Hacıqabul icra başçısının 1 manatlıq maxinasiyası: VƏ HƏR İL QAZANILAN 68 MİN MANAT
25-04-2016, 11:55
Hacıqabul rayonunun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaranasa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb.
Savash.org-a daxil olan məlumatda bildiririlir ki, ölkə başçısı İlham Əliyev sahibkarlara dəstək verilməsinin vacibliyini dəfələrlə vurğulasa da, Muxtarov bu tapşırıqları gözardı edir.
Görünür elə bu yarıtmaz idarəçiliyin nəticəsidir ki, Hacıqabul sosial-iqtisadi inkişaf göstəricilərinə görə digər ətraf rayonlardan geri qalır, burada işsizliyin səviyyəsi yüksək, əhalinin məşğulluğu və sosial müdafiəsi isə çox aşağı səviyyədədir. Bu öz yerində, indi isə Hacıqabul RİH başçısının daha bir qazanc mənbəyi haqda məlumat verək.
Savash.org-a daxil olan məlumata görə, Əhməd Muxtarov hər şeydən pul çıxartmağın ustası kimi ad çıxarıb. Onun rayondakı məktəb və idarələrə ölkə prezidentinin portretlərini 25-100 manat aralığında, məcburi qaydada satdırması da məhz bu “istedadın” parlaqlığının göstəricisidir. Amma mövzumz heç məcburi qaydada satdırılan portretlər də deyil.
Bilindiyi kimi, Maliyyə Nazirliyi rayon və şəhər icra hakimiyyətlərinin büdcəsinə hər bir rayon (şəhər) əhalisinin sayı qədər, adambaşına 1 manat olmaqla illik ödəmə həyata keçirir. Formalaşan bu büdcə rayon icra hakimiyyəti başçısının şəxsi nəzarətinə verilir və yerli rəhbərlər həmin vəsaitin xərclənməsində bir növ sərbəst olurlar. Belə ki, icra başçısı həmin pulu məqsədəuyğun bildiyi sahə üzrə xərcləməkdə sərbəstdir.
Savash.org-a verilən məlumata görə, illərdir ki, Hacıqabulun icra başçısı Əhməd Muxtarovun həmin vəsaiti hara xərclədiyini özündən başqa bilən yoxdur. Düzdür, bununla bağlı Maliyyə Nazirliyinə guya pulun filan problemin həllinə səfərbər edilməsi haqda yalançı hesabatlar göndərilir, amma hatta səthi yoxlama belə bu hesabatların saxtalığını ortaya çıxartmağa yetərli ola bilər.
Qeyd edıək ki, Hacıqabul rayonunun 68 min əhalisi var, Əhməd Muxtarov isə 10 ildir ki, adıçəkilən rayonun icra başçısıdır. Onun bu illər ərzində təkcə bu maxinasiyadan nə qədər qazandığını isə 3-cü sinif şagirdi də hesablaya bilər.