizləndi və bu yolla cinayət məsuliyyətindən yayına bildi. Sonra da rüşvət verərək cəzadan kənarda qaldı. Belə bir mafioz şəxsin pul verərək hərbi xidmətdən saxlatdırdığı, eyni zamanda pulla diplom alıb, "şəxsiyyət" qayırmaq istədiyi M.Bəşirovun həbsə alınmasına heç bir vəchlə imkan verməz. Onun sayı-hesabı olmayan sərvətə, villalara, maşınlara sahib olması Qarabağ qazisi ilə bağlı məsələdən də "üzü ağ" çıxacaqları ehtimalını yaradır. Amma bu işdə qanun işləyərsə, cəmiyyətdə insanlar ortaya vətəndaş mövqeyi qoyub, cinayətkarın həbsini tələb edərlərsə, o qatilin həbsinə nail olmaq mümkün olacaq. Çünki öldürülən bizim və ya övladlarımızın bu günü, gələcəyi üçün canını düşmən gülləsinin qabağına verən Qarabağ savaşçısıdır. Biz də bu faktoru rəhbər tutaraq məsələ ilə bağlı Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədovun fikirlərini öyrəndik. Məlum vəziyyəti kəskin tənqid edən Qarabağ qazisi bizimlə söhbətində bunları qeyd etdi: "Qarabağ əlillərinə qarşı olan haqsızlıq polis orqanlarında ciddi rüşvətxorluq və korrupsiya amillərinin olmasında irəli gəlir. Polis pul alıb baş vermiş hadisəni şəxsi maraqları naminə gizlətmək istəyir. Ən böyük biabırçılığımız da bax budur. Ümumiyyətlə, belə hadisələr baş verən zaman Qarabağ əlillərinin özləri və ailələri bizə müraciət etdikdə onları ciddi müdafiə edərək istənilən nəticəyə nail olmağa çalışırıq. Çox vaxt da bu nəticələrə nail oluruq. Amma təəssüf ki, rəhmətə gedən şəxsin ailəsi bizə müraciət etməyib. Biz də hadisənin baş verdiyini mətbuatdan öyrəndik. Bizə müraciət etsəydilər, əlimizdən gələn köməklikləri edər, rüşvətxorluğa qarşı sərt mövqe sərgiləyib nəticə əldə edə bilərdik. Sizinlə əlaqələri varsa, deyərdiz ki, bizə müraciət etsinlər. Kimliyindən asılı olmayaraq bu cür cinayətlərin ört-basdır edilməsi gələcəkdə daha ağır hadisələrin baş verməsinə səbəb olur. Bu, ölkəmizdə çox ciddi və ağrılı bir problemdir".
"Necə ola bilər ki, vətən uğrunda döyüşən bir adamın qanını batırmaq istəsinlər" sualına gəlincə, F.Məmmədov qeyd edib ki, istintaq işini aparan şəxs kimdirsə, onun vətənə heç bir bağlılığı yoxdur: "Elə insanların qanında müəyyən problemlər var. Deməli, bu insan şəxsi maraqlarına görə, bu vətəni, torpağı, torpaq uğrunda qanını axıdan qazini pula satmağa tam bərabərdir. Bu insan konkret olaraq bilə-bilə torpağımızı satır. O insan üçün satılmayan heç bir mənəvi və maddi dəyər yoxdur. Vətənini sata bilən insan özünə aid olan həm fiziki, həm maddi, həm də mənəvi şeyləri satar. Təəssüf ki, Vətənimizin igid oğullarına bu cür münasibət var.
2-3 il bundan öncə Türkiyədə 6 nəfər maqanda 2 qazini yolda mübahisə zəmnində döymüşdülər. Qazilərə əl qaldıran həmin maqandaya Türkiyənin dövlət suverenliyinin təhqir edilməsi statusu ilə cinayət işi açıldı və hər birinə 24 il həbs cəzası verildi. Türkiyədə bir qaziyə əl qaldırmaq dövlətin suverenliyinə əl qaldırmaq deməkdir. Ölkəmizdə isə qazilərə qarşı bu cür həqarətlər çox acınacaqlıdır. Yalnız qazilərimizlə bağlı yox, digər məsələlərdə də sıxıntılarımız var. Amma yavaş-yavaş bu neqativliklər də aradan qalxır. Ümidimizi itirməmişik. Çünki dövlət başçısı son görüşündə qazilərə "Siz mənim qardaşlarımsız" dedi. Əslində bu çıxışlar bizə olan münasibətin kökündən dəyişməsinə səbəb olur. Lakin aşağı qurumların da belə davranış sərgiləməsi yaxşı olardı. Məsələn, Müdafiə naziri Zakir Həsənov nə qazi və şəhid ailələri ilə görüş keçirir, nə də ki onlarla bağlı dilinə bir cümlə gətirir. Belə olan halda torpaqlarımızın alınmasına kim inana bilər? Müdafiə naziri bir dəfə də olsun şəhid cənazəsinə getmir. Bu necə olur ? Deməli, əsgərlərimizi vətən uğrunda müdafiəyə göndərərkən özünü bir ağa, onları da qul gözündə görür. Əsgərlərimizə quldarlıq dövründəki qullar kimi baxırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gedib şəhidin tabutundan öpür. Zakir Həsənov Ərdoğandan böyük adamdır? Başqa dövlət məmurları öz şəhidlərinə böyük hörmət edirlər, onları son mənzilə layiqli şəkildə yola salırlar. Yalnız Prezidentimiz və Birinci xanımdan belə davranışlar gözləmək lazım deyil. Hər kəs üzərinə düşəni yerinə yetirməli, vətənə, torpaq uğrunda şəhid olan qaziyə sevgisini təsdiq etməlidir. Kimsə, "mən qazini, şəhidi sevmirəm, amma vətəni sevirəm" deyirsə, həmin insan gözünün içinə qədər yalan danışır. Necə olur ki, sən vətəni sevirsən, amma vətən uğrunda canını qurban verən qazini yox? İnşallah, yenə müharibə olanda yada düşər ki, vətən üçün güllə qarşısına gedən oğlanlar lazım olur, nazirlər, icra başçıları, bahalı avtomobillər sürüb, Qarabağ qazisini qətl edənlər yox. Vətən üçün canından keçməyə hazır olan oğullarımızı sevmək lazımdır. Onların təminatını düzəltmək, onları xan kimi yaşatmaq lazımdır. Yoxsa Binəqədi icra başçısının bütün irsi xan kefi ilə yaşayır, Qarabağ əlili onun qapısına gedib parkda atraksion qurğuları qoymaq üçün imkan yaratmağını istəyir. Amma icra başçısı heç bir yardım göstərmir və israrla deyir ki, həmin atraksionları öz adamına verəcək. Belə məmur vətəni necə sevə bilər axı?!"
Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov da söyləyib ki, Qarabağ qazilərinə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır: "Qarabağ qaziləri Azərbaycan üçün hər zaman dəyərlidirlər. Dövlətimiz hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğı göstərir. Bu kateqoriyadan olan insanlar daim dövlət başçısının diqqəti mərkəzindədir. İnanıram ki, son olayla bağlı da Azərbaycanda qanunun keşiyini çəkən hüquq-mühafizə orqanları ədalətli və obyektiv iş aparacaq. Cinayət varsa, cəza da olmalıdır".(Newscenter.az.)