“Evimiz, bağımız və mağazamız Bəylər Eyyubouvun göstərişi ilə əlimizdən alınıb” – PREZİDENTƏ ŞOK MÜRACİƏT
19-07-2023, 12:04
Bakı şəhər sakini Kəmalə Abdullayeva: “Ümumi dəyəri 1.833.000 manat olan əmlakları hansı dövlət məmuru Bəylər Eyyubovdan və yaxud onun adamlarından geri alıb, bizə qaytara bilər?!”
Bakı şəhər sakini, Nizami küçəsi, ev 53, mənzil 41-də yaşayan Abdullayeva Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına daxil olan bir neçə şikayət məktubunu dərc etmişik. Şikayətçi növbəti dəfə redaksiyamıza müraciət edərək, qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Həmin məktubu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Bir neçə müddətdir ki, ümumi dəyəri 1.833.000 manat (948.000 manat + 120.000 manat + 765.000 manat) olan, şəxsən mənim və ailəmin xüsusi mülkiyyətində olan əmlaklarımızın (evimizin, bağımızın və mağazamızın) Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun rəhbərliyi ilə, qohumları və himayədarlıq etdiyi şəxslər tərəfindən ələ keçrilmişdir.
Bu barədə, bir neçə ildir ki, bir çox dövlət qurumlarına və həmin qurumların rəhbərlərinə, o cümlədən də Ədliyyə naziri (bir müddət bundan əvvələ qədər Məhkəmə Hüquq Şurasının sədri olmuş) cənab Fikrət Məmmədova və tabeçiliyində olan bütün aidiyyəti qurumlara, Baş prokuror cənab Kamran Əliyevə və tabeçiliyində olan bütün aidiyyəti şəhər-rayon prokurorluq orqanlarına, İqtisadiyyat naziri Mikayıl Cabbarova və tabeçiliyində olan bütün aidiyyəti qurumlara tam, hərtərəfli, geniş məlumat vermişəm. Yəni əmlaklarımızın qanunsuz əlimizdən alındığını, onların geriyə özümüzə qaytarılmasını, müqəssir şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsini, bizlərə köməklik etmələrini yuxarıda adlarını qeyd etdiyim qurumların rəhbərlərindən dəfələrlə xahiş etmiş və imdad diləmişik. Sağ olsunlar, qanunamüvafiq tədbir görə və mənə köməklik göstərə bilməsələr də, dolayısıyla və yaxud da birbaşa bildirmişlər ki, bu işin arxasında Bəylər Eyyubov dayanmışdır.
Bu işin arxasında həqiqətən də Bəylər Eyyubovun durduğuna, əmlaklarımızın həqiqətən də onun adamları tərəfindən ələ keçirildiyinə tam əmin olmaq üçün həyat yoldaşım tərəfindən bir neçə dəfə, 2022-ci ildə şəxsən Bəylər Eyyubovun özünə, rəsmi müraciətlər olunmuşdur. Təəssüflər olsun ki, bu günə kimi heç bir cavab və əhəmiyyət belə verilməmişdir.
Bundan sonra, 29.03.2023-cü il tarixdə şəxsən öz adımdan Bəylər Eyyubova özüm teleqram vurmuşam.
25.03.2023-cü il tarixdə göndərdiyim həmin teleqramın mətnini olduğu kimi əlavə edirəm:
“Hörmətli Bəylər müəllim!
Qısaca olaraq diqqətinizə çatdırıram ki, bir tək yaşadığım evimiz mafioz məmurlar tərəfindən əlimizdən alınmış və düşünülmüş şəkildə Sizin adamlara ötürülmüşdür. Ona görə ki, gələcəkdə geriyə qaytara bilməyək.
Həqiqətən də bu gün, dolayısı ilə və yaxud da birbaşa bütün məmürlar təsdiq edirlər ki, bizim evimiz Sizin adamlardadır.
Bundan başqa, mağazamızı söküb, yerində yüksəkmərtəbəli bina tikən MTK-nın arxasında da Siz dayanmısınız. Ona görə də bu günə kimi MTK rəhbərliyi mağazamızin dəyərini ödəməkdən boyun qaçırır.
Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov hüquq müstəvisində evimizin qaytarılmasına nə qədər səy göstərsə də, köməklik edə bilmədi. Çünki Sizinlə üzləşmək - qabaqlaşmaq istəmədi.
Biləsiniz ki, mən, ailəm və uşaqlarım küçələrdə qalmışıq, kirayələrdə yaşayırıq.
Hörmətli Bəylər müəllim!
Sizlərdən xahiş edirəm ki, yuxarıda qeyd etdiyim faktları qəbul edib, mənim əmlaklarımın qaytarılmasına göstəriş verin. Əks təqdirdə məni qəbul edin və mənim əmlaklarımın Sizin adamlarda olmaması barədə mənə xəbərdarlıq edin(Qeyd: 28.08.2022-ci il tarixdə həyat yoldaşım, Sizə Ərizə ilə müraciət etmişdir və geniş məlumat vermişdir).
Qabaqcadan minnətdarlığımızı bildirirəm”.
Cənab Prezident!
Mənim ailəmə qarşı törədilmiş cinayətlərin və əmlaklarımın qanunsuz yolla mənimsənilməsinin qarşısında dövlət qurumları rəhbərlərinin aciz qalması, qanunvericilik daxilində heç bir tədbir görə bilməmələri və bu günə kimi Bəylər Eyyubov tərəfindən müraciətlərimizə, vurduğumuz TELEQRAM-a cavab verilməməsi, susqunluq nümayiş etdirilməsi bir daha təsdiq edir ki, mənə və ailəmə məxsus bir tək yaşayış evimiz, bağımız və mağazamıınz Bəylər Eyyubovun rəhbərliyi ilə, onun adamları tərəfindən ələ keçrilməsi həqiqətdir.
Hörmətli Prezident!
Bu günədək Bəylər Əyyubovun rəhbərliyi ilə, onun adamlarına ötürülmüş mənə və ailəmə-uşaqlarıma məxsus əmlaklar bunlardır:
1. Valideynlərim tərəfindən alınmış, mənə və nəvələrinə verilmiş, mənim xüsusi mülkiyyətimdə olan, Bakı şəhərinin “Tarqovı” adlanan ərazisində, Nizami küçəsi ev 53, mənzil 41 ünvanında, sahəsi 237 kv.m, minimum dəyəri 948.000 manat olan bir tək yaşayış evimiz;
2. Valideynlərim tərəfindən alınmış, mənə və nəvələrinə verilmiş, mənim xüsusi mülkiyyətimdə olan, Suraxanı rayonu, Hövsan Qəsəbəsində 6 sotun içində, minimum dəyəri 120.000 manat olan bağ evimiz;
3. Həyat yoldaşıma məxsus, Suraxanı rayonu, Yeni Günəşi qəsəbəsi, yaşayış massivində yerləşən, 154,37 kv.m sahəsi, minimum dəyəri 765.000 manat olan mağazamız. Hansı ki, bu mağaza Bəylər Eyyubovun himayədarlıq etdiyi MTK tərəfindən sökülmüş və yerində bina tikilmişdir. Bu günə kimi bir manat belə kompensasiya ödəməmişlər və heç ödəmək fikirləri də yoxdur.
Cənab Prezident!
Əmlaklarımızın qaytarılması ilə bağlı tərəfimizdən bütün dövlət dtrukturlarına, o cümlədən Suraxanı rayon Məhkəməsinə və sonuncu dəfə Bakı İnzibat Məhkəməsinə müraciət edilmişdir. Ancaq ümumi dəyəri 1.833.000 manat olan əmlakları, hansı dövlət qurumu, hansı dövlət məmuru, hansı məhkəmə, hansı hakim Bəylər Eyyubovun qorxusundan, ya Bəylər Eyyubovdan və yaxud da onun adamlarından geriyə alıb bizə qaytara bilər? Aydın məsələdir ki, bu gün nə elə bir məmur, nə elə bir nazir, nə də elə bir məhkəmə-hakim var!
Baki İnzibati Məhkəməsinin sədri Araz Hüseynovun nəzərinə... - Bakı İnzibati Məhkəməsinin məhkəmə zalı avtobusdakı basabası xatırladır... » Gundelik-Baku.Com
Ola bilsin ki, Sizə ünvanladığım bu müraciətdən sonra mənə, ailəmə və uşaqlarıma qarşı təxribat törədilsin. Onsuz da, bu kimi təxribatları qabaqcadan, gözümüzün qarşısına alıb Sizə müraciət edirik. Çünki çıxılmaz durumdayıq. Mən uşaqlarım və ailəm küçələrdə - kirayələrdə yaşayırıq.
Hörmətli Prezident!
Yuxarıda qeyd etdiklərimizi nəzərə alıb, ilk öncə mənim və ailəmin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, daha sonra bir tək yaşayış evimizin, bağımızın və mağazamızın Bəylər Eyyubouvdan və yaxud da onun adamlarından alınıb mənə və uşaqlarıma qaytarılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Qabaqcadan öz adımdan və ailəmizin adından Sizə minnətdarlığımızı bildiririk”.
Hazırladı: İ.SABİRQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.