Bacısı oğlu vasitəsi ilə Dubaydan Bakıya 40 “İphone” göndərdən biznesmen kimdir? - TƏFƏRRÜAT

18-07-2023, 00:12           
Bacısı oğlu vasitəsi ilə Dubaydan Bakıya 40 “İphone” göndərdən biznesmen kimdir? - TƏFƏRRÜAT
Dubayda 40 ədəd "İphone" markalı telefon gətirən biznesmenin bacısı oğlu saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Ağcəbədi şəhərində anadan olmuş, ali təhsilli, fərdi qaydada həkim asissenti işləyən Ayxan biznesmen dayısı Xəyal Alıyevin dəvəti ilə Dubaya gedib.

Əvvəllər adı Xəyal Alıyev olan, hazırda adını və soyadını dəyişdirərək Camal Ağayev (soyad-şərti) edən biznesmen bacısı oğlu Ayxanın Dubaydan dincəlməsi üçün 1978-ci ildə Yevlax şəhərində anadan olmuş Həmidə adlı qadını da Dubaya dəvət edib.

20 oktyabr 2022-ci il tarixdə, saat 09:00 radələrində Ayxan Bakıdan Dubaya uçub. Dayısı əvvəlcədən otaq ayırtdığı otelin vizit kartının şəklini ona göndərib, o da həmin vizit kartı taksiyə göstərib və bu yolla otelə gedib. Oteldə dayısı yanında olan əvvəllər görmədiyi bir qadınla onu qarşılayıb, həmin qadınla tanış edib və adının Həmidə olduğunu deyib. Dayısı Həmidə üçün də həmin oteldə ayrıca nömrə ayırıb. Dayısından həmin qadının kim olmasını soruşanda geri qayıdanda həmin qadınla birlikdə qayıdacaqlarını bildirib. Bundan sonra dayısı Camal öz işlərinin arxasınca gedib.

Bir neçə gün sonra dayısı ina "40 ədəd mobil telefon var, onları Bakıya aparacaqsız” deyib. Necə olacağını soruşduqda Camal "şübhə çəkməsin deyə 2 nəfər aparsa yaxşıdır, hərəniz 20 ədəd telefonu çantanızda keçirə bilərsiz, Dubay gömrüyündə problem ola bilməz, sizi heç kəs yoxlamayacaq. Əsas Azərbaycan gömrüyüdür, oraya da çatanda bir-birinizdən ayrı gömrüyü keçin ki, bir yerdə gəlməyiniz şübhə yaratmasın, çalışın içərisində telefon olan çamadanı rentgen aparatına qoymadan keçirəsiniz, əgər məcbur qalsaz, deyərsiz ki, guya ki, telefonu bəyan etmək istəyirsiz", deyə cavab verib.

Bundan sonra dayısı ona 8 ədəd "İphone 14 Pro 128GB”, 8 ədəd "İphone 14 Pro 256GB" və 4 ədəd də "İphone 14 Pro Max 256GB” olmaqla 20 ədəd telefon verib, onları əl çantasının içərisinə qoyub. Eyni sayda telefonları Həmidə də çantasına qoyub.

Camal "gömrüyü keçməzdən əvvəl telefonları əl çantasından baqaja qoyarsız, çünki çamadan bunkerdən keçəndə artıq rentgen onu yoxladığı üçün gömrükçülər çamadanı yox, əl yükünü yoxlayırlar” deyib. Bundan sonra taksi çağırıb onları aeroporta yola salıb. Dayısının təlimatı əsasında əgər problemsiz olaraq gömrüyü keçsələr, onunla əlaqə saxlayacaq, o da telefonu kimə vermək lazım olduğunu deyəcəkdi.

Ayxan Həmidə ilə birlikdə İstanbul üzərindən tranzit olaraq Bakıya uçub. Ayxan bunkerdən gələn çamadanını götürüb tualetə gedib və orada əl çantasında olan 20 ədəd mobil telefonları çamadana yerləşdirib. Bundan sonra gömrük əməkdaşlarının xidmət apardığı xəttə yaxınlaşaraq əl yükünü "Qırmızı kanal”da olan rentgen qurğusuna qoyublar. İçərisində mobil telefonlar olan çamadanı isə əl arabasının üzərində yoxlamaya məruz qalmadan keçirmək istəyib. Keçib getmək istəyəndə gömrük əməkdaşının tələbi ilə içərisində telefon olan çamadanı rentgen qurğusuna qoymağa məcbur olub, həmin vaxt dayısının təlimatı əsasında gömrük əməkdaşına çamadanda bəyan olunası telefonları olduğunu, onları bəyan etmək istədiyini deyib. Bundan sonra yoxlama otağına aparılıb, orada hal şahidlərinin iştirakı ilə çamadanına baxış keçirilərək dayısının verdiyi 20 ədəd mobil telefon aşkar edilib götürülüb.

Bir müddət sonra Həmidənin də saxlanılaraq çamadanında olan mobil telefonların aşkar edilib götürüldüyünü bilib. Dayısının təklifini qəbul edərkən edəcəyi hərəkətin cinayət olduğunu bilməyib. Belə ki, dayısına güvənib və onun bacısoğlunu ziyanlı bir işə cəlb edə biləcəyini düşünməyib. Hadisədən sonra dayısı ilə münasibətləri pozulub. Törətdiyi əməldən peşman olduğunu buildirib və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ayxan və Həmidə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və onlar 5 il müddətə azadlıqdan məhrum edilib. Hər ikisinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.