“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT: Tofiq Heydərov şirkətin təsisçisi ilə niyə hesablaşmır? – FOTOLAR

27-07-2023, 00:10           
“AAAF İnşaat”ın prezidentindən daha bir ŞİKAYƏT:
“AAAF İnşaat” MMC-nin təsisçisi şirkətin rəhbərini özbaşınalıqda suçlayır.

Yenicag.az-a “AAAF İnşaat” MMC-nin təsisçisi Mövləddin Ramazanovun Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə və Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığı şikayət məktubu daxil olub.

Mövləddin Ramazanovun məktubunda “AAAF-İNŞAAT”ın ərazisi olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan naməlum şəxs tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanıldığı, özbaşına hasarlanma işlərinin həyata keçirildiyi qeyd olunub.

“Mən bir təsisçi olaraq bu tikintidən, satılmış torpaq sahəsindən heç bir xəbərim yoxdur, ümumiyyətlə, “AAAF-İNŞAAT” MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərdə tutulmayıb. Buna kim icazə verir, kim nəzarət edir, bu, nə özbaşınalıqdır?”, – deyə o vurğulayıb.

Tofiq Heydərov

Ramazanovun yazdığına görə, ərazidə olan yaşayış binalarının sakinləri də haqqında danışılan qanunsuz hasarlama ilə bağlı kəskin narazılıqlarıni bildirərək, aidiyyatı qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ediblər.

Yeri gəlmişkən, “AAAF Park” Yaşayış Kompleksinin 7 mərtəbəli və 215 mənzilli 24-cü binasının sakinləri ərazidə piyada və avtomobil hərəkətini tamamilə məhdudlaşdıran qanunsuz tikintinin ləğv edilməyəcəyi halda, ərazidən keçən yolu bağlayacaqları və nəticə olmasa, daha radikal addımlar atacaqlarına dair xəbərdarlıq etsələr də, “AAAF-İNŞAAT”ın preezidenti Tofiq Heydərov nə onların şikayətinə, nə də xəbərdarlığına məhəl qoyur. Bu isə sakinləri daha da hiddətləndirir.

Sakinlər bildirirlər ki, binada yanğın baş versə, yaxud təcili tibbi yardıma ehtiyac yaransa, həmin xidmətlərin avtomobillərinin əraziyə daxil olması mümkün deyil. Bu isə sakinlərin həyatı və sağlamlığı üçün çox böyük riskdir. Ona görə də sakinlər son həftədə, demək olar ki, hər gün ərazidə bir araya gələrək qanunsuz tikintiyə etirazlarını bildirirlər. Sakinlərin qanunsuz tikinti barəsində dəqiq məlumatları olmasa da, bu işlərin Ceyhun Musayev adlı şəxs tərəfindən aparıldığını öyrənə biliblər.

Nə qədər təəccüblü olsa da, Abşeron Rayon İcra Hakimiyyətindən sakinlərin müraciətinə cavab olaraq ərazidə hər hansı tikintiyə icazə verilmədiyi bildirilsə də, sözügedən tikintinin qarşısının alınması üçün rayon rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Binanın qarşısından edilmiş çəkilişlərdən də göründüyü kimi, həmin tikinti nəinki ərazinin yolunu, həm də sakinlərin pəncərəsini və binaya giriş yollarını bağlayıb. Bəli, tikinti sahiblərinin girişlərdən birində quraşdırdığı avadanlığın səsindən Qarabağ qazisi olan sakinin ailəsinin rahatlığı tamamilə pozulub.

Sakinlərlə yanaşı, ərazidəki mikrotəbiət də qanunsuz tikintidən zərər çəkməkdədir. Binada yaşayanların əkdiyi və 10 il qulluq edərək min bir əziyyətlə böyütdükləri ağaclar da qanunsuz tikintinin güdazına gedir. Binanın həyətindəki ağaclardan artıq 3-ü kəsilib. Qanunsuz tikinti yay tətilinin dadını çıxarmalı olan uşaqların da istirahətini alt-üst edib. Onlar bu tikinti üzündən oynamağa yer tapmırlar.

“AAAF-İNŞAAT”ın təsisçisi bəhs edilən “hasarlama işi”nin Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli Fərmanının, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə tamamilə zidd olduğunu diqqətə çatdırıb.

Mövləddin Ramazanov məktubunda qeyd olunan məqamları əsas götürərək “AAAF-İNŞAAT” MMC-yə məxsus yaşayış kompleksinin layihə sənədlərində, ərazinin baş planında nəzərdə tutulmayan, qanunsuz, özbaşına aparılan tikinti işlərinin qarşısının alınmasını, həmin hallarla əlaqədar ətraflı araşdırma aparılmasını, ərazidəki qanunsuz tikinti işinə göz yuman və şərait yaradan şəxslərin hərəkətləri barəsində qanunamüvafiq qaydada ölçü götürülməsini və onların qanunsuz əməllərinə hüquqi qiymət verilməsini xahiş edib.

Mövləddin Ramazanovun məktubunda yer alan ittihamların ciddiliyini nəzərə alaraq “AAAF-İNŞAAT” MMC-nin mövqeyini öyrənmək üçün şirkətlə əlaqə yaratmağa yönəlik davamlı cəhdlərimiz nəticəsiz qaldı. “AAAF-İNŞAAT”ın rəsmi internet resurslarında qeyd edilən sabit telefon nömrələrinin operator bilgisinə əsasən, “işləmədiyi”, mobil nömrələrin isə “təyin edilmədiyi” üzə çıxdı.

Bununla belə, təmsilçilərinin müraciət edəcəyi təqdirdə, “AAAF-İNŞAAT” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.