“Eldorado”nun sahibi: “Bura 200 min manat pul tökürəm, onda BŞİH zəhmət çəksin, gəlib mənim işçilərimin pulunu versin”

6-08-2019, 10:09           
“Eldorado”nun sahibi: “Bura 200 min manat pul tökürəm, onda BŞİH zəhmət çəksin, gəlib mənim işçilərimin pulunu versin”
İyunun 15-dən etibarən çimərlik mövsümü ilə bərabər bəzi şəxslərin “bazar”ı da açıq elan edilib desək, yanılmarıq. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, əhalidən girişə görə yox, yalnız xidmətə görə pul almaq olar. Lakin sən saydığını say, gör “sahibkar”lar nə sayır...
Biz də BŞİH-nin bu elanına güvənib “pulsuz” çimərliklərdən istifadə etməyə qərar verdik. Üz tutduğumuz məkan Şıx zonasında yerləşən “Eldorado” oldu. Elə çimərliyin qapısına çatar-çatmaz burada dayanan 2-3 kişi bizdən adambaşı 2 manatdan giriş haqqı tələb etdilər. BŞİH-nin qərarını onların nəzərinə çatdırdıqda, adını deməyən, lakin özünü buranın sahibi kimi təqdim edən şəxs “əşşi onlar özləri üçün deyirlər, mən hər çimərlik mövsümü başlayanda bura 200 min manat (!) pul tökürəm, səhər 6-da durub buraları təmizlətdirirəm, işçilərimə maaş verirəm, içəriyə avadanlıq alıram, bəs bu pulu necə çıxarım? Onda BŞİH zəhmət çəksin, gəlib mənim işçilərimin pulunu versin” deyə qışqırmağa başladı.


Biz içəridə istifadə edəcəyimiz hər hansı xidmətin pulunu məmnuniyyətlə ödəyəcəyimizi, lakin giriş üçün BŞİH-nin qərarına əsaslanıb pul veryəcəyimizi dedikdən sonra “sahibkar” lap əsəbləşib “bu qərarı çıxardıb niyə camaatı salırlar bizim üstümüzə” deyərək, arxasiyca da kimlərinsə dalıyca bir neçə etikadan kənar söyüş işlətdi. Ona əhəmiyyət verməməyi qərara alıb, içəri keçdik və həmişə qiyməti 10 manat olan stollardan birini tutduq. Əsl həngamə də elə bundan sonra başladı... “Sahibkar”ın qapıda dayanan işçilərindən biri bizə yaxınlaşıb “stolun qiyməti 50 manatdır, ya ödəyin, ya da stolu boşaldın” dedi. Qiymətin hamı üçün 10 manat olduğu halda niyə bizdən 50 manat tələb etdiklərini soruşduqda isə “giriş pulu verəydiz, sizə də 10 manat olardı, amma qərarı gözümüzə soxursuz, dənizə BŞİH nəzarət edir, amma avadanlıq bizimdi, kefimiz kimə nə qiymət istəyər, onu da deyərik” cavabını aldıq. İşçi ilə birtəhər anlaşmağa çalışsaq da, o “ya pulu verin, ya da çıxın burdan, yoxsa sizinlə başqa cür danışacağıq” deyə bizə hədə-qorxu gəlməyə başladı. “İstirahət”ə gələn dəstəmizin 3 qadın və 5 körpə uşaqdan ibarət olduğunu nəzərə alıb, balacaların dəniz sevincini pozmamaq üçün “lənət şeytana” deyərək giriş üçün 6 manat ödəməyə məcbur olduq...


Hədə-qorxu gələn şəxs

Onu da qeyd edək ki, bütün bu hadisələr zamanı və daha sonra dayanmadan BŞİH-nin bu məsələlərə nəzarət üçün əhaliyə təqdim etdiyi qaynar xəttinə (012 566-83-71 )zəng vursaq da, telefonu götürən olmadı. Bəlkə də elə onların bu məsələyə belə etinasız münasibəti verdikləri qərara bu cür saymazyana münasibət bəsləməyə zəmin yaradır...
Mehriban Bünyadzadə




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.