Məleykə Abbaszadə saxtakarlıq və korrupsiyada ittiham olunur

10-08-2019, 02:10           
Məleykə Abbaszadə saxtakarlıq və korrupsiyada ittiham olunur
Tezliklə ali məktəblərə qəbul imtahanları başlayır. Bəziləri ciddi-cəhdlə bu sınağa hazırlaşır, digərləri isə yeni manipulyasiyalara və pul yeyintisinə…

Test imtahanları müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən sayılsa da son illər onu da eybəcər hala salıblar. İmtahanlar ərəfəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin ünvanına yenə də ittihamlar səslənir. Onu test imtahanlarının nəticələrini saxtalaşdırmaqda suçlayırlar. Xanım Abbaszadəni bu dəfə çoxdankı düşməni, keçmiş təhsil naziri Misir Mərdanov yox, elə TQDK-nın sabiq yüksək rütbəli əməkdaşı ittiham edir.

Onunla söhbəti təqdim etməzdən əvvəl cəmiyyətdə TQDK ilə bağlı səslənən bəzi ittiham və iradları xatırlatmaq istərdik. Belə fikirlər var ki, qəbul imtahanları ilə bağlı heç də hər şey şəffaf deyil. Məsələn, ictimai rəydə belə fikirlər dolaşır ki, yol polisinin, iş adamlarının, tacirlərin “öz proqramları” olduğu kimi TQDK-nın da “öz proqramı” var, düymə də öz əllərindədir, istədikləri anda 70-i 700-ə çevirə bilərlər və s.

TQDK-nın və Abbaszadə komandasının qəbul imtahanlarının nəticələrinə bilavasitə təsir göstərmək imkanlarının böyük olmasını az qala hər il eşidirik. Bəs bu fikirlər doğrudurmu?

Teref.az xəbər verir ki, Virtualaz.org saytı bu sualla tələbə qəbulu sahəsinin peşəkarına – informasiya-kommunikasiya texnologiyaları üzrə ekspert, TQDK-nın imtahanların təşkili sektorunun keçmiş müdiri Fərman Abdullayevə müraciət edib.

“Cəmiyyətdə tələbə qəbulu ilə bağlı yaranan şübhələr heç də əsassız deyil. TQDK çərçivəsində fəaliyyət göstərən (balların hesablanması, abituriyentlərin imtahan günü auditoriyalarda yerləşdirilməsi, cavab kartları, tələbə adını qazanmış abituriyentlərin ali məktəblər və ixtisaslar üzrə bölünməsi və s. işləri həyata keçirən) bütün kompüter proqramları Nazirlər Kabinetinin 2010-cu ilin mayında verilən “Dövlət informasiya resurslarının reestrizasiyası qaydaları haqqında” qərarına uyğun olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatorunun nəzarətinə verilməlidir. Amma təəssüf ki, bu, bizdə hələ də edilməyib. Nazirlər Kabinetinin həmin qərarının tələblərinə görə, tələbə qəbulu işinə müstəqil ekspertlər də cəlb olunmalıdır. Həmin ekspertlər də TQDK-nın istifadə etdiyi proqramların həqiqiliyini və ciddi ictimai nəzarət altında tam şəkildə, tam gücü ilə fəaliyyət göstərib-göstərmədiyini yoxlamalıdır. Bu tələbin TQDK tərəfindən yerinə yetirilməsindən isə söhbət belə gedə bilməz. Çünki belə monitorinqlər praktiki olaraq aparılmır. Daha dəqiq desək, belə monitorinqləri nəzərdə tutulduğu şəkildə aparmaq mümkün deyil. Ona görə mümkün deyil ki, TQDK-nın hər bir abituriyentin imtahan prosesini necə keçdiyini, onun cavab kartlarını və buna uyğun olaraq da topladığı balları ictimai nəzarətçilərə açıq-aşkar təqdim etmək gücündə olan aydın və əyani proqramı yoxdur” – deyə F.Abdullayev bildirir.

Ekspertin sözlərinə görə, belə proqramın olmaması da manipulyasiyalara yol açır: “Bu çatışmazlıq TQDK-nın istənilən nümayəndəsinə abituriyentlərin ali məktəblərə yerləşdirilməsi zamanı manipulyasiya etmək, onların ballarını artırıb-azaltmaq üçün geniş imkanlar açır. Düyməni bircə dəfə basmaq kifayətdir ki, 120 bal toplayan abituriyentin ekrandakı adının qarşısında məsələn, 520 bal yazılsın”.

F.Abdullayev bildirir ki, buna əmin olmaq üçün TQDK-nın saytının skrinşotuna baxmaq kifayətdir: “Orada komissiyanın reyestrə daxil edilmiş proqramı əks olunub. Bu proqram heç nəyi həll eləmir, yəni əhəmiyyəti yoxdur. Burada isə ortaya belə bir sual çıxır: TQDK illərdir əsasında işlədiyi, yəni bizim uşaqların taleyini həll edən proqramları niyə təqdim etmir?

Bu da həmin skrinşot:



Tələbə qəbulu prosesinin uzun illər ərzində oturuşmuş bu qeyri-şəffaf mexanizmi yalnız məmurları qane edir. Gənc nəslin taleyi onları əsla maraqlandırmır. Subyektivliyi, şəxsi iradəni, müdaxilə imkanlarını, yumşaq desək, vicdansızlığı rədd edən proqramlar bu adamların maraq dairəsinə daxil deyil. Onlar iddia edirlər ki, “belə proqramlar hələ işlənib hazırlanmayıb, hər şeyin internetdə göstərilməsini təmin etmək proqramçılar üçün çox çətindir” və s. Amma yalan deyirlər. Məsələn, Türkiyədə hər şeyi şəffaf göstərən proqramları çoxdan sınaqdan çıxarıblar və neçə illərdir tətbiq edirlər. Hər il tələbə qəbulu zamanı cəmiyyətdə dolaşan inamsızlıq dolu şayiələri, pis fikirləri, şübhələri aradan qaldırmaq gücündə olan bu təcrübəni götürüb bizdə də tətbiq etmək elə də böyük zəhmət və xərc tələb etmir”.

TQDK-nın sabiq şöbə müdiri haqqında bəhs etdiyi bu nöqsanlarla bağlı hələ bu qurumda çalışanda dəfələrlə məsələ qaldırdığını deyir: “Mən hələ TQDK-da işləyəndə ali dövlət instansiyalarına konkret təkliflər paketi ilə müraciət etmiş, qəsdən yaradılan bu durumu aradan qaldırmaq yollarını göstərmişdim. Bu çatışmazlıqlar barədə komissiyada işləyəndə də tez-tez danışır və fikirlərimi arqumentlərlə əsaslandırırdım. Onu da deyim ki, komissiya rəhbərliyi mənim dediklərimə həvəslə qulaq asır, irad və təkliflərimi qəbul edir və onları… iri stolların siyirmələrinə tullayırdı. Yazdığım bütün məktublar və təkliflər bu aqibətlə üzləşdi. Yuxarı instansiyalara yazdığım məktubu baxılması üçün yenidən TQDK-ya qaytardılar. TQDK rəhbərliyi isə mənə belə əzabverici tonda, kinayə ilə cavab verdi ki, elə biz özümüz də bu dəqiqə həmin məsələnin üzərində işləyirik… Məncə, tələbə qəbulundakı qeyri-şəffaflıq, TQDK-nın fəaliyyətindəki dumanlı məqamlar barədə çox vaxt haqlı olaraq yayılan bir çox şayiələrin kökünü birdəfəlik kəsmək üçün elə də çox şey tələb olunmur. Bu məsələ ilə dövlət səviyyəsində maraqlanmaq və azacıq inzibatçılıq iradəsi göstərmək kifayətdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.