Camaat Raqub Məmmədovu axtarır - Raqub Məmmədovu görənə mükafat veriləcək

30-04-2016, 00:52           
Camaat Raqub Məmmədovu axtarır - Raqub Məmmədovu görənə mükafat veriləcək
Ağdamın icra başçısı Raqub Məmmədovun yerini deyənə dana hədiyyə veriləcək. Belə bir iddia ilə JAM.AZ saytı çıxış edib. Qeyd edək ki, son bir ayda Ermənistan Silahlı Qüvvələri mütəmadi olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən kəndlərimizi artilleriya və iri çaplı silahlardan atəşə tutur. Təkcə bu həftə içində Ağcabədi, Ağdam və Tərtərin cəbhəyanı kəndlərinə düşən mərmilərin partlaması nəticəsində onlarla ev dağılıb, iki nəfər şəhid olub, 10-dan artıq yaralı var.

Xatırladaq ki, düşmən tərəfinin təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusu da lazımi tədbirlər görür. Belə ki, düşmənin bütün atəş nöqtələrini susdurmaq üçün zərbələr endirilir.

JAM.AZ xəbər verir ki, düşmənin hədəf aldığı əsas rayonlarımızdan biri Ağdamdır. İndiyə qədər rayonun bir çox kəndləri erməni terrorçuları tərəfindən artilleriya atəşinə tutulub. Elə dinc sakinləri şəhid olanlar da bu rayondandır. Maraqlıdır ki, Ağdamın icra başçısı Raqub Məmmədovu nadir hallarda dağıntılar olan kəndlərə baş çəkdiyi müşahidə edilir. Hətta mətbuat nümayəndələri belə onu tapa bilmirlər ki, vəziyyətlə bağlı məlumat əldə edə bilsinlər. Tapdıqları halda isə gülməli vəziyyət yaranır. Ermənilərin kəndləri bombalaması, dağıntılara yol verməsi, hətta itkilərimiz olduğu halda icra başçısı deyir ki, hər şey normaldır. Bunun harası və nəyi normaldır, məlum deyil.

Raqub Məmmədovun ermənilərdən qorxduğu və ya çəkindiyini demək, ən azından haqsızlıq olardı. Çünki Ağdamın icra başçısı Qarabağ döyüşlərində iştirak edib, kəşfiyyat qruplarının rəhbəri olub. Bundan əlavə, o, Tərtər kimi çətin bir rayonda MTN-in yerli şöbəsinin rəisi vəzifəsində də çalışıb. Bəs, belə olan təqdirdə, Raqub Məmmədov niyə cəbhəyanı kəndlərlə görünmür?

Bu sualın cavabını birmənalı vermək xeyli çətindir. Bura məsuliyyətsizliyi, hətta səriştəsizliyi də əlavə etmək mümkündür. Ona görə ki, Raqub Məmmədov icra başçısı olaraq dinc vəziyyətdə belə vəzifələrini icra etmək gücündə deyildi. Müharibə vəziyyətində isə onun işinin öhdəsindən gələ bilmədiyi daha qabarıq şəkildə özünü göstərir.

Bu əsnada, JAM.AZ xəbər verir ki, Ağdam camaatı icra başçılarını görənə və ya yerini dəqiq deyənə mükafat ayırıblar. Məlumatlara görə, Raqub Məmmədovu Ağdam ərazisində görənə bir dana, hədiyyə ediləcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.