SUMQAYITIN “SÖRVAYVER” HİSSƏLƏRİ-VİDEO

22-07-2023, 08:24           
SUMQAYITIN “SÖRVAYVER” HİSSƏLƏRİ-VİDEO
“Xaricdə velosiped zolağı çəkilir, bizdə heç normal PİYADA səkisi düzəltmirlər”

Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli və Babək küçələrinin kəsişməsində insanlar avtomobil yolu ilə hərəkət etməyə məcbur qalıblar. Çünki həmin ərazidə piyadaların rahat hərəkəti üçün səki yoxdur. Bu isə Sumqayıtda piyada və sürücülərin həyatını təhlükə altına alır. Sakinlərin sözlərinə görə əvvəllər sözügüdən yol geniş olub, lakin ticarət obyektləri tikiləndən sonra piyadaların rahat hərəkəti nəzərə alınmayıb. Sumqayıtda Üzeyir Hacıbəyli və Babək küçələrinin kəsişməsini ölüm yolu adlandıranlar da var. Şəhər sakinləri buna belə əsas gətirirlər ki, ərazidə piyada və sürücülərin çoxluğu avtoqəzalarla yanaşı piyada vurulmalarının da sayını artırır. Yaranan problemlə bağlı Sumqayıt Şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi EYVAZ QOCAYEV APA TV-yə bildirib ki, “son illər Sumqayıt şəhərində avtomobil yolları ilə yanaşı piyada səkilərinin də təmir olunması istiqamətində genişmiqyaslı işlər görülüb. Mərhələli şəkildə şəhər ərazisindəki bütün səkilərin təmir olunması, səki olmayan ərazilərdə də yeni səkilərin salınması nəzərdə tutulub. Qeyd olunan ərazidə də tədbirlər görüləcək”. Deməli səkisiz yollardan istifadə edənlərə inanmaq və gözləmək qalır ki, problemə nə vaxtsa əncam çəkiləcək. Biz isə mövzunu diqqətdə saxlayacağıq ki, yaranmış çətinlik həllini tapsın.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.