Arzu Rəhimovun Hacıqabuldakı adamı hədəfdədir
26-04-2016, 23:41
Ötən saylarından birində, yerli mənbələrdən alınan məlumatlar əsasında hazırlanmış və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsidə baş verən neqativ hallardan bəhs olunan tənqidi material dərc olunmuşdu.
Yazıda qeyd olunmuşdu ki, bu gün ordumuzun yüksək döyüş qabiliyyətinin təmin olunmasına görə məsuliyyət daşıyan heç də bütün qurumların rəhbərləri öz vəzifələrini vicdanla icra etmirlər.
teref.az bizimdovr.az-a istinadən xəbər verir.
O cümlədən, bu yaxınlarda daxil olmuş məlumatlardan bir neçəsində Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Belə ki, şöbənin fəaliyyətində müşahidə olunan çoxsaylı nöqsanlar barədə redaksiyamıza açıqlama verən mənbənin sözlərinə görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılır: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi üzərinə düşən işin öhdəsində layiqincə gəlməyi bacarmır, ölkənin hərbi çağırış sistemində ciddi qanun pozuntularının yaranmasına səbəb olur. Hacıqabul rayon şöbəsində hərbi xidmətinə göndərilən əsgərin qeydiyyatında müəyyən süni problemlər yaşanır. Bir sözlə, adıçəkilən qurumda rüşvətxorluq və anarxiya baş alıb gedir. Odur ki, Hərbi Prokurorluq, eyni zamanda xidmət rəisi general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması ilə bağlı müvafiq göstəriş versə yerinə düşər”. Bu xüsusda daxil olmuş başqa bir açıqlamada isə vurğulanır ki, Nurlan Abbasovun rəhbərlik etdiyi şöbədə hazırda bəzi vətəndaşlara saxta hərbi biletlərin verilməsi işi xüsusilə geniş yayılıb. Həm də məlumatlarda şöbənin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması prosedurunun kifayət qədər sadələşdirildiyi də xüsusi vurğulanır. Deyilənlərin təsdiqi olaraq, təqdim olunmuş, Səlyan rayonu, Rəncbər kənd sakini Hüseynov Faid Etibar oğlunun adına verilmiş hərbi bileti göstərmək olar. Belə ki, Nurlan Abbasovun imzası ilə təsdiq olunmuş bu sənəddə Hüseynov Faid Etibar oğlunun sülh dövründə hərbi xidmətə yarasız olması barədə qeyd öz əksini tapmışdır. Lakin Faid Hüseynovu şəxsən tanıyan mənbənin deməyinə görə, bu gəncin səhhətilə bağlı heç bir problemi yoxdur. Bizə təqdim olunmuş hərbi biletin alınması isə, Faid Hüseynova külli-miqdarda məbləğə başa gəlmişdir.
Ümumiyyətlə Səfərbərlik xidmətinin Hacıqabul rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, hazırda bu rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Qeyd edək ki, Hüseynov Faid Etibar oğlunun adına verilmiş hərbi bilet təqdim olunmuş heç də yeganə belə sənəd deyildir...
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
teref.az